17 yaşlı Nael irqi ayrı-seçkiliyin qurbanıdır

post-img

Makron Fransasında tüğyan edən irqi, dini, etnik ayrı-seçkilik bu ölkəni, demokratiyanı, bəşəri dəyərləri dünya ictimaiyyətinin gözündən salır

Dünən Fransanın Nant şəhərində baş vermiş hadisə bu ölkədə zorakılığın bütün çalarlarının üzə çıxmasından xəbər verir. Üzdə özünü demokrat kimi göstərməyə çalışan prezident Emmanuel Makron ikiüzlü davranışı ilə təkcə başında durduğu hakimiyyəti deyil, həm də fransız cəmiyyətini dünyanın nəzərində aşağılayır.

Nant şəhərində polis 17 yaşlı yeniyetməni məhz irqi zəmində qətlə yetirib. Əlcəzair əsilli Nael, sadəcə, polisə tabe olmadığına görə soyuqqanlı şəkildə güllələnib. Bu hadisə ölkə vətəndaşlarının düşüncəsində şok effekti yaradıb. Düzdür, insidentdən dərhal sonra cinayəti törədən polis əməkdaşı həbs olunub. Amma hadisədən hiddətlənmiş kütlə küçələrdə barrikadalar qurub, avtomobilləri yandırıb və polislə toqquşmalar baş verib. İğtişaşlar digər vilayətlərə də adlayıb. Bu hadisə Makron hakimiyyətinin artıq xalqın gözündən düşdüyünü, onun etimadını itirdiyini göstərir. Əslində, indi Fransada yaşananları kütləvi etiraz aksiyasi kimi yox, insanların kütləvi itaətsizliyi kimi qiymətləndirmək daha doğru olar. 

Maraqlıdır ki, üstündən sutkadan çox vaxt keçsə də, Avropanın insan haqlarının müdafiəsi ilə məşğul olan rəsmi strukturları, təşkilatları ağızlarına su alıb gözləyirlər. Bəs Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti səsini niyə çıxarmır?

Oxuculara iki il bundan əvvəl BMT-nin İnsan haqları üzrə ali komissarı Mişel Baçeletin yaydığı hesabatı xatırlatmaq istərdik. Həmin hesabatda deyilirdi ki, son bir ildə dünyada polis tərəfindən 190 Afrika mənşəli insan qətlə yetirilib və onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olub. M.Baçelin açıqlamasına görə, qanlı hadisələrin 98 faizi Avropa ölkələrinin payına düşür. Sizcə, "qara qitə" mənşəlilər irqi ayrı-seçkiliklə ən çox hansı ölkədə üzləşirlər? Bəli, Fransada! Bir qayda olaraq "Köhnə dünya"nın təmsilçiləri, Fransa daxil olmaqla, başqa dövlətlərdə baş verən bu kimi halları demokratik dəyərlərin, o cümlədən sərbəst toplaşmaq, söz və vicdan azadlıqlarının pozulması kimi qələmə verirlər. Onların hamısı Afrika mənşəlilərin haqqını tapdalamağa, səslərini batırmağa çalışırlar. Baxmayaraq ki, həmin Fransa uzun illər Afrikada aborigenləri soyqırımına məruz qoyub. 

Fransa tarixindəki bu qara ləkəni heç vaxt təmizləmək barədə düşünməyib. İndiki rəsmi Paris də o dövrün diktatorlarının əməllərinin davamçısıdır. Amma bu ölkənin keçmişi də, indisi də dünya ictimaiyyətinə artıq yaxşı məlumdur. Makron iqtidarı demokratiya, insan haqları şüarları ilə hayların hüquqlarının yersiz müdafiəsi ilə məşğuldur və bu ədalətsizliyi dünyanın gözü qarşısında edir. 

Neçə vaxt idi ki, Yelisey sarayı vətəndaşların sosial müavinatlar, pensiyalar kimi tələblərinə məhəl qoymurdu və bu da təbii olaraq cəmiyyətdə Makron iqtidarına qarşı inamsızlıq, kin, nifrət yaradır. Yuxarıda qeyd etdik ki, belə münasibətin nəticəsi itaətsizlikdir. Fransa hakimiyyəti əkdiyini bu gün biçir. Yəni, aşağıların yuxarıdakılara qarşı vətəndaş itaətsizliyi daha böyük olayların əlaməti sayıla bilər.   

İ.HƏSƏNQALA,

"Xalq qəzeti"

 

 

 

Dünya