Sülhə aparan yola təkər diyirlədən kimlərdir?

post-img

Vaşinqtonda ikitərəfli görüşün davam etdiyi vaxt Qarabağda silahlı insidentin törədilməsinin təxribatdan başqa adı yoxdur

Dünən axşam saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə məlumat verən Müdafiə Nazirliyi erməni silahlı separatçılarının açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralandığını bildirib. Hərbi qulluqçumuz dərhal tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. 

Bu gün səhər erməni mediasının yaydığı xəbərlərdə deyilir ki, Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü məhv edilib. Məlumatda o da qeyd olunur ki, Azərbaycan Ordusunun erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.

Təəssüf ki, bu təxribat da gözlənilən idi. Ermənilər birinci dəfə deyil ki, sülh danışıqlarının gedişində azacıq ümid közərməyə başlayanda dərhal ya şərti sərhəddə, ya öz ərazilərindəki mövqelərindən ordumuzun mövqelərini atəşə tuturlar. Bu dəfə isə Qarabağ iqtisadi rayonumuzda hələ də qalan Ermənistanın  qanunsuz hərbi birləşmələri tərəfindən təxribat törədildi. Həm də bu təxribat Vaşinqtonda sülh dialoqunun davam etdiyi vaxta planlaşdırılmışdı. Yəni, silahlı insidentin başqa məqsədi ola bilməzdi. 

Azərbaycan Ordusu artıq Qarabağın özündə təxribata cürət edən silahlı daşnak separatçıların cavabını layiqincə verib. Ordumuz bir yaralımızın qisasını, erməni mediasının yazdığı kimi, 4 deyil, 5 silahlı qulduru məhv etməklə alıb. Bu, məğlubiyyətlə barışa bilməyən düşmənə növbəti dərs olsun. Necə ki Fərruxda, Sarıbabada, eləcə də şərti sərhəddə həyata keçirilən xüsusi əməliyyatlar zamanı boylarından yuxarı hoppanmaq istəyən dığaların burunlarını ovmuşuq. Yenidən “dəmir yumruq”lu şanlı hərbçilərimizi qəzəbləndirən erməni silahlı separatçıların cavabı elə “Qisas” əməliyyatı ilə verilib.

Budəfəki təxribat bir aspektdən diqqəti xüsusi olaraq cəlb edir. Ermənistan ordusunun Qarabağdakı qanunsuz silahlı qüvvələri Rusiya sülhməramlılarının tam nəzarətində olan ərazidə yerləşir. Yəni, istər-istəməz ortaya belə bir sual çıxır: erməni silahlılarını bu təxribata rusiyalı sülhməramlılar təşfiq etməyib ki? Bəli, bu versiya fərziyyə kimi olsa da nəzərdən keçirilməyə layıqdir. Amma törədilmiş təxribatda vəzifəsini yerinə yetirməyən təkcə sülhməramlıların deyil, eyni zamanda Azərbaycanın suveren ərazisində – Laçın yolunda qurduğu sərhəd-keçid məntəqəsini  “arsaxın blokadası” kimi müzakirəyə çıxaran, bununla bağlı qətnamələr, müraciətlər qəbul edən Avropa institutları, eləcə də konkret siyasətçilər məsuliyyət daşıyırlar. Belə məlum olur ki, dünənki təxribat İrəvana dəstək verən lobbiçilərin, korrupsionerlərin, Avropa Şurası Parlament Assambleyasının daxilində korporativ maraqlara qulluq edən bəzi qüvvələrin də işinə yarayır. Deməli, müsbət nəticəyə doğru irəliləyən, sülh danışıqlarının hamarlanmağa başlayan yoluna təkəri diyirlədənlər də həmin qüvvələrdir.  

Hər şeydən göründüyü kimi, rəsmi İrəvan ya müharibəyə hazırlaşdıqlarını imitasiya etməklə məşğuldur, ya da özünün revanşizm kimi utopik xəyalından əl çəkmək fikrində deyil. Onu buna sövq edənlər elə yuxarıda sadaladığımız həmin qüvvələrdir. Görək növbəti yanlış addımı atacaq Hayastan rəhbərliyi Azərbaycan Ordusunun həyata keçirəcəyi xüsusi əməliyyatın nəticəsində ermənilərin çoxsaylı itkilər verərək yeni strateji məntəqələrdən və yüksəkliklərdən geri çəkiləndə yerli elektorata nə cavab verəcək. İrəvana onu xatırlatmağımız yerinə düşər ki, 44 günlük müharibədən əvvəl də hər dəfə danışıqlar öncəsi təmas xəttində təxribatlar törədirdi və bu “çıxışlar” onların ciddi itkilər verməsi ilə nəticələnirdi. Deyəsən, indi Qarabağın özündə antiterror əməliyyatı həyata keçirməyin məqamı yetişib. Bəli, erməni silahlıların Azərbaycan ərazilərindən tamamilə çıxarılmasının başqa yolu görünmür. Onsuz da Ordumuz Qarabağdakı ən zəruri, strateji yüksəklikləri öz nəzarəti altına alıb. Fərrux, Qırxqız, Sarıbaba yüksəkliklərindən Xankəndi Hava Limanı, Xocalı şəhəri, Xocalı-Xankəndi yoluna tam nəzarət olunur.

O ki qaldı Rusiya sülhməramlılarının fəaliyyətinə, bəli, ermənilərin sonuncu silahlı təxribatı kontekstində yanaşanda, onların fəaliyyəti qənaətbəxş sayıla bilməz. Bu yöndə hansı tədbirlərin görüləcəyi Bakının tutacağı mövqedən asılı olacaq. Mövqe də formalaşıb: sülhməramlılarla bağlı müəyyən tədbirlər görülməlidir və mütləq görüləcək. 

İmran Bədirxanlı,

"Xalq qəzeti"

Siyasət