Müdafiə Nazirliyi: Azad edilmiş ərazilərimizdə iyunda 640 hektaradək ərazi minalardan tam təmizlənib

post-img

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə bu il iyun ayı ərzində 640 hektaradək ərazi minalardan tam təmizlənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 31 min 334 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 min 206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində ümumilikdə 1191 kilometrdən çox yeni təminat yolları çəkilib, 21190 kilometrdən artıq yol qar örtüyündən təmizlənib. Cari ilin iyun ayı ərzində 55 kilometrədək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Əsas səylərin azad olunmuş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinin təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.

Siyasət