“Kəloğlanın sərgüzəştləri” Salyan kuklaçılarının təqdimatında

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə  13-17 iyun tarixlərini əhatə edən “Kukla teatrları həftəsi”nin proqramına uyğun olaraq bu gün Salyan Dövlət Kukla Teatrının təqdimatında “Kəloğlanın sərgüzəştləri” adlı tamaşa təqdim olundu.

Uşaqlarda kitaba, elmə, təhsilə maraq oyatmaq məqsədi ilə hazırlanan əyləncəli nağıl-tamaşa balaca teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı.
Dəcəl, xüsusən də kitab və əşyalarına qarşı diqqətsiz olan Kəloğlanın ən sevimli işi  məktəbdə kitablarını cırmaq, evdəki əşyaları dağıtmaqdır. Heç nəyə marağı olmayan Kəloğlan nəinki mütaliəni sevmir, heç nağıllara da inanmır. İşi-gücü komputer oyunları oynamaq və sosial şəbəkələrdə gəzməkdir.

Günlərin bir günü oyun oynayarkən bu dəcəl qəhrəmanı yuxu tutur, yuxuda nağıl qəhrəmanlarını  görən Kəloğlan onlardan əməlli-başlı ibrət götürür. Ayılanda isə bütün əməllərindən peşman olaraq kitablara və ətrafına qarşı daha da diqqətli olacağına söz verir.

Balaca teatrsevərlər üçün hazırlanmış  tamaşanın müəllifi Ağəddin Babayev, quruluş müəllifi Rafiq Mirzə, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir. 

Rolları Salyan Dövlət Kukla Teatrının aktyorları Röyal Qurbanov, Elşən İsmayıl, Nahid Rüstəmbəyli, Nərmin Hüseynli,  Xuraman Qədirova, Böyükağa Mehdizadə ifa edirlər.

Fidan SALMANOVA,
“Xalq qəzeti”













Mədəniyyət