Ulu Öndərin Qurtuluş mirası: Ümid körpüsündən Şuşa Bəyannaməsinə

post-img

Yetmiş illik sovet dönəmindən sonra Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyinə qovuşdu. Amma müstəqilliyimizin ilk illəri ağır sınaqlarla, faciəli hadisələrlə, siyasi xaosla və iqtisadi çöküşlə yadda qaldı. Müstəqilliyin ilk illərinin belə gəlişi insanlarda böyük bədbinlik yaratmışdı. Müstəqillik bir arzu, xəyal və ideal idi. Bir çoxları müstəqilliyin problemlərin öz-özlüyündə həll edilməsi kimi başa düşürdü. Amma reallıq fərqli idi. Müstəqillik nəinki mövcud problemləri həll etməmişdi, hətta özü ilə yeni problemlər , çətinliklər və çağırışlar gətirmişdi. 70 il SSRİ iqtisadiyyatının tərkib hissəsi kimi sosialism üzərində qurulmuş Azərbaycan iqtisadiyyatı birdən-birə  kapitalizmə keçməli idi. Köhnə sistem dağılmış, yeni sistem isə nəinki qurulmamışdı, hətta o barədə bir anlayış belə demək olar ki, yox idi. Eyn izamanda, artıq Qarabağda erməni separatismi alovlanmışdı və torpaqlarımızın işğalı prosesi başlamışdı, ordumuz isə ümumiyyətlə yox idi. Sovet idarəçilik sistemi dağılmışdı, yeni idarəetmə sistemi yox idi. Sözdə demokratiya və azadlıqdan danışılsa da, əslində demokratiyanın, azadlığın praktikada necə olması, necə qurulması barədə bri baxış yox idi. Formal müstəqillik elan edilmişdirsə də, faktiki müstəqillik əldə edilməmişdi, üstəlik bir çox ziddiyyətli xarici qüvvələrin marağı Azərbaycana yönəlmişdi. Bu maraqlar heç də Azərbaycana yaxşı nəsə vəd etmirdi. Milli birlikdən bəhs edilsə də, buna hələ nail olunmamışdı. Üstəlik belə bir ağır və tale yüklü dönəmdə respublikada doğru, düzgün siyasət yürüdən bir lider yox idi. Belə şəraitdə, bir tərəfdən hakimiyyət hərisi olan naşı qüvvələr, digər tərəfədən isə xarici qvvələrin təsiri altında olan qruplar hakimiyyət uğrunda amansız mübarizəyə girişmişdi. Havadarlarının dəstəyinə arxalanan Ermənistan isə fürsəti fövtə vermək istəmirdi. Azərbaycanlılar 1990-cı ildə 20 yanvar və 1992-ci ildə Xocalı qırğınlarına məruz qaldılar. Şuşa kimi alınmaz qala, milli və tarixi qürur simvolumuz düşmənin işğalı altında düşdü. Qarabağla Ermənistan arasında olan son dərəcə strateji əhəmiyyətli Laçın düşmənin əlinə keçmişdi. 1993-cü ildə isə Kəlbəcər də işğal olundu. Bakıda isə hakimiyyət uğrunda mübarizə nəinki səngimir, əksinə daha da şiddətlənirdi. Nəhayət 4 iyun 1993-cü ildə ölkəmiz vətəndaş müharibəsinin astanasına gəlib çıxdı. 4 iyun Gəncə qiyamı baş verdi və qardaş qanı axıdıldı. 

Bütün bunlara baxmayaraq, xalqın inamı hələ tam sönməmişdi. Çünki Heydər Əliyev kimi böyük oğlu vardı və o, ağır şərtlər daxilində də olsa hələ yaşayırdı, işləyirdi. Nəinki sadə xalqın eləcə də respublikanın bu ağır duruma gəlib çıxmasına əsas məsuliyyət daşıyan o zamankı ölkə rəhbərliyinin də gözləri heydər Əliyevə dikilmişdi, onu təkidlə paytaxt Bakıya dəvət edərək yaranmış çıxılmaz vəziyətdən çıxış yolu tapmasını gözləyirdilər. Beləliklə, nəhayət ulu öndər Heydər Əliyev xalqın səsinə səs verərək təlid dolu dəvətlərə razılaşdı, Bakıya gəldi və 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir, 24 iyundan etibarən isə həm də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayır. Milli Məclis 1997-ci ildə 15 iyun gününü dövlət bayramı elan etmişdir, o vaxtdan 15 iyun Qurtuluş Günü kimi qeyd olunur. 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə, amma müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkəmizin çoxsaylı problem və çətinliklərdən qurtulması, ağır imtahan və sınaqlardan üzüağ çıxması üçün keşməkeşli bir yol başladı. Bu yolun bələdçisi Heydər Əliyevin intellektual dühası, nəhəng idarəçilik təcrübəsi, vətən sevgisi və Azərbaycan xalqının məhəbəttindən qidalanan mənəvi gücü idi. Məhz Heydər Əliyevin  qüdrəti sayəsində Azərbaycan vətəndaş müharibəsindən, dövlətçiliyinin itirilməsindən, iqtisadi tənəzzüldən, mənəvi böhrandan qurtuldu və rifah və inkişaf yoluna qədəm qoydu. Bu yolda Heydər Əliyev çox mücadilələr apardı. Elə bir onu demək kifayətdir ki, Heydər Əliyevə qarşı dəfələrlə sui-qəsd cəhdləri və silahlı dövlət çevrilişi cəhdləri təşkil edildi. Bundan əlavə müxtəlif mütəşəkkil silahlı dəstələrin zərərsizləşdirilməsi, ictimai asayişin bərpası və sabitliyin təmin edilməsi kimi məsələlər zaman, cəsarət və iradə tələb edirdi. 

Əlbəttə ki, Heydər Əliyevin öndərlik etdiyi qurtuluş yolu hər biri ayrıca tədqiqat mövzusu olacaq mürəkkəb, çoxşaxəli və müxtəlif nüanslar, məqamlar, addımlar. planlar və fəaliyyətlərlə zəngin olmuşdur. Bir məsələ üzərində xüsusi dayanmaq istərdim.  Bu məsələ ondan ibarətdir ki, Qurtuluş Günü formal olaraq 15 iyun elan edilsə də, əslində Heydər Əliyev müstəqil Azərbaycanın qurtuluşuna daha əvvəldən başlayıb. Bu mənada hələ Naxçıvanda onun təşəbbüsü və rəhbərliyi ilə Türkiyə ilə Naxçıvan arasında ərsəyə gətirilmiş Ümid körpüsü vurğulanmalıdır. 

Ümid körpüsü 28 may 1992-ci ildə Azərbaycanla Türkiyə arasında sərhəddə Araz çayı üzərində açılıb. Körpünün açılışında Heydər Əliyevlə birgə Türkiyənin o dövrdəki Baş Naziri Süleyman Dəmirəlin rəhbərliyi altında böyük nümayəndə heyəti də iştirak etmişdir. Süleyman Dəmirəl körpünün açılışı zamanı çıxışında demişdir: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”. 

Ulu Öndər Heydər Əliyev isə bəyan etmişdir ki, “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”. Azərbaycan tarixini mükəmməl bilən Heydər Əliyevin bu sözləri təsadüfi deyildi. Çünki bu körpü sözün həqiqi mənasında bir ümid, həsrət körpüsü idi. Bu sözün mahiyyətini başa düşmək üçün 1945-ci ildə Türkiyəyə  sığınmış azərbaycanlıların Boraltan körpüsü üzərində başına gətirilmiş  bir tarixi faciəni xatırlamaq yerinə düşər. Həmin azərbaycanlıların repressiyalardan qurtulmaq üçün son ümid yeri olaraq Türkiyəyə sığınmışdırlar. Amma o ümid sonda puç oldu. O zamanki Türkiyə rəhbərliyi Azərbaycanlıları SSRİ-yə təhvil verməyə razılaşır baxmayaraq ki, Azərbaycanlılar “xahiş edirik bizi burada gülləyin, öz bayrağımız altında ölək”, – deyirdilər. Amma Boraltan körpüsündən keçən əlibağlı azərbaycanlılar elə oradaca türk əsgərlərinin gözləri önündə güllələnirlər. Türk polis bölməsi komandirinin bu hadisədən sonra özünü öldürdüyü deyilir...Bununla bağlı bır ağı da yaranıb:

“Boraltan bir köprü, aşar geçer Aras’ı,
Yuğsan Aras suyuyla, çıkmaz yüzün karası.
Düşman bekler karşıda, önüne kattı beni,
Can alınan çarşıda, kardeşim sattı beni.
Dönüp seslendim geri, merhametsiz birine,
Beni siz vursaydınız, şu gavurun yerine.

İki qardaş ölkənin arasında güllələnən bu insanların faciəsi həm də iki qardaş ölkənin  həsrətinin rəmzidir.  Beləliklə, Ümid körpüsü təkcə Naxçıvanın blokadasının qırılması və insanların vəziyyətinin yaxşılaşdırılması üçün deyil, eləcə də Türkiyə və Azərbaycanın həsrətinin bitməsi, onların yaxınlaşması və birliyi üçün önəmli bir təməl olmuşdur. Bununla, bir tərəfdən Ulu Öndər “bir millət, iki dövlət” fəlsəfəsi real surətdə həyata keçirilməyə başlamış, digər tərəfdən isə Azərbaycanın müxtəlif təhdidlərdən, beynəlxalq təzyiq və təhlükələrdən, eləcə də işğaldan qurtulmaq strategiyası praktik olaraq formalaşmağa başlamışdır. 

2020-ci ildə 44-günülük Vətən müharibəsi zamanı ilk andan Prezident Ərdoğan Türkiyənin Azərbaycana siyasi dəstəyini ifadə edərək ölkəmizin yanında olduğunu bütün dünyaya bildirdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi məhz Türkiyə prezident Ərdoğanın bu mesajı bir çox ölkələrin Azərbaycanla Ermənistan arasındakı müharibəyə xaricdən müdaxilə cəhdlərinin qarşısını aldı. Prezident Ərdoğan işğaldan azad edilmiş torpaqlarımıza və Şuşa şəhərinə səfər etmiş ilk xarici ölkə başçısıdır. 2021-cii il 15 iyun Prezident İlham Əliyev və Prezident Ərdoğan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini imzaladılar. Bununla da faktiki müttəfiqliyimiz rəsmiləşdi. Azərbaycan-Türkiyə münasibətlərində yeni era başladı. 

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 15 iyun Qurtuluş günündə baş verməsi Azərbaycan xalqının Qurtuluş günündə bayrama bayram qatır. Çünki Şuşa Bəyannaməsi Qurtuluşumuzun məntiqi nəticəsi və əbədiliyinin daha bir zəmanətidir, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi deməkdir.

Sevindirici haldır ki, 28 may 2023-cü ildə yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan Azərbaycana 12-13 iyunda səfər edib və bu səfər həm Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin ildönümü ərəfəsində baş verib. Səfər zamanı Prezident Ərdoğan bildirib ki, “Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənir”. Prezident İlham Əliyev isə diqqəti münasibətlərimin beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətinə yönəldib: “Türkiyə-Azərbaycan birliyi sabitlik, inkişaf və təhlükəsizik faktorudur”. Bu bəyanatlar Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə, Ulu Öndərin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik surətdə reallaşdırılmasının davam etdirilməsinə olan qarşılıqlı sədaqətin ifadəsidir. Qeyd edilənlər bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyət qayıdışı ölkəmizin qurtuluşu üçün misilsiz rol oynayıb. Onun ilkin cığırlarını açdığı, təməllərini yaratdığı bu qurtuluş yolu bu gün də həm ölkəmizin milli maraqları, rifahı və inkişafı, həm regionda sülh və tərəqqi, eləcə də bütün türk dünyası üçün mühüm rol oynamışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44-günlük Vətən müharibəsində qəhrəman əsgərlərimizin torpaqlarımızı işğaldan azad etməsi və Zəfər qazanması Heydər Əliyevin Azərbaycana gətirdiyi qurtuluşun davamıdır, onun qoyub getdiyi böyük irs etibarlı əllərdədir. 

Adil Əliyev,

Milli Məclisin sədr müavini 

Siyasət