Yayda Yer sürətini artırdı və sutkadan millisaniyələr “oğurlandı”

post-img

Yer kürəsinin öz oxu ətrafında fırlanması həyat ritmini – gecə-gündüzün növbələşməsini və sutkanın uzunluğunu müəyyən edir. İnsanlar sutkanın daima eyni – təxminən 24 saat olduğunu düşünməyə öyrəşiblər. Amma əslində planetimizin fırlanma sürəti heç vaxt tam sabit olmayıb. Müxtəlif mürəkkəb qüvvələrin təsiri altında bu sürət azacıq dəyişir.

Bu dəyişikliklər o qədər kiçikdir ki, adi insan onları hiss etmir, amma naviqasiya sistemləri və peyklərin işi üçün çox vacibdir. Alimlər bu dəyişiklikləri millisaniyə dəqiqliyi ilə izləməli və proqnozlaşdırmalıdır ki, zaman və koordinat etalon sistemlərinə vaxtında düzəlişlər edə bilsinlər və dəqiq naviqasiya təmin olunsun.

AZƏRTAC xəbər verir ki, astronomlar və geodezistlər illərdir radiointerferometriya və yüksək dəqiqlikli atom saatları vasitəsilə Yerin “sabit” kosmik məkana nəzərən fırlanmasını izləyirlər. Planetimizin “sabit” məkana görə bir tam dövrü ilə orta Günəş sutkası (86 400 saniyə) arasındakı fərqə “sutkanın uzunluğu” deyilir. Bu göstərici çox kiçik, mikroskopik paylarla da olsa daim dəyişir.

2025-ci ilin iyul ayında ABŞ Hərbi Dəniz Rəsədxanası və Beynəlxalq Yer Fırlanması Xidməti ilin əvvəlindən bəri planetimizin ən sürətli fırlanmasını qeydə alıblar: 10 iyul sutkası 1,34 millisaniyə qısalıb. Proqnoza görə, bu hələ son deyil. İyulun ikinci yarısı və avqustun əvvəlində sutkalar daha da qısala bilər.

Son illərdə sutkanın qısalması nadir hadisə deyil. Son 10 ildə Yer üzərində sutkanın orta uzunluğu tədricən azalır. 2020-ci ildən bəri 24 saatdan bir qədər qısa çəkən günlərin sayı xeyli artıb. Bunun səbəbləri həm planetin daxilində, həm də xarici mühitdə gizlənir.

Birincisi, Yerin fırlanması onun nüvəsində, mantiyasında və qabığında baş verən proseslərdən asılıdır. Planet daxilində kütlələrin hərəkəti inersiyanın paylanmasına təsir edir və nəticədə fırlanma sürətini dəyişir.

İkincisi, atmosferin rolu var. Təzyiq, küləklər və temperaturdakı dəyişikliklər Yer kürəsinin fırlanmasını az da olsa sürətləndirə və ya ləngidə bilər. Məsələn, El-Ninyo və La-Ninya kimi iri iqlim hadisələri astronomik statistikada iz buraxır.

Üçüncüsü, Ayın vəziyyəti də vacibdir. Onun cazibə qüvvəsi qabarma və çəkilmələrə səbəb olur, həm də Ayı Yerdən tədricən uzaqlaşdırır. Hazırda Ay hər il Yerdən təxminən dörd santimetr uzaqlaşır. Yer qabarma və çəkilmələr zamanı enerji itirir. Bu da planetin fırlanmasını çox yavaş ləngidir.

Amma həmişə belə olmayıb. İndi Yer bir qədər sürətli fırlanır, günlər qısalır. Lakin planetin bütün tarixi miqyasında Yer kürəsi davamlı olaraq yavaşlayır və günlər getdikcə uzanır. Son tədqiqatlar sübut edib ki, təxminən 70 milyon il əvvəl dinozavrların dövründə sutka təxminən 23,5 saat çəkirdi.

Bu tendensiya gələcəkdə də davam edəcək. Texas Universitetinin professoru Klark Uilson qeyd edib ki, dəyişikliklərin tempi o qədər kiçikdir ki, bir insan ömrü ərzində bunu hiss etmək mümkün deyil. Proses milyard illərlə davam edəcək.

Ümumiyyətlə, Yerin fırlanması yellənçəyi xatırladır və alimlər qısamüddətli dəyişiklikləri qeydə alırlar. Məsələn, 1970-ci illərdə və 1990-cı illərin əvvəlində günlər 24 saatdan iki millisaniyədən çox uzun olurdu. İndi isə sürətlənmə fazası müşahidə olunur.

Niyə belə baş verdiyini tam anlamaq çətindir. Alimlər Yerin fırlanmasına təsir edən bütün amilləri hələ tam öyrənə bilməyiblər. Bəzən dəyişikliklər tektonik fəallıqdan, bəzən isə su kütlələrinin yenidən paylanmasından qaynaqlanır.

Yayın əvvəlindən etibarən alimlər Yerin fırlanmasının sürətləndiyini müşahidə edirlər, yəni o öz oxu ətrafında adi haldan bir qədər tez dövr edir. Bu, sutka miqyasında hiss olunur: günlər millisaniyələrin kiçik payı qədər qısalır. Belə sıçrayışlar nadir deyil və qlobal dəyişikliklərin əlaməti hesab olunmur. Bu sürətlənmələr ümumi yavaşlama fonunda qısamüddətli dalğalanmalardır.

Amma quru rəqəmlərin arxasında daha dərin məna gizlənir. Bu, təkcə astronomların statistikası olmayıb, həm də xatırladır ki, dəyişməz hesab etdiyimiz sutkanın uzunluğu belə dəyişə bilər. Deməli, zaman həqiqətən də sürətlənə bilər, xüsusilə yayda, onsuz da tez ötüb keçən bir mövsümdə.

Dünya