42 illik mücadilənin uğurlu sonu
Türkiyənin terrorla mübarizəsi artıq 42 ildir davam edir. Türkiyə Cümhuriyyəti qurulandan bəri ölkə bir tərəfdən hərbi çevrilişlərə, digər tərəfdən isə PKK, FETÖ, DHKP-C və İŞİD kimi müxtəlif terror təşkilatlarının hücumlarına məruz qalmışdır.
Türkiyədə çevrilişlər təkcə demokratiya və insan haqlarını hədəfə almadı, qardaşı qardaşa qarşı qoydu. Bu, həm də Türkiyənin bölgədə siyasi və iqtisadi baxımdan xarici asılılığını artıran, milli təhlükəsizliyini və iqtisadi inkişafını hədəf alan təxribatlar idi.
Çevrilişlərlə Türkiyənin yolunu kəsə bilməyən xarici qüvvələr, təəssüf ki, məqsədlərinə əsasən qonşularımızın ərazilərində yaratdıqları muzdlu terror təşkilatları ilə çatmaq istədilər. Bir müddət Ermənistanın ASALA terror təşkilatı vasitəsilə xarici nümayəndəliklərimiz və diplomatlarımız hədəf alındı. Türkiyə ASALA-nı öz kəşfiyyat üsulları ilə zərərsizləşdirməyə nail oldu. Ardınca isə PKK terror təşkilatını qurdular.
Yuxarıda qeyd olunan terror təşkilatları 42 il ərzində həm dinc sakinləri, həm də təhlükəsizlik qüvvələrini təhdid edərək böyük acılara və itkilərə səbəb olublar.
Türkiyə bu illər ərzində 15 mini təhlükəsizlik qüvvələrinin nümayəndəsi olmaqla, təxminən 50 min insanını terrorla mübarizədə şəhid vermişdir. Bu mübarizə çərçivəsində aparılan hərbi xərclər 2 trilyon dollar kimi nəhəng rəqəmlərlə ifadə olunur. Bəzi mənbələr 42 illik terror xərclərinin ümumilikdə 3 trilyon dollara çatdığını bildirir.
Son 20 ildə Türkiyə terror bəlasından qurtulmaq üçün əməli baxımdan mühüm addımlar atmışdır. Sərhəddənkənar əməliyyatlar terror təşkilatlarının ölkədaxili fəaliyyətlərini məhdudlaşdırmaqda mühüm rol oynamışdır. Eyni zamanda, terrorun maliyyə mənbələrinin “qurudulması”, terror təşkilatlarına qoşulmaların qarşısının alınması və terror təbliğatı ilə mübarizə kimi sahələrdə də əhəmiyyətli işlər görülmüşdür.
Son illərdə Türkiyə təkcə terrorla mübarizə aparmamış, bir çox sahədə, bir sıra ölkələr ilə də mübarizə aparmaq məcburiyyətində qalmışdır. Xüsusilə Qərb dövlətlərinin Türkiyəyə tətbiq etdiyi silah embarqoları səbəbindən “pis qonşu kirayənişini ev sahibi edər” misalı gerçəyə çevrilmiş, Türkiyə sürətlə özünün milli hava, dəniz və quru hərbi texnikasını istehsal etməyə başlamış, müdafiə sənayesini gücləndirmiş və bu sahədə inkişafı davam etdirmişdir. Bu tarixi addımlarla xarici asılılıq əhəmiyyətli dərəcədə azalmış və bir çox sahələrdə yerli istehsal imkanları artmışdır.
Bu gün Türkiyə geniş spektrdə müdafiə məhsulları istehsal edən və bu məhsulları dünyanın bir çox ölkəsinə ixrac edən bir dövlətə çevrilmişdir. Məsələn, Türkiyə müdafiə sənayesində qazandığı uğuru can Azərbaycanın Qarabağ zəfərində də açıq şəkildə nümayiş etdirmişdir.
Terrordan azad Türkiyə prosesi necə başlandı?
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı uzun illərdir terrora qarşı sərt və güzəştsiz mövqeyi ilə tanınır. Son dövrdə Abdullah Öcalanın PKK-ya silaha son qoymaq çağırışı və təşkilatın bu istiqamətdə addımlar atması ilə eyni zamanda, Baxçalının bəyanatları da diqqətçəkən mahiyyət kəsb etdi.
Dövlət Baxçalının həmin çox müzakirə edilən və gündəmdə qalmaqda davam edən tarixi çıxışını “Terrordan azad Türkiyə”nin başlanğıc nöqtəsi kimi qiymətləndirmək olar. Əvvəlcə Baxçalının 15 oktyabr 2024-cü ildə partiya qrupunda səsləndirdiyi İmralı çağırışını xatırlayaq. Baxçalı Abdullah Öcalandan PKK-nın terror fəaliyyətlərinə qeyd-şərtsiz son qoymasını və təşkilatın buraxılmasını tələb edərək belə demişdir:
“Tutulub Türkiyəyə gətirilərkən “hər cür xidmətə hazıram” deyən terrorçu başçısı buyursun, terrorun bitdiyini, təşkilatının buraxıldığını birtərəfli qaydada elan etsin. İndi PKK-nın qarşısında 3 seçim var: birincisi, terror fəaliyyətlərini qeyd-şərtsiz dərhal dayandırmaq; ikincisi, silahları ilə birlikdə dağdan enərək Türkiyə Cümhuriyyəti dövlətinə təslim olmaq; üçüncüsü isə Türk ədalətinin verəcəyi hökmə razı olaraq cəzasını çəkmək.”
Dövlət Baxçalının çağırışına ilk dəstək bəyanatları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldi. Ölkə iki yerə bölündü: çağırışı dəstəkləyənlər və əleyhinə olanlar. Müzakirələr günlərlə davam etdi.
Baxçalının bu çağırışları DEM Partiyası heyətlərinin İmralıda Abdullah Öcalanla görüş təşəbbüsləri öncəsində və zamanı gündəmə bomba kimi düşdü. Xüsusilə, Öcalanın 27 fevral 2025-ci ildə DEM Partiyası heyəti vasitəsilə PKK-ya verdiyi “mən silahın yox, siyasət və ictimai sülhün gücünə inanıram və sizi də bu prinsipi həyata keçirməyə çağırıram” şəklindəki silah qoyma və özünü buraxma çağırışı, Baxçalının mövqeyinin nə qədər vacib olduğunu göstərdi.
MHP lideri Dövlət Baxçalı bu çağırışlarını “Terrordan azad Türkiyə” məqsədinə çatmaq üçün dövlət siyasəti kimi təqdim etdi və PKK-nın silahlı varlığının tamamilə bitməsinin zəruri olması fikrindən heç zaman geri çəkilmədi.
PKK-nın Türkiyə siyasətindəki uzantısı olan DEM Partiyasının bu prosesdəki rolu əsla kiçildilməməlidir. Qəndil, İmralı və Ankara arasında adətən diplomatik körpü funksiyası daşıyan DEM heyəti bu günə qədər tarixi prosesə ciddi töhfələr vermişdir. PKK isə 5–7 may tarixlərində keçirdiyi qurultayda özünü buraxmaq və silahları tərk etmək qərarı verərək faktiki olaraq Türkiyə dövlətinə təslim olmuşdur.
Nəhayət, 11 iyul 2025-ci ildə – yəni 42 ildən sonra – İraq Kürd Muxtar Vilayətinin Süleymaniyyə vilayətində, Dukan bölgəsində yerləşən Casena mağarasının (Qəndil) qarşısında özlərini “Sülh və Demokratik Cəmiyyət Qrupu” adlandıran 15-i qadın olmaqla 30 nəfərlik PKK üzvü terror yuvalarından çıxaraq silahlarını yandırdılar. Bu, simvolik mərasimlə silah qoyduqlarını bəyan etdilər. Bu yeni və pozitiv bir mərhələnini başlanğıcı oldu!
Türkiyə hökuməti bu tarixi prosesi ilin sonuna qədər bütün terrorçuların silahlarını təhvil verməsi ilə yekunlaşdırmaq niyyətindədir. Prezident Ərdoğan bu prosesi “Terrordan azad Türkiyə” hədəfi istiqamətində “tarixi bir müjdə” kimi qiymətləndirib və bu addımın Türkiyənin iqtisadiyyatına, ictimai barışına və regional sabitliyinə böyük töhfə verəcəyini bildirib.
Bəs PYD/YPG/SGD nə olacaq?
Bəli, artıq PKK məsələsi həll olunub, bəs Suriya ərazisində ABŞ və bəzi ölkələr tərəfindən qorunan PYD/YPG/SGD qüvvələri necə olacaq? Onlar da silahlarını yerə qoyub Suriya dövlətinə təslim olmadıqca, Türkiyə tam mənada terror təhlükəsindən azad olmayacaq.
Bu mərhələdə bizcə PKK-nın davamı olan SGD terror təşkilatına qarşı ABŞ-ın “biz sizə dövlət qurma vədi verməmişik, siz də PKK kimi silahlarınızı qoyun və rəsmi Dəməşqin rəhbərliyi ilə razılaşın” mövqeyi olduqca vacibdir.
“Terrordan azad Türkiyə!”. Bu, bölgədə siyasi və iqtisadi baxımdan ən güclü ölkə olan Türkiyə deməkdir! Bu, Türk dünyasının güclənməsi və inkişafı deməkdir!
Hazırda isə “Terrordan azad Türkiyə” istəyənlərlə buna qarşı çıxanların mübahisəsini müşahidə edirik. Türkiyənin düşmənləri, daxili və xarici xainlər, xüsusilə də Rəcəb Tayyib Ərdoğanı sevməyənlər, təəssüf ki, baş verən müsbət inkişaflardan ciddi şəkildə narahatdır və bu proses irəlilədikcə gecələri yata bilməyəcək qədər sarsıntı keçirirlər.
Bir millət – iki dövlət olaraq, Türkiyə terroru bitirməklə, Azərbaycan isə Ermənistana qarşı əldə etdiyi tarixi qələbə ilə çiyin-çiyinə, əl-ələ, könül-könülə siyasi və iqtisadi birlik və həmrəyliklərini ən yüksək səviyyədə qoruyub dünya coğrafiyasında lider dövlətlər olaraq yoluna davam edəcəklər.
Mövlüd YENİ,
Türkiyə Jurnalistlər Konfederasiyasının xarici əlaqələr üzrə baş əlaqələndiricisi