Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq edilən sanksiyaların növbəti – 18-ci paketini təsdiqləməyə hazırlaşır. Yeni məhdudiyyətlərin təsdiqi, bir sıra üzv dövlətlər, xüsusilə də Slovakiya ilə aparılan danışıqlar səbəbindən bir ayadək təxirə salınmışdı.
Slovakiya tərəfi Avropa Komissiyasının 2028-ci ilədək Rusiya qazından tam imtina olunması ilə bağlı planlarına qarşı çıxır və bu qərarın ölkə iqtisadiyyatına mümkün təsirləri ilə bağlı kompensasiya tələb edir. Slovakiyanın etirazları səbəbilə yekdil razılıq formatında təsdiq olunmalı olan sanksiya paketinin müzakirələri ləngidir.
Avropa Komissiyasının rəhbəri, xanım Ursula Fon der Lyayen yeni sanksiyalar paketinin təqdimatında bildirdi ki, Aİ-nin məqsədi Rusiyaya qarşı təzyiqləri gücləndirmək və atəşkəsə nail olmaqdır: “Biz Rusiyaya qarşı təzyiqləri artırırıq. Məqsədimiz aydındır: ən azı 30 günlük tam və qeyd-şərtsiz atəşkəsə çağırış edirik. Rusiya ciddi təkliflə danışıqlar masasına oturmalıdır. Əks təqdirdə, Aİ təzyiqləri davam etdirəcək”.
Yeni paket çərçivəsində Rusiyanın enerji sektoru, xüsusilə də neft və qaz ixracı, həmçinin maliyyə sektoru – o cümlədən SWIFT sistemindən daha çox bankın çıxarılması – hədəfə alınır. Eyni zamanda, üçüncü ölkələrin şirkət və banklarına qarşı da ikinci dərəcəli sanksiyalar nəzərdə tutulur. Bu tədbirlərin məqsədi Aİ sanksiyalarının üçüncü tərəflər vasitəsilə neytrallaşdırılmasının qarşısını almaqdır.
Bundan əlavə, Avropa İttifaqı Baltik dənizi dibi ilə keçən “Şimal axını” boru kəmərlərinin istifadəsinə tam qadağa qoymağa hazırlaşır. Yeni qərara əsasən, fəaliyyəti dayandırılmış, lakin texniki baxımdan istifadəyə yararlı olan bir xəttin də işə salınmasına icazə verilməyəcək.
Aİ daxilində hazırda Rusiya qazından mərhələli imtina planı müzakirə olunur. Avropa Komissiyası təklif edir ki, 2026-cı ildən qısa müddətli müqavilələr, 2027-ci ilin sonundan isə uzunmüddətli müqavilələr üzrə qaz idxalına xitam verilsin. Slovakiya və Macarıstan kimi üzv ölkələr bu qərara qarşı çıxır və alternativ təchizat imkanlarının məhdudluğunu əsas gətirirlər.
Plan hələ ki Aİ Şurası və Avropa Parlamenti tərəfindən müzakirə olunur. Bununla belə, Slovakiya tərəfi Aİ daxilində veto hüququndan istifadəyə üstünlük verdiyindən 18-ci sanksiya paketinin təsdiqinə mane olmağa çalışır.
Yeni paket çərçivəsində Rusiya neftinin qiymət tavanının 60 dollardan 45 dollara endirilməsi də nəzərdə tutulur. Bu tədbirin məqsədi Rusiya dövlətinin neft ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaqdır. Xatırladaq ki, Aİ və G7 ölkələri 2023-cü ilin fevralından etibarən Rusiya neftinin daşınmasına, sığortalanmasına və maliyyələşdirilməsinə yalnız müəyyən qiymət tavanı çərçivəsində icazə verirlər.
Avropa Komissiyasının rəhbəri qeyd edir ki, hazırda bu mexanizmin effektivliyi azdır və qiymət tavanının yenilənməsi bazardakı dəyişikliklərə uyğunlaşdırılmalıdır: “Rusiya hələ də neft ixracından ümumi gəlirlərinin üçdə birini əldə edir. Biz bu maliyyə mənbəyini məhdudlaşdırmalı və mövcud şəraitə uyğun tədbirlər görməliyik”.
Bununla belə, ABŞ administrasiyasının enerji qiymətlərinin artmaması məqsədilə neft embarqosunu sərtləşdirməyə tərəddüd etməsi Aİ-nin bu sahədəki təşəbbüslərinə bir qədər məhdud çərçivə yaradır. Prezident Donald Trampın mövqeyi qlobal enerji bazarında sabitliyin qorunması baxımından əhəmiyyətli sayılır.
Bir sözlə, yeni sanksiya paketi Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin daha da dərinləşdirilməsini nəzərdə tutsa da, Aİ daxilində fikir ayrılıqları və enerji asılılığı kontekstində bu qərarların həyata keçirilməsi mürəkkəb diplomatik balans tələb edir. Bununla belə, Aİ rəhbərliyi Rusiyanın hərbi fəaliyyətlərinə cavab olaraq vahid mövqedə qalmaqda israrlıdır və sanksiya mexanizmlərinin effektivliyini artırmağa çalışır.
Səbuhi MƏMMƏDOV
XQ