“Vaqif Poeziya Günləri” Gəncədə davam edib

post-img

İyulun 15-də “Vaqif Poeziya Günləri” öz poetik yolunu qədim Gəncə şəhərində davam etdirib. Qazaxdan başlanan poeziya marafonu Gəncənin zəngin mədəni mühitində yeni nəfəs aldı və söz sevərləri bir araya gətirib.

Günün ilk yarısında şəhərin ədəbiyyat həvəskarları üçün Mir Cəlal Paşayevin Ev Muzeyində “Poeziya saatı” təşkil olunub. Tədbirdə tanınmış yazıçı və şairlər çıxış edərək poeziyanın insan ruhuna toxunan sehrindən söz açıblar. İştirakçılar poeziyanın yalnız yazılı misralardan ibarət deyil, zaman və məkan arasında körpü salan mənəvi dəyər olduğunu bir daha hiss ediblər.

Günün ikinci yarısında isə Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı poeziya bayramına xüsusi rəng qatdı, musiqi və söz harmoniyasını bir araya gətirib.

“Vaqif Poeziya Günləri” Gəncədə bir daha sübut edib ki, poeziya insan ruhunun ən saf və dərin ifadəsidir. Tədbir Gəncənin mədəni həyatında poeziyanın tutduğu əhəmiyyətli yeri bir daha vurğulayıb.









Mədəniyyət