VI YAZI
Hindistanda Şah I İsmayılın soyundan olan Səfəvi şahzadəsi Dilras Banu Bəyimin həyatı, fəaliyyəti, o dövrün hadisələri ilə bağlı elmi və bədii əsərlər, şeirlər yazılıb, filmlər çəkilib.
Hindistan yazıçıları, şairləri və ssenariçilərinin maraq göstərdikləri Şahzadə Dilras Banu Bəyim Qucaratın naibi, Səfəvi şahzadəsi Bədiüzzaman Mirzə Səfəvinin (Şahnəvaz xan) qızı, Şahzadə Muhiddinin (Gələcəkdə Sultan Övrəngzib (Aləmgir) əsas xanımı, Sultan Şahcahanın və Ərcümənd Banu Bəyimin (Mümtaz Mahal) gəlini, imperatriçə...
Səfəvi şahzadəsi Bədiüzzaman Mirzə Səfəvi bu sülalədən ilk şah olan Şah I İsmayılın soyundandır.
Dilras Banu Bəyim hind yazıçısı Ruçir Quptanın 2014-cü ildə çap edilən “Taxtın sevgilisi” tarixi romanının baş qəhrəmanıdır, 2016-cı ildə N.S. İnamdar və Vikrant Pande tərəfindən yazılan “Şahənşah: Övrəngzibin həyatı” romanının əsas qəhrəmanıdır.
Dilras Banu Bəyim 2018-ci ildə Medha Deşmukh Bhaskaran tərəfindən qələmə alınan “Sərhədlər: Övrəngzib və Şivaci arasında amansız döyüş” romanının əsas qəhrəmanlarından biridir. 2020-ci ildə hind rejissoru Karan Coharın çəkdiyi “Taxt” epik filmində Dilras Banu Bəyim obrazını Alia Bhatt canlandırıb.
Səfəvi şahzadəsi Dilras Banu Bəyim 1622-ci il oktyabrın 8-də Aqra şəhərində Səfəvi şahzadəsi Bədiüzzaman Mirzə Səfəvinin ailəsində anadan olub. Böyük Moğol (Baburi) şahzadəsi Muhiddinin (Övrəngzib) Dilras Banu Bəyimlə nişanlanması 1637-ci ilin fevral ayında Aqra şəhərində baş turub. Sultan Şahcahanın arzusu ilə oğlu Şahzadə Muhiddin bu təklifi qəbul edib, Dilras Banu Bəyimin və atasının da razılığı alındıqdan sonra gənclərin nişan mərasimi keçirilib.
Dilras Banu Bəyimin anası Nauras Banu Bəyim Mirzə Məhəmməd Şərif adlı hörmətli bir kişinin qızı, atası isə İmperator Cahangirin hakimiyyəti dövründə şöhrət qazanmış Mirzə Rüstəm Səfəvinin oğlu idi. 1638-ci ildə Dilrasın kiçik bacısı Səkinə Banu Bəyim Sultan Övrəngzibin kiçik qardaşı Şahzadə Murad Bəxşlə evlənib. Bədiüzzaman Mirzə Səfəvinin (Şahnavaz xan) qardaşı qızı Övrəngzibin böyük qardaşı Şahzadə Şah Şuca ilə ailə qurmuşdu. Bu evliliklər imperator ailəsi ilə Şahnəvaz xanın ailəsi, ümumilikdə isə Moğollarla Səfəvilər sülaləsi arasındakı əlaqələrin daha da güclənməsinə səbəb olmuşdu.
Toya hazırlıq başlanır
1637-ci il mayın 8-də Şahzadə Muhiddinlə Dilras Banu Bəyimin təntənəli toy məclisi Bədiüzzaman Mirzə Səfəvinin malikanəsində keçirilir. İmperatorun saray münəccimlərinin qərarına əsasən gənclərin nikah mərasimi sübhdən dörd saat əvvəl təmtəraqlı və möhtəşəm şənliklə başlanır. Sultan Şahcahanın və Mümtaz Mahalın, əyanların, əmirlərin və fəxri qonaqların iştirakı ilə gənclərin nigahı kəsilir. Mənbələrdə bildirilir ki, nigahın mehri kimi 400 min rupi müəyyən olunub.
Toyun əzəməti salnaməçi Xafi Xan tərəfindən belə təsvir edilib:
“Atəşfəşanlıq yer üzünü başqa bir səmaya çevirdi və müğənnilərin,
rəqqasların cazibəsi hətta Veneranın paxıllığına səbəb ola bilərdi”.
Toy mərasimindən sonra vəlimə adlanan mərasim isə Şahzadə Muhiddinin atası Sultan Şahcahanın sarayında keçirilib. Mayın 14-də baş tutan bu mərasimdə Sultan Şahcahan öz əmirlərinə, əyanlara və digər qonaqlara hədiyyələr paylayıb.
Gənclər İmperator ilə birlikdə üç ay Aqra şəhərində qalır, cütlük 1637-ci il sentyabrın 4-də Şahzadə Muhiddinin canişin kimi xidmət etdiyi Dekana gedirlər. 1638-ci il fevralın 15-də Dövlətabadda cütlüyün ilk övladı-gələcəkdə istedadlı şair kimi tanınan Zebun Nisə dünyaya gəlib. Zebun Nisə atası Şahzadə Muhiddinin ən sevimli qızı olub. Bundan sonra onların daha dörd övladı dünyaya gəlib.
Dilras Banu Bəyim Şahzadə Muhiddinin birinci arvadı olduğundan onun üzərində təsir qüvvəsi var idi, əri tərəfindən Padşah Bəyim titulu da almışdı və birinci arvad kimi hərəmxananı idarə edirdi.
Diras Banu Bəyim sarayda sünni və şiə üləmanın iştirakı ilə müxtəlif görüşlər keçirib və bu məclislərə qızı Şahzadə Zebun Nisə də qatılıb. Övrəngzib imperator olduqdan sonra qızına belə məclislərdə iştirak etməməyi tapşırıb.
Tarixçi Maqan Lala görə, Zebun Nisə Bəyim atasının bu tapşırığına əməl edib. Ümumilikdə Səfəvi şiələri Övrəngzibin hakimiyyəti illərində güclənib, hətta Səfəvilərin Moğollara təsiri bundan əvvəl indi olduğu qədər güclü olmayıb. Səfəvilərdən çoxlu qabiliyyətli sərkərdə çıxıb və Övrəngzibin hərbi əməliyyatlarına rəhbərlik edib.
Hərəmxanada olan qadınlardan ikisi Övrəngzibə 4 övlad bəxş etsə də onlar hökmdardan təcrid olunmuş şəkildə yaşayıb. Birinci xanım statusu ancaq Diras Banu Bəyimə aid idi.
Dilras Banu Bəyim dünyadan köçür
Diras Banu Bəyimlə Övrəngzibin evliliyinin 20-ci ilində onların beşinci övladı doğulub.
Dilras Banu Bəyim 1657-ci il sentyabrın 11-də beşinci övladı Məhəmməd Əkbəri dünyaya gətirdikdən təxminəm bir ay sonra-oktyabrın 8-də bədəninə infeksiya düşməsi ilə bağlı həyatını itirib. Dilras Banu Bəyimin ölümündən sonra Övrəngzibin səhhəti pisləşir, ailənin böyük oğlu Əzəm Şah depressiyaya düşür. Şahzadə Məhəmməd Əkbəri böyük bacısı Şahzadə Zebun Nisə böyüdüb. Məhəmməd Əkbər atasının da sevimli oğlu olub, onunla daha çox vaxt keçirib.
Övladları:
Şahzadə Zebun Nisə Bəyim 1638-ci il fevralın 15-də anadan olub, 26 may 1702-ci il mayın 26-da ailə qurmadan 64 yaşında həbsxanada vəfat edib. Məşhur şairə və atasının sevimlisi olub, mənbələrin məlumatıma görə, şeirləri qalıb. Müəyyən səbəblərə görə ömrünün son 20 ilini həbsdə keçirib.
Şahzadə Zinətun Nisə Bəyim 1643-cü il oktyabrın 5-də anadan olub, 1721-ci il mayın 7-də dünyasını dəyişib. Ailə qurmayıb.
Şahzadə Zubdatun Nisə Bəyim 1651-ci il sentyabrın 2-də anadan olub, 1707-ci il fevralın 17-də vəfat edib. Əmisi Dara Şükuhun oğlu Şahzadə Sifir Şükuhla evlənib və övladı olub.
Şahzadə Məhəmməd Əzəm Şah 1653-ci il iyunun 28-də doğulub, 1707-ci il iyunun 8-də dünyasını dəyişib. Atası Sultan Övrəngzib ölüm ayağında Məhəmməd Əzəm Şahı vəliəhd elan edib, Əzəm Şah qısa müddət imperator olub, ögey qardaşı Müəzzəm tərəfindən devrilib. Əmisi Dara Şükuhun qızı Şahzadə Cahanzeb Banu ilə evli olub. Məhəmməd Əzəm Şah və oğlu Bidar Bəxt döyüşdə öldürülüb.
Şahzadə Sultan Məhəmməd Əkbər 1657-ci il sentyabrın 11-də anadan olub. Dara Şükuhun nəvəsi ilə evlənib. Atası Övrəngzibə qarşı uğursuz üsyan qaldırıb, bundan sonra Maratha kralının sarayına, daha sonra isə Səfəvi imperiyasına sığınıb. 1706-ci il martın 31-də Məşhəd şəhərində vəfat edib və orada dəfn olunub.
Sultan Övrəngzib (Aləmgir) taxta çıxır
Dilras Banu Bəyimin ölümündən bir il sonra Sultan Şahcahanın və Mümtaz Mahalın üçüncü oğlu Şahzadə Muhiddin Sultan Övrəngzib (Aləmgir) adı ilə 1658-ci ildə Böyük Moğol İmperiyasının (Baburilər dövləti) VI imperatoru kimi taxta çıxır.
Sultan Övrəngzib taxta çıxdıqdan sonra Diras Banu Bəyimin dəfn edilməsi üçün Övrəngabadda xüsusi olaraq Bibi Ka məqbərəsinin tikintisini əmr edir.
Məsələ burasındadır ki, Sultan Övrəngzib təxminən yarım əsrlik hakimiyyəti dövründə Dehlidə cəmi bir memarlıq abidəsi-Dehlidəki Padşah Məscidini tikdirib. 1660-cı ildə Dilras Banu Bəyimin məzarı Bibi Ka məqbərəsinə (“Xanımım məzarı”) köçürülür və Rabia-ud-Davroni-”Dövrünün Rəbiyəsi” titulu ilə dəfn olunur. Bu titul Diras Banu Bəyimə Bəsrəli Rəbiyənin şərəfinə verilib. Belə ki, Bəsrəli Rəbiyə eramızın 9-cu əsrində yaşayıb və qatı dindar olduğuna görə övliya sayılır.
Diras Banu Bəyimin şərəfinə ucaldılan Bibi Ka məqbərəsinin tikintisinə Sultan Övrəngzibin göstərişi ilə oğlu Əzəm Şah nəzarət edib.
Bibi Ka məqbərəsi görünüşü və memarlığı baxımından Sultan Övrəngzibin anası, Dilrasın qayınanası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahalın heyrətamiz dərəcədə oxşarıdır.
Əslində, tikintiyə başlayanda da qarşıya belə məqsəd qoyulmuşdu, Tac Mahala bənzəyən bir abidə tikmək...
Məqbərə Dekan bölgəsində olduğundan Bibi Ka Məqbərəsini Dekan Tacı və Mini Tac da adlandırırlar. Diras Banu Bəyimin xatirəsinə tikilən bu abidə Övrəngzibin “evlilik sədaqəti”nin simvolu hesab olunur.
Bibi Ka Məqbərəsi Şahzadə Əzəm Şahın babası, Moğol imperatoru Şahcahan tərəfindən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə Aqrada inşa etdiyi məşhur Tac Mahalın eyni, bu məqbərəyə rəqib olacaq bir abidə olmalı idi. Təəssüf ki, xəzinədə kifayət qədər vəsaitin olmaması, həmçinin ixtisaslı işçi qüvvəsinin çatışmazlığı səbəbindən tam Tac Mahal yox, oxşarı yaranır. Buna baxmayaraq, Bibi Ka Məbqərəsi Moğol üslubunda salınan bağın mərkəzində tikilməsi, mürəkkəb dizaynı, şəbəkə işləmələri, heyrətamiz strukturu və gözəl mənzərəsi ilə memarlıq möcüzəsi kimi meydana çıxıb.
Bəzən Bibi Ka Məqbərəsinə “Kasıb Tac” deyilsə də Məqbərənin çoxlu göllər, fəvvarələr və su kanalları ilə əhatə olunan bağda salınması abidəyə gözəllik verir. Məqbərənin hər küncündə Şərq üslubunda minarə ucalması da abidəni xüsusən baxımlı edir.
Onu da deyək ki, Bibi Ka Məqbərəsi o dövrdə 700 min, Tac Mahal təxminən 32 milyon rupiyə başa gəlib.
Bibi Ka Məqbərəsi Övrəngzib tərəfindən tikilən ikinci böyük abidədir. Dediyimiz kimi, Sultan Övrəngzibin Dehlidə tikdirdiyi birinci böyük abidə Padşah Məscididir (Mirvari Məsçid də deyilir).
Bibi Ka məqbərəsi Övrəngabadın şimal-qərbində, Sultan Övrəngzibin məqbərəsindən bir neçə kilometr aralıda yerləşir. Məqbərənin 1651-1661-ci illərdə tikildiyi bildirilir. Bəzi mənbələrdə məqbərənin 1668-1669-cu illərdə tikildiyi qeyd edilir.
Məqbərənin əsas giriş qapısında tapılan kitabədə bu məqbərənin memar Ataullah və mühəndis Hanspat Rai tərəfindən layihələşdirildiyi və onların rəhbərliyi ilə tikildiyi qeyd olunur. Ataullah Tac Mahalın baş ustası və dizayneri Usta Əhməd Lahaurinin oğlu idi.
Beləcə təxminən 355 il əvvəl Səfəvi Şahzadəsi Dilras Banu Bəyimin şərəfinə tikilən, hər il milyonlarla adamın ziyarət etdiyi Bibi Ka məqbərəsi öz cazibədarlığını, gözəlliyini min illər sonra da saxlayacaq.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd