Bakı
Dünən Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyində 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə anım mərasimi keçirildi. Qardaş ölkənin ən yeni tarixi üçün əlamətdar olan bu hadisə ilə bağlı toplantıda Türkiyə və Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri, Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisi, Milli Məclisin deputatları və KİV mənsubları iştirak etdilər.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 2016-cı il 15 iyul hadisələrində türk xalqının milli iradə və birlik ortaya qoyaraq zəfər qazanmasından və bu zaman qardaş Azərbaycanın mənəvi dəstəyindən danışdı:
– 15 iyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır!
Səfir həmin çətin dəqiqələrdə Prezident İlham Əliyevin dəstək zəngini xüsusi olaraq qeyd etdi:
– Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyevin ölkəmizə güclü dəstəyini də xatırlayırıq. Gələcək nəsillərə bu böyük mübarizəni ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları öz canları bahasına türk millətinin milli mənafelərindən heç vaxt vaz keçməyəcəyini bir daha ortaya qoydu. Sahib olduğumuz yüksək dəyərlərə bağlılığımızı bütün dünyaya göstərdik.
Mərasimdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iki qardaş ölkənin hər zaman bir yerdə olduğunu, əlaqələrimizin bundan sonra da ən yüksək səviyyədə davam edəcəyini fəxrlə qeyd etdi:
– Türkiyə bu sınaqdan daha da güclü çıxdı. Qardaş ölkənin bugünkü uğurları məhz həmin tarixdən başlayır. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini heç vaxt unutmayacaq.
Sonda 15 iyul 2016-cı il hadisələrini əks etdirən sənədli videomaterial nümayiş olundu. Anım günü nikbin notlarla başa çatdı. Belə ki, gənc ifaçıların iştirakı ilə “15 temmuz dastanı” və “Çırpınırdı Qara dəniz” əsərləri şəhidlərin ölməz ruhuna ehtiram olaraq ifa edildi.
Naxçıvan
Türkiyənin Naxçıvandakı Baş konsulluğunda da 15 İyul Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı muxtar respublikanın rəsmi şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
Mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu gün Türkiyə demokratiya uğrunda qələbənin 9-cu ildönümünü qeyd edir: “Bu mənfur çevriliş cəhdi türk millətinin qanunun aliliyinə və ölkənin demokratik təsisatlarına sadiqliyini nümayiş etdirən daha bir qəhrəmanlıq dastanı ilə nəticələnib”. Diplomat vurğulayıb ki, 15 iyul gecəsi qardaş Azərbaycan da bu xəyanəti qətiyyətlə qınayaraq Türkiyənin yanında olub. Bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.
Digər çıxışlardan sonra 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərə həsr olunmuş videomaterial nümayiş etdirilib.
Kəmalə ABDİNOVA,
Səbuhi HƏSƏNOV
XQ