Milli media və teleməkanda müasir çağırışlar

post-img

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin “Əkinçi”ni yaratdığı 22 iyul 1875-ci ildən 150 il keçir. Həmin tarix müstəqillik illərində, haqlı olaraq, milli mətbuat günü kimi qeyd edilir.

“Əkinçi”dən sonrakı illərdə fasilələrlə başqa dövri nəşrlər də fəaliyyət göstərib. XX əsrin əvvəllərində və sovet dövründə çap mediası inkişaf edərək yüksək peşəkarlıq səviyyəsi qazanıb.1926-cı ildən efir jurnalistikası adlanan radioyayım ölkəmizdə də fəaliyyətə başlayıb. 1956-cı ildə Azərbaycanda teleyayıma da start verilib. İnternet yayım texnologiyası kütləviləşəndən sonra isə ölkəmizdə onlayn jurnalistika da sürətlə inkişaf edir.Göründüyü kimi, “Əkinçi” ilə başlayan milli mətbuatımız sonradan radio, televiziya və hələlik internet platformalarında vətəndaş jurnalistikasına qədər yol keçib.

Radio ötürülməsinə əsaslanan, lent yazısı texnologiyası, fotoelektrik çevrilmə və tranzistor texnologiyası, rəngli şəkil texnologiyası, peyk texnologiyası və rəqəmsal texnologiya kimi ən yaxşı müasir texnologiyaları mənimsəyərək inkişaf edən televiziya, sözsuz ki, bu gün də inkişaf yolundadır. Qloballaşmanın ən dərin təzahürü KİV şəbəkələri kontekstində fərdlər və bütövlükdə dünya, xalqlar və ölkələr arasında sıx münasibətlərin formalaşmasıdır. İnternet resurslarının sürətlə həyatımıza daxil olmasına baxmayaraq, müasir televiziya zəmanəmizin ən qabaqcıl kütləvi informasiya-mədəniyyət vasitəsinə çevrilmiş və bu istiqamətdə işini davam etdirir.

Müasir televiziya mediası hələ də zəngin, çoxşaxəli və çoxölçülü kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər daşıyıcılarının ən mühüm komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində ən etibarlı informasiya daşıyıcısı, həmçinin sosial durumun barometri kimi qəbul edilir.

Bu yazıda müasir mühitdə TV-nin nə dərəcədə aktual olduğunu araşdırmamıza başlamazdan əvvəl onu xatırladaq ki, sürətlə dəyişən media mənzərəsində Azərbaycan telekanalları rəqəmsal mühitə assimilyasiya olunur. Bu isə o deməkdir ki, yayım proqramlarının xətti proqramlaşdırılması “yaxın zamanlarda olduğu kimi”, bir o qədər də aktual görünmür. O faktı isə hər bir televiziya meneceri etiraf etməyə borcludur ki, informasiya istehlakçısının maraq dairəsini nə qədər öyrənə biliblər? Mübahisəsiz qəbul edilən həqiqətlərdəndir ki, günümüzün statistik internet istifadəçisi sutka ərzində saysız-hesabsız videolara baxır.

Onu qeyd edək ki, AzTV-nin proqram siyasəti diqqət və anlayış tələb edən sosial-siyasi əhəmiyyətli hadisələrin diqtəsi ilə formalaşır. Həmin məqsədə çatmaq üçün televiziyanın texniki və funksional təkamülünü izləməklə sosial şəbəkələrdə televiziya mediasının yaranmasına nəyin səbəb olduğunu və inkişaf tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq və əsas fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq etmək, mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını metodiki olaraq həyata keçirmək qaçılmazdır.

Sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geriqalma riski barədə fikirləşirlər. Nəticədə neçə illərdir qaçılmaz yeniliklərlə “əbədi funksionallıq qaynağı” olan klassiklər arasında müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı “Nə etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm də müasir televiziya kanallarında çalışan praktiklər arasında mübahisə və müzakirələrə səbəb olan bu sualın hər iki tərəfdən eşidilən cavabları nə qədər arqumentli səslənsə də, yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq görünür.

Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun bariz ifadəsinin necə baş verdiyini 2026-cı ildə yetmiş yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Televiziyasının nümunəsində müşahidə edilir.

“Böyük dövlət xadimlərinin fəaliyyət izi hər bir xalqın həyatının bütün sahələrində özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd etmək yerinə düşər ki, Ana televiziyamızın inkişafında yaddaqalan hadisələr ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. O vaxtkı Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan xalqını keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli-mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva qurmasında başlıca missiyanı yerinə yetirirdi.

Azərbaycan Televiziya və Radiosu keçdiyi yolda qazanılan zəngin təcrübəsi ilə yaratdığı, milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AzTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir.

Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il fevral ayının 1-də yaradılan “İdman”, 2011-ci il fevral ayının 14-də təsis olunan “Mədəniyyət” telekanallarının fəaliyyətinin, xüsusilə, son illərdə Azərbaycan Televiziyasında aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar nəinki tamaşaçıların maraqla qarşıladıqları, həmçinin etimad göstərdiyi verilişlərə çevrilib.

1926-cı ildə yaradılan, Şərqin ilk radiosu olan Azərbaycan Radiosu və 1941-ci ildə yaranaraq məhsuldar yaradıcılıq yolu keçən Beynəlxalq Radio fasiləsiz yayım rejimində işləməklə bərabər, “YouTube” üzərindən də canlı yayımlanmaqdadır. Bu sırada İctimai-siyasi proqramlar studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə” ölkədə baş verən diqqətçəkən məsələlər üzərində qurulan və aparıcıların qonaqlarla birlikdə baş verən hadisəni canlı olaraq müzakirə olunduğu “Hədəf” və digərləri ancaq informativ deyil, həm də maarifçilik yükü olan proqramlardandır.

Təkcə televiziya tamaşasının yayım kanalı deyil, həm də istehlakçının bu məzmunla münasibətinin forması dəyişir. Əslində telekanalların yeni yayım paradiqması formalaşır. İnternet yayımı meydana çıxır, yəni televiziya məzmununun yeni kommunikasiya prinsipləri əsasında internetdə onlayn çatdırılması prosesinin iştirakçısına çevrilirik. Azərbaycan telekanallarının internet yayımının eksperimental mərhələdən keçməklə çox vacib kütləvi informasiya vasitələri seqmenti kimi meydana çıxması buna görədir ki, adi qarşılanır.

Eyni zamanda, hər bir telekanal internet yayımının həyata keçirilməsinin xüsusi səbəblərini görməklə yanaşı, onun inkişafı üçün bir çox motivlər yaradır və bu missiyanı Azərbaycan Televiziyası uğurla aparır. Güman etmək lazımdır ki, yaxın gələcəkdə genişzolaqlı internet texnologiyalarının inkişafı qlobal şəbəkənin yayım keyfiyyəti ilə alternativ kanallar arasındakı sərhədləri siləcək. Bu, şübhəsiz ki, televiziya yayımının yeni inkişaf səviyyəsinə gətirib çıxaracaq və ona yeni perspektivlər verəcəkdir.

Son olaraq qeyd edək ki, nə cür olmasından asılı olmayaraq, televiziyanın sosial şəbəkə seqmentlərində yeri və aktuallığı günümüzün əsas çağırışına çevrilib. Hər bir televiziya üçün sosial dünyanın inkişafı ilə bağlı vəziyyəti düzgün qiymətləndirməmək, sosial şəbəkə platformalarının müasir insanın həyatındakı rolunu qəbul etməmək, sadəcə olaraq, mövcud olmaq perspektivivini itirəcək qədər riskli davranışdır və AzTV öz fəaliyyətini bu gerçəkliyin diqtəsi əsasında qurur.

Elməddin QULİYEV,
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin şöbə rəisi

Sosial həyat