İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şamaxının inkişafına xüsusi diqqət göstərildiyini bildirib. O, vurğulayıb ki, Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada mehriban yaşayır, tolerant cəmiyyət qurulub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən institusional islahatlar mühüm əhəmiyyət daşıyır. Komitə sədri qeyd edib ki, müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Bu gün din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur. Dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, bəzi dövlətlərin əlində ideoloji silaha çevrilərək müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə olunur.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında medianın və dini qurumların qarşılıqlı etimad əsasında əməkdaşlıq etməsinin vacibliyini vurğulayaraq, belə tədbirlərin ictimai dialoqun inkişafına və cəmiyyətdə dini tolerantlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, Azərbaycan mediası son 150 ildə cəmiyyətin maarifləndirilməsində mühüm rol oynayıb. O, 44 günlük Vətən müharibəsində medianın qəhrəmanlığını və dezinformasiyalara qarşı mübarizəsini xüsusi vurğulayıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev çıxışında bildirib ki dini etiqad azadlığı sahəsində yayılan məlumatlar bəzən yanlış, təhrif edilmiş və ya məqsədli surətdə yönləndirilmiş ola bilər. Bu isə cəmiyyətin dini dəyərlər sisteminə, gənclərin inanc dünyasına təsirsiz ötüşmür. Buna görə də müasir informasiya məkanında dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması informasiya qurumlarının əsas vəzifələrindən biridir.
Sonra konfrans işini “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” və “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” panel sessiyaları ilə davam etdirib.