Sel və daşqınların fəsadları aradan qaldırılır

post-img

İyulun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildiriblər ki, müşavirəni açan Baş nazir Ə.Əsədov ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkə­mizin bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçdiyini, yağıntıların miqda­rının artdığını, əsasən dağlıq və dağətə­yi rayonlarda leysan xarakterli intensiv və güclü olduğunu qeyd edib. 

Diqqətə çatdırılıb ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticə­sində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar baş verib. 

Təbii fəlakət baş verən rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zə­ruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyiş­dirilib, yuyularaq dağıdılan yol infrast­rukturu bərpa olunub. 

Bildirilib ki, təbii fəlakət nəticəsin­də fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, həmçinin əkin sahələrinə və fermer təsərrüfatlarına, eyni zamanda, digər infrastruktura dəymiş ziyanın qiy­mətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir. 

Müşavirədə sel və daşqınların fə­sadlarının aradan qaldırılması üçün gö­rülən işlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam et­dirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeoro­logiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləş­dirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsə­dilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şə­kildə həyata keçirilməsinin önəmi qeyd edilib.

 

“Xalq qəzeti”

Sosial həyat