İstehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib

post-img

AMEA Naxçıvan Bölməsində istehsalat təcrübəsi keçən tarix ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil olunub. Bu haqda “Xalq” qəzetinə Bölmənin mətbuat xidmətindən məılumat verilib.

Görüşdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Bölmənin yaranma tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında elmi tədqiqatları gücləndirmək və elmi potensialı birləşdirmək məqsədilə AMEA Naxçıvan Bölməsi yaradılıb. 

Akademik İsmayıl Hacıyev çıxışında Bölmədə həyata keçirilən elmi-tədqiqat işlərindən, əldə olunan nəticələrdən və müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalardan bəhs edib. Vurğulanıb ki, AMEA Naxçıvan Bölməsində Naxçıvanın tarixi, mədəniyyəti, etnoqrafiyası və zəngin irsi sistemli şəkildə öyrənilir.

Görüş zamanı Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, eləcə də Əlyazmalar Fondu haqqında ümumi məlumat verilib. Xüsusilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun fəaliyyəti, elmi tədqiqat istiqamətləri və şöbələri barədə ətraflı danışılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulanıb.

Səbuhi HƏSƏNOV
XQ





Elm