Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı “aşbaz” və “qənnadci,şirniyyatçı” ilk peşə hazırlıq kurslarında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “XIX əsr İrəvan mətbəxi” Qrant layihəsinin təqdimatının nəzəri hissəsi keçirildi. Təqdimatda çıxış edənlər, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunmuş “Qərbi Azərbaycanın şirin inciləri”, 2021-ci ildə Parisdə Dünyanın ən yaxşı kitabı adını almış və ingilis dilində nəşr edilmiş “İrəvan xanlığı bölgə mətbəxi” kitablarından danışdılar. AMKA-nın prezidenti Tahir Əmiraslanov çıxışında ölkə Prezidentinin rəhbərliyi ilə Qərbi Azərbaycana böyük qayıdışa hazırlıq getdiyini qeyd etdi və bildirdi ki, Qarabağa qayıdışda olduğu kimi bu qayıdışda da öz dədə-baba yurduna yalnız əhalimiz deyil, həm də mədəniyyətimiz və mədəniyyətimizi qoruyan, özündə əks etdirən milli mətbəximiz də qayıdacaq.
Başqa qonaqlar - “Qərbi Azərbaycanın şirin inciləri” kitabının əsas mənbələrindən olan Elmira Hüseynova və qənnadçı-şirniyyatçı kursun müəllimi Leyla Rəhimli öz ürək sözlərini bildirərək, Qərbi Azərbaycan mətbəxinin əsas xüsusiyyətlərindən söz açdılar.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Prezident Administrasiyasına bu işə göstərdikləri diqqətə və AMKA-ya göstərdikləri yüksək etimada görə təşəkkür bildirildi.
Əliyev Oruc kitabın müəlliflərdən biri, aşpaz: Mən İrəvanın Zəngibasar bölgəsində doğulmuşam. Bu sahədə 50 ildən çoxdur işləmişəm. Tahir müəllimlə 35 ildir bir yerdəyik. Onunla bir yerdə bu kitabı ərsəyə gətirdik. Mənim də çoxdankı arzum idi ki, İrəvan mətbəxinin yemək, şirniyyat və s. Reseptlərini bir yerə toplayaq. Mənə də belə bir təklif gəldi. Çox şad oldum. Tahir müəllim İrəvan bölgəsindən olan 1500 insandan reseptləri qötürmüşdü və tarixi mənbələrdəki xörəkləri toplamışdı. Öz bildiyimiz reseptləri də əlavə etdik. 2020-ci ildə isə İrəvan mətbəxinə aid ilk kitab işıq üzü gördü. Pandemiya dövrünə təsadüf etdiyi üçün kitabın təqdimatını keçirə bilmədik. Amma Tahir müəllim özü kitabı Nobel mükafatı ev muzeyinə yerləşdirə bildi və öz gücünə Fransada dünyanın bir nömrəli kitabı elədi ,Sonra, ikinci kitab nəşr olundu, ingilis dilində. İngilis dilində kitabı Rəşid Hüseynov öz təşəbbüsü ilə şəxsi vəsaiti hesabına tərcümə və çap etdirdi . Sosial Araşdırmalar Mərkəzində kitabın geniş təqdimatı oldu.
Qeyd edək ki, iyulun 17-də müdavimlər layihənin təcrübə hissəsində iştirak edəcəklər və onlara sertifikatlar təqdim olunacaq.
Fidan SALMANOVA
XQ