“Kəlam”ın kəlamları

post-img

Elmi-ədəbi publisistik jurnal olan “Kəlam”ın 2025-ci il iyul-avqust aylarına dair növbəti sayı işıq üzü görüb.

Bu jurnalı 2002-ci ilin avqust ayında mərhum ilahiyyatçı alim Qazı Hacı Mirəziz Seyidzadə təsis edib. Şəxsən tanıdığım Mirəziz Seyidzadə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunu və Bakı İslam Universitetini bitirmiş, Dillər Universitetinin nəzdindəki 2 illik xarici dillər kursunun “Ərəb dili” şöbəsini əla qiymətlə başa vurmuşdu. “İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək, “İlahiyyat üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almışdı. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı idi.

Onunla görüşlərimiz ədəbiyyat haqqında söhbətlərsiz ötüşməzdi. Astara və Masallı rayonlarının “Cümə” məscidlərində axund olmuş, Bakı İslam Universitetində baş müəllim kimi çalışmışdı. 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təhsil şöbəsinin müdiri və İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edən, sonra QMİ-də Fətva şöbəsinin müdiri olan Mirəziz müəllimin “İmam Əlinin qısa kəlamları”, “İslami söhbətlər” (iki hissədən ibarət, həm də rus dilində), “Allahımı belə tanıdım”, “Bulud ağlamasa”, “Elmin qapısı” (həm də ingiliscə), “Divan”, “İslam olduğu kimi" və “Yaradan axtarışında” kitablarını üləmaların, dini-bədii ədəbiyyat həvəskarlarının maraqla oxuyub yeni mənalar əxz etdikləri nümunələr idi. Ədəbi cameədə “Əziz Pünhan” təxəllüsü ilə çıxış edirdi.

Dövlət televiziyasında işlədiyim vaxtlarda Ümummilli liderlə Həcc ziyarətinə gedən heyətin tərkibində o da vardı. Bu barədə hazırladığımız verilişə baxaraq bəyənmiş və həmin lentin bir nüsxəsini məndən istəmişdi. Buna icazə yox idi. Amma mən Hacı Mirəzizə olan hörmətə görə rəhbərlikdən xahiş elədim və verilişin kasetə köçürülüb ona verilməsinə nail oldum. Prezidentlə birlikdə çəkildiyi ziyarət kadrlarını əldə etməsinə çox sevindi.

Əziz Pünhanın şeirlərində Vətən sevgisi ön planda idi. Azərbaycanın dahi oğullarıyla fəxr edirdi. Ulu öndər Heydər Əliyevi şeirlərində dönə-dönə vəsf etmişdi:

Vətəndə bir zirvə var, əbədi adı Heydər,
Odur bu xalqa sərdar, əvəzsiz ulu öndər.

Bir günü yüz il oldu, ömrü əsri yaşatdı,
Bölünmüş parçalardan Azərbaycan yaratdı.

Respublika Ağsaqqallar Şurasının üzvü olan Hacı Mirəziz Seyidzadənin üzündəki İslami nur onun həmsöhbətlərinin qəlbinə nüfuz edir, irfani mülahizələri ilə hər kəsi ovsunlayırdı. Filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli onunla bağlı xatirələrində yazır ki, o, Azərbaycanda mötəbər din xadimlərindən biri idi. Axirətə əbədi səfərindən 3 gün öncə son görüşlərində yeni şeirlər kitabını çap hazırlığından danışdıq. Gedəndə “Allah qoysa, görüşərik!”, – dedi. Amma bir daha görüşə bilmədik. Hacı Mirəziz bəlkə də Tanrının bizim aramıza xoş niyyətlə göndərilən, bizləri dinə, imana, haqqa səsləyən elçilərindən biri idi.

Mirəziz Seyidzadə – Əziz Pünhan poeziyada klassik şeir ənənələrini yaşadan şairlərdən idi. Onun 472 səhifəlik “Divan”ında qəzəllər, rübailər, qitələr, mürəbbelər, müxəmməslər, müsəddəslər, müsəbbelər, müəşşərlər, tərcibənd və tərkibbəndlər, müsəzadlar, həmçinin qoşmalar, hecada yazdığı müxtəlif şeirlər toplanıb. Deyirdi ki, gənclik çağından əsasən qəzəl janrına müraciət etməyinin səbəbi böyük Məhəmməd Füzuliyə olan sevgisindən, ehtiramından irəli gəlirdi. Təvazökarcasına adını gizli saxlamaq üçün “Pünhan” təxəllüsünü götürmüşdü. Xeyli sonralar, necə deyərlər, üzə çıxmağa ürək eləyib və “Əziz Pünhan” olub. Tezliklə yazarlar mühitinin də sevimlisinə çevrilib. 65 yaşı qeyd olunanda – AYB-nin “Natəvan” klubunda kitablarının təqdimat mərasimində Xalq şairi Fikrət Qoca onun haqqında deyib ki, Mirəziz bizim müasir poeziyamızın qəzəl şamını yandıranlardan biridir. Ərəb və fars dillərini mükəmməl bildiyindən, Quranın hər sətrinə vaqif olduğundan (Səmərqənddə ali ruhani təhsili almışdı) klassik ədəbiyyatı incəliklərinə qədər anlayır, sevir və təbliğ edir.

Naz ilə alıb dövrəmi üşşaqi-təranə
Bir yanda dəfi-dairə, bir yan rübab oldu.

Tel-tel dolanıb xanələri “Bəstənigar”ın,
“Dilkəş” ilə “Mahur”u bir özgə səvab oldu.

Onun qəzəllərində belə dünyəvi ruh hakimdir. Din xadimi Hacı Mirəziz burada dünyaya bəsirət gözü ilə baxan, həyatın gözəlliklərindən zövq alan, sevgiyə müqəddəs duyğu kimi nəzər salan bir Aşiq kimi görünür.

Mərhum akademik Hacı Vasim Məmmədəliyevin onun haqqında dedikləri: “Hacı Mirəziz Seyidzadə təfsir, fiqh, hədis sahəsində geniş biliyə malik olan, üsul ilə furunu – yəni nəzəriyyə ilə əməliyyəni bir-biri ilə yaxşı əlaqələndirməyi bacaran, onları yerində tətbiq edə bilən bacarıqlı din xadimidir. Onun baş redaktoru olduğu “Kəlam” elmi-ədəbi, ictimai publisistik jurnalı Azərbaycanda nəşr olunan ən nüfuzlu dərgilərdən biridir. Mən özüm bu dərgini çox böyük maraqla mütaliə edir, ondan faydalanıram”.

Yeri gəlmişkən, görkəmli elm-irfan adamları ilə yaxın dost idi. Akademiklər Teymur Bünyadov, Bəkir Nəbiyev, Budaq Budaqov, Bahadur Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu sırada idilər. O vəfat edəndə Şeyxülislam demişdi: “Mən generalımı, sərkərdəmi itirdim”...

Budur, vaxtilə Hacı Mirəzizin yaratdığı “Kəlam” jurnalının onsuz buraxılan növbəti sayı qarşımızdadır. Dərgini şairin oğlu Hacı Səid Seyidzadə yaşadır. Jurnalda Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı, İslam aləminin yenilikləri, ziyarət təəssüratları ilə bərabər, ədəbi-bədii mövzularda yazılar da yer alıb. Buraya ilahiyyatçı dostum Samid Quliyevin mərsiyə ədəbiyyatı haqqında “Davam edən ixtirab, yaşayan söz” məqaləsi, Hacı Mehman Fərzullayevin mərhum tərcüməçi-filoloq Zeydulla Ağayev haqqında “Xeyirxahlıq mücəssəməsi”, yazıçı-publisist Nurəddin Ədiloğlunun İsmayıl Şıxlı ilə Çingiz Aytmatovun dostluğundan bəhs edən “Ruh və düşüncə doğmalığı” adlı esseləri, Nurəddin Mənsurun, Xanım Eynullaqızının şeirləri və digər nümunələr daxil edilib.

...Beləcə, həmkarım Tahir Aydınoğlunun tanışlıq üçün mənə verdiyi “Kəlam”ın növbəti sayını vərəqlədikcə xəyal məni jurnalın təsisçisi, ilk baş redaktoru Hacı Mirəziz Seyidzadə ilə bağlı xatirələr aləminə çəkib apardı.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət