Vaqif Poeziya Günləri Gəncədə

post-img

Xəbər verdiyimiz kimi, Qazaxdan sonra Vaqif Poeziya Günləri şairlər-şairi, dahi Nizaminin vətəni Gəncədə davam etdirilib.

Mir Cəlal Paşayevin ev-muzeyində təşkil olunan tədbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradıcılıq məsələləri üzrə katibi şair, yazıçı – kinodramaturq İlqar Fəhmi açdı. O AYB sədri, Xalq yazıçısı Anarın salamlarını çatdıraraq dedi ki, Vaqif Poeziya Günlərinin qədim Gəncədə böyük coşqu ilə davam etdirilməsi bir daha şeirə, sözə, sənətə verilən dəyərin ölçüsüdür. İndi xalqımız Vaqif Poeziya günlərini daha böyük qürurla keçirir. Əzəli torpaqlarımız işğalçılardan təmizləndikdən sonra şanlı ənənəsi olan Vaqif poeziya bayramı da, nəhayət, bərpa edilib.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova qeyd etdi ki, Vaqif Poeziya günlərinin bir ünvanının da Gəncə olması bizi hədsiz sevindirir. Gəncənin tarixən poeziya ocağı olmasının sübuta ehtiyacı yoxdur. Tək Nizami Gəncəvi yetər ki, deyək: “Gəncə şairlər vətənidir!” Vaqif Poeziya Günlərinin bərpa olunması, ənənənin davam etdirilməsi bizim Şuşa nisgilimizə son qoymağımızın bir növ poetik ifadəsidir.

Sonra Gəncədə yaşayan yazıçı və şairlərə, alimlərə, ziyalılara söz verildi. “Gəncənin səsi” qəzetinin redaktoru, yazıçı-jurnalist Rəfiqə Sadıqova, yazıçı-dramaturq, jurnalist Nüşabə Məmmədova, ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, şair Sahib İbrahimli, Aləmzər Əlizadə, Vüsal Hicran, İqbal İsmayılov, Cavanşir Atəşi, Almaz Yusifli, Zahid Şirani, Salman Balakişiyev, Mələk İsmayıl, AMEA Gəncə bölməsinin sədr müavini Əlimuxtar Muxtarov və başqaları çıxış etdilər, şeirlər söylədilər.

İlqar Fəhmi tədbirə yekun vuraraq bildirdi ki, hər bir çıxış Vaqif poeziyasına vurğunluqdan xəbər verdi, Şuşamızın dağ havasını bu yerlərə gətirdi, hamımızda böyük bir bayram əhval-ruhiyyəsi yaratdı.

Tədbirdən sonra iştirakçıların təəssüratlarını öyrəndik.

Rəfiqə Sadıqova:

– Ulu öndərin Şuşada, o lopa-lopa qar yağan gündə iştirakı, çıxışı yadıma düşdü. İndi Qazaxda, Gəncədə, Ağdamda, Şuşada keçirilən belə tədbirlər həm bizi kövrəldir, həm də qəlbimizi dağa döndərir.

Sahib İbrahimli:

– Tədbirin gedişi zamanı gözlərim istər-istəməz digər iştirakçıların gözləri ilə qarşılaşırdı. İnanırsınızmı, əksəriyyətinin gözlərində sevinc hissinə qarışıq bir yaş görürdüm. Təkcə ona görə yox ki, şeirlərdə, çıxışlarda bir iftixar vardı, həm də Vaqif poeziyasının işığında Şuşa, bütöv Qarabağ, Heydər Əliyev, İlham Əliyev görünürdü...

Tədbir axşamçağı Gəncə Dövlət Filarmoniyasında geniş konsert proqramı ilə başa çatdı.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə



Mədəniyyət