İdmanda meydan güclülərindir

post-img

Güc və birliyin rəmzi olan idman sağlam düşüncəli insanların mübarizəsi üçün geniş imkanlar açır. İdman prinsiplərindən ən əsası isə ədalətli mübarizədir ki, bu qələbədən az önəm daşımır. Bunu beynəlxalq arenalarda Azərbaycan təmsilçiləri dəfələrlə nümayiş etdirmişlər. İdmançılarımız hətta torpaqlarımızı uzun müddət işğal altında saxlayan, xalqımıza qarşı soyqırımları törədən, zaman-zaman bizi müharibəyə sürükləyən erməni rəqiblərinə qarşı mübarizədə də ədalətli davranırlar. 

Bugünlərdə Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open” beynəlxalq karate turnirində komandamız yenidən erməni təxribatı ilə üz-üzə qaldı. Azərbaycan təmsilçisi Alika Semixovanın aşkar üstünlüklə (2:0) əldə etdiyi qələbəni həzm edə bilməyən erməni rəqibi idmançımıza yaxınlaşaraq onun üzünə zərbə endirdi. Bu, Yaponiyadan gələn Dünya Şotokan Karate Federasiyasının prezidenti Hitoşi Kasuya Senseyin gözləri önündə baş verdi. İdmançımız erməni təxribatına uymayaraq yenə pley-off ənənələrinə sadiq qaldı, idmanın nəcib məqsədlərini və prinsiplərini hər şeydən üstün tutdu. Bu ləyaqətli davranış həmin kadrları izləyən milyonlarla izləyicidə erməni idmançıya qarşı ikrah, həmvətənimizə qarşı isə rəğbət doğurdu. 

İyulun  5-də “Batumi Open” beynəlxalq karate turnirindən Vətənə qayıdan təmsilçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, yaxınları və dostları ikiqat qaliblər kimi qarşıladılar.  Komandamızın turnirdə ölkəmizi layiqincə təmsil etməsi, həm də yarışlarda idman prinsiplərini, xalqımızın milli kimliyini, əxlaqi keyfiyyətlərini hər şeydən üstün tutması alqışlandı. 

Alika Semixova jurnalistlərə açıqlamasında erməni rəqibin təxribatına baxmayaraq Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətini göstərdiyini bildirdi. O, ardıcıl 3 qələbədən sonra finalda erməni rəqibi ilə üzləşməsinin ona heç bir çətinlik yaratmadığını dedi: 

– Komandamız yarışa həm fiziki, həm də psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdı. Erməni oyunçunu aşkar üstünlüklə məğlub etdikdən sonra o, gözlənilmədən idman qaydalarına uyğun olmayan vəhşilik etdi. Meydanda gücünü göstərə bilməyən idmançının belə ucuz təxribata əl atması, onun acizliyini ­göstərir. 

Azərbaycan komandasının digər üzvü, karateçi Zəki Cəfərzadə də idman prinsiplərini yalnız öz gücünə əmin olmayanların pozduqlarını söylədi: 

– Biz yarışa yaxşı hazırlaşmışdıq. Əsas hədəf meydanda qələbə qazanıb Azərbaycan bayrağını yüksəltmək, Dövlət Himnimizi səsləndirmək idi. Onu da bilirdik ki, erməni idmançılar yarışda iştirak edəcəklər. Yarış boyu çalışdıq ki, onlarla heç bir problem yaranmasın. Erməni oyunçularının bayrağımızın üzərinə düşməncəsinə Ermənistanın bayrağını qoymaları diqqətimi çəkdi. İradımı bildirdim. Bir azərbaycanlı vətəndaş kimi bayrağımıza qarşı edilən hörmətsizliyi cavabsız qoya bilməzdim. 

Azərbaycan Karate Do Federasiyasının prezidenti Arif Məmmədov 10 ölkənin iştirakı ilə keçirilən yarışda Ermənistanın geniş heyətlə təmsil olunduğunu bildirdi: “İdmançılarımızı təlimatlandırmışdıq ki, ermənilər təxribat törətməyə çalışsalar da, onlara əhəmiyyət vermək lazım deyil. Erməni idmançıları komandamıza qarşı qeyri-­etik davrandılar. İdmançılarımız nəinki onların təxribatına uymadılar, qalib ölkəni, müzəffər xalqı layiqincə təmsil etmək üçün potensiallarından maksimum istifadə etdilər”. 

Millinin baş məşqçisi İbrahim Heydərov komandamızın turnirdə yüksək səviyyədə çıxış edərək ümumi hesabda birinci olduğunu dedi: “Bu nəticəni qazanmaq üçün bir sıra təlim-məşq toplanışlarında iştirak etmişdik. Komandamızda güclü idmançılar yer almışdı. Buna görə yığmamızdan yüksək nəticə gösləyirdik”.

Baş məşqçi Batumidə keçirilən turnirin idmançılar üçün bir növ yoxlama xarakteri daşıdığını da vurğuladı: “Qarşıda idmançılarımızı ciddi sınaq gözləyir. Dünya çempionatında qələbə əldə etmək üçün bütün gücümüzü sərf etməliyik. “Batumi Open”də idmançılarımızı bir daha yoxladıq”. 

Əzmkar mübarizəsi ilə həmişə fərqlənən Azərbaycan komandası beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etmək üçün gücünü artırdıqca, idmançılarımızın qüvvəsi qarşısında duruş gətirə bilməyən erməni idmançı və azarkeşlərinin düşmən təxribatları çoxalır. Bu ilin aprelində Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının rəsmi şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılması, bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, eyni zamanda həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi Ermənistanda xalqımıza qarşı aşkar nifrət mühitinin hökm sürdüyünü sübut edir. 

Xatırlayırıq ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən ən çirkin əməllərə əl ataraq dinc insanlara qarşı kütləvi terror əməlləri törətdi. Etnik nifrətin, rasizmin, ksenofobiyanın hökm sürdüyü bir ölkənin təmsilçilərindən sivil davranış, ədalətli mübarizə gözləmək olmaz. Bu gün bütün dünya qalib xalqımızın böyüklüyünü görür, ədalətin qorunmasında ölkəmizin nümunəsini təqdir edir. Azərbaycanı təmsil edən idmançılarımız da öz mübarizələrində xalqımıza xas olan bu ləyaqəti bir daha dünyaya nümayiş etdirirlər. 

Leyla QURBANOVA, 
“Xalq qəzeti”

 



İdman