Ermənistan Azərbaycana qarşı ekoloji terroru davam etdirir

post-img

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə– Arazdəyən kəndində ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Müəssisənin tikintisinin geniş coğrafiyada ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracağı gözlənilir. Bununla da Naxçıvan, o cümlədən Sədərək əhalisinin ciddi təhlükə ilə üzləşəcəyi bildirilir. 

Bu günlərdə Ermənistanın Hetq.am saytında yerləşdirilən “Ermənistan Araz­dəyəndə iri metallurgiya zavodu tikəcək” sərlövhəli məqalədə deyilir: “Arazdəyən kəndində böyük bir Ermənistan–Amerika birgə metallurgiya zavodu tikilir. Bu müəs­sisəyə 70 milyon dollar sərmayə qoyula­caq. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 min ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan son­ra işçilərin sayı min nəfərə çatacaq”.

Heq.am saytı daha sonra xatırladır ki, bu zavodun tikiləcəyi barədə hələ 2022-ci ilin noyabrında yazıb və müəssisəni inşa edəcək şirkətin həmin ilin iyulunda təsis olunduğunu bildirib. Sayt, həmçinin hüquqi şəxslərin dövlət reyestrinə əsas­lanaraq şirkətin 50 faizinin hazırda ABŞ-da qeydiyyatdan keçmiş” CS Global In­vestments MMC”yə, qalan 50 faizinin isə yenidən ABŞ-da “Virtual Funding” MMC-yə məxsusluğunu vurğulayıb. Şirkətin səhmdarı ABŞ vətəndaşı Bobbi Kanqdır. İkinci səhmdar isə Ermənistanda yaşa­yan Qriqor Ter-Qazaryandır.

Məlumata görə, ərazi sərhəd zola­ğında–Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir. Yaxınlıqda flora və fau­na, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur.

“Biz faktiki olaraq xaricə metal qırın­tılarını tonunu 40-45 min dram qiymətinə satır, hazır məhsulu isə 9-10 dəfə baha alırıq. Ona görə də ölkənin özünün tək­rar xammaldan istifadəsini inkişaf etdir­mək lazımdır ki, bu da əlavə iş yerlərinin açılmasına, büdcəyə birbaşa və dolayı yolla daxilolmaların artmasına, rəqabət səbəbindən yerli bazarda bu məhsulla­rın qiymətlərinin aşağı düşməsinə səbəb olacaq”,–deyə Qriqor Ter-Qazaryanın fikirlərini diqqətə çatdırır. Eyni zaman­da, “zavod üçün xammal əsasən, metal qırıntılarının qəbulu məntəqələrindən alınan qara metal qırıntıları olacaq”, - məqalədə deyilir.

Qeyd edək ki, Heq.am saytının ti­kiləsək müəssisənin ətraf mühitə heç bir zərər verməyəcəyi barədə qeydlə­ri həqiqətdən uzaq fikirdir. Əslində isə mütəxəssislərin fikrincə, ərazidə zavo­dun inşası sərhəddə yerləşən Sədərək­də mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir arxı”nın suyun­dan istifadə edilir.

Mütəxəssislər həmçinin bildirirlər ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Kon­vensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin əra­zisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazır­lanmalıdır. Azərbaycan və Ermənistan hə­min Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənis­tan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai din­ləmələr keçirilməlidir.

Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakət qurbanına çeviriblər. Araz çayı, sözün əsl mənasında, Ermənista­nın dağ-mədən sənayesi müəssisələri­nin kollektoruna çevrilib. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.

Bundan əlavə faktlar göstərir ki, Er­mənistan təkcə Azərbaycan üçün deyil, ümumilikdə region və dünya üçün təh­lükəlidir. Söhbət artıq 40 ildən çoxdur ki, istifadə edilən və istismar müddətini çoxdan başa vuran Metsamor AES-dən gedir.

 

“Xalq qəzeti”

Siyasət