Baş Prokurorluqda
İyulun 15-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraqın Ali Federal Məhkəməsinin sədri Munder İbrahim Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror İraqla mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək, müasir dövrdə prokurorluğun cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizədə rolunu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkələrarası təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Munder İbrahim Hüseyn hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı və səmərəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Ali Məhkəmədə
İyulun 15-də Azərbaycanın Ali Məhkəməsində İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ali Məhkəmənin sədri İnam Kərimov İraqla Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Görüş zamanı ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarından istifadə genişlənir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı şəkildə yenilənir.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Munther İbrahim Hüsseyn iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan məhkəmə sistemində aparılan islahatları və əldə edilən nailiyyətləri yüksək qiymətləndirib, bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını bildirib.
XQ