Makronun ermənifəşanlığı hayların özlərindən də betərdir

post-img

Ötən aya damğasını vuran hadisələrdən biri də Fransada yaşandı. Yox, bu ölkəni cənginə alan iğtişaşları, kütləvi itəatsizlik təsiri bağışlayan olayları və polisin nümayişçilərə, aksiyaları işıqlandıran jurnalistlərə qarşı qəddar rəftarını nəzərdə tutmuruq. Söhbət Fransanın erməni təəssübünün pik həddə çatmasından gedir. 

Bu barədə söz açmazdan öncə bil­dirək ki, məşhur ABŞ yazıçısı Teodor Drayzerin əsərlərinin, demək olar, ha­mısında süjet xətti eynidir. Təxminən belə: qəhrəman yüksəkliyə çıxır, oradan, necə deyərlər, kəlləmayallaq yumbala­nır aşağı. Bu süjet xəttini Fransa ermə­nipərəstliyinə tətbiq etsək, Prezident Emmanuel Makron fikirləri ilə ölkəsindəki ermənipərəstliyin yüksəklikdən yıxılıb ba­şını-gözünü əzdiyini təsdiqlədi. Bu barə­də bir qədər sonra söz açacağıq. Hələlik isə...

***

Qeyd edək ki, iyunun 30-da Fran­sanın Azərbaycandakı fövqəladə və sə­lahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Prezident E.Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qay­dada müdafiə edən, həqiqəti əks etdir­məyən fikirləri ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair izahat istənilib. Eyni zamanda, səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi, Fransa Prezidenti­nin ölkədəki erməni lobbisinin əlində alət olduğunun, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir. 

Ən əsası isə vurğulanıb ki, Ermənis­tan tərəfindən Azərbaycanın ərazi bü­tövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda, Fransa döv­lət başçısına istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına ən­gəl yaratmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstək­ləyənlərin destruktiv fəaliyyətlərini daha da genişləndirməsinə rəvac verir. 

***

İndi isə keçək əsl məsələyə, yəni, Fransanın Bakıdakı səfirinin nə üçün Azərbaycan XİN-ə çağrıldığının təfər­rüatına. Mövcud xüsusda Fransa ermə­nipərəstliyinin iflasındakı məqamlara da aydınlıq gətirmiş olacağıq. Bəli, Makron Marseldə erməni icmasının nümayən­dələri ilə görüşündə erməni maraqlarının qorunması ilə bağlı gücsüzlüyünü etiraf edib. Nəinki etiraf edib, eyni zamanda, həm beynəlxalq şəraitin Azərbaycana təsir göstərmək imkanında olmadığını bildirib, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı, belə demək mümkünsə, “günah keçisi” obrazında təqdim edib. 

Makron elə fon yaradıb ki, sanki prob­lemin tənzimlənməsində Ermənistanın tərəfini saxlayan yalnız özüdür. Məsələyə dair məlumatı yayan isə Daşnaksütyun partiyası mərkəzi komitəsinin nümayən­dəsi Qraç Varjapetyandır. Açıqlamasın­da Fransa liderinin fikirlərini dəfələrlə təkrarlayan Varjapetyan deyib ki, görüş qeyri-rəsmi xarakter daşıdığından, ora­da qeydiyyat aparılmayıb. Belədə sual yaranır: Fransa Prezidentinin dilindən daşnakın diqqətə çatdırdıqları çıxıb, yox­sa ikinci fantaziyasını işə salıb? İndi Pa­risin Bakıdakı ali nümayəndəliyi bu suala cavab verməlidir. Cavabdan isə hələlik əsər-əlamət yoxdur. 

Onu da bildirək ki, Yelisey sarayı ha­zırda çətin durumdadır. Rəsmi açıqlama verib daşnakın dediklərinin yalan oldu­ğunu bildirsə, Fransadakı ermənilərin qəzəbinə tuş gələcək. Əlbəttə, demək olmaz ki, Varjapetyan cəfəngiyyat danışa bilməz. Digər tərəfdən, Makron da dövlət başçısı kimi o qədər korrekt adam deyil. İndiyədək lazım olmayan çox yerdə mət­ləbsiz fikirlər səsləndirməsi ilə gündəmə gəlib. Üstəlik, mövzu da spesifikdir. Yəni, Fransa Prezidentinin özünü ölkəsindəki ermənilərə, necə deyərlər, şirin satmaq istəməsi də mümkündür. 

Bəli, rəsmi Paris Varjapetyanın dedik­lərini təkzib etmədiyindən, bildirə bilərik ki, onun gündəmə gətirdiyi fikirlərin müəl­lifi elə Makrondur. Makron isə Marseldə erməni icmasının nümayəndələri ilə gö­rüşündə bildirib ki, Qarabağ məsələsin­də yeganə dəqiq mövqeyə malik şəxs özüdür. Hadisə isə belə olub: erməni ic­masının nümayəndələri Fransa liderinin diqqətinə Parisin erməni məsələsində qətiyyətli mövqe tutmadığını çatdırıblar. Yeri gəlmişkən, bu fikir Ermənistanın si­yasi dairələrində də geniş yayılıb. Möv­cud xüsusda dəfələrlə bildirilib ki, Fransa yalnız sözdə dəstək göstərir, əməldə isə hansısa real kömək yoxdur. 

O da məlumdur ki, Parisin sözdə dəstəyin ifadəsi sayılan ermənipərəst bəyanatları, çağırışları, ərsəyə gətirdiyi qətnamələr rəsmi İrəvanın illüziyalara qapılmasına səbəb olur. Bunun nəticə­sində reallaşdırılan hər hansı davranış Ermənistan üçün baha başa gəlir, Azər­baycanın əks tədbirlərinin miqyası böyük olur. Deməli, Fransanın erməni maraqla­rına zərər vurur. 

Görünür, N.Paşinyan da Makronun “qətnamə dəstəyi” siyasi texnologiyası­nın səmərəsizliyindən duyuq düşdüyün­dən, indi “böyük bacısını” eşitmək istə­mir. Ona görə ikincinin erməni icmasının nümayəndələrinin yuxarıdakı sualına cavabı kifayət qədər gözlənilməz alınıb. Beləliklə, Varjapetyana inansaq, Fransa Prezidenti konkret olaraq bunu deyib: “Mən Əliyevə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) Paşinyanın özündən daha çox təzyiq etdim. Sual Paşinyana olmalıdır. Qarabağ məsələsi ilə bağlı dəqiq mövqeyə malik olan yeganə şəxs mənəm”.

Daşnak Q.Varjapetyan da Makro­nun sözügedən görüşdə səsləndirdiyi və Qarabağ məsələsində daha çox işlər görəcəyinə, səylər göstərəcəyinə dair fikirlərinə şübhə ilə yanaşmaqda haqlı­dır. Diqqətə çatdırdıq ki, Fransa lideri bu mövzuda beynəlxalq arenada, xüsusən də Avropa İttifaqı daxilində tək qaldığını vurğulayıb. Amma görünür, avantürist Makron özünü Fransa cəngavəri qis­mində görür. Çünki Varjapetyan deyir ki, Fransanın dövlət başçısı Qarabağ prob­leminə müdaxilədə qərarlı olduğunu da dilə gətirib. Bundan bir neçə nəticə çıxar­maq mümkündür. Makronun bəyanatları rəsmi şəkildə qeydə alınmayıbsa, demə­li, o da faktiki olaraq daşnakların başının altına yastıq qoymaqla məşğuldur. İkinci­si, Fransa özünü aşkar tərəf kimi göstərir. Deməli, ölkənin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlamasının Qərb formatına dürtülmək cəhdləri tam yolve­rilməzdir. 

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini xatırlayırıq. Döv­lətimizin başçısı Ermənistan rəhbərliyinə və ermənipərəstlərə dəfələrlə bildirib ki, hansısa beynəlxalq dəstəyə ümid etmə­sinlər, heç nə alınmayacaq. İndi belə çıxır ki, cənab İlham Əliyevin mesajını, hətta Paşinyan da anlayıb, ancaq Makron yox. Ya anlamayıb, ya da bildirdiyimiz kimi, o da erməniləri aldatmaqla məşğuldur. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət