Ulu öndərin Naxçıvandan başlanan xilaskarlıq marafonu

post-img

Zəmanəmizin görkəmli siyasətçisi Heydər Əliyevin 1993-cü ilin yayında ikinci dəfə hakimiyyətə qayıdışı təkcə Azərbaycanın yox, eləcə də Cənubi Qafqazın və bölgənin taleyində dönüş nöqtəsi oldu. Müstəqilliyin ilk illərində ciddi hərbi-siyasi böhranla üzləşmiş Azərbaycanın daxili və xarici düşmənləri bu qayıdışa bütün vasitələrlə mane olmağa çalışmışdılar. Lakin fəlakət anında son və qəti sözü xalq dedi. Torpaqlarını hissə-hissə itirən Azərbaycan suverenliyini də əldən verməli olanda ümummilli lider Heydər Əliyev xalqın arzu, təklif və tələbi ilə müstəqil ölkənin ali idarəçiliyini qəbul etdi.

Dünya miqyasında tanınmış si­yasətçi və dövlət xadimi olan ulu öndər bu qayıdışı tarixi zərurət kimi qəbul edib xilaskarlıq missiyasını müstəsna bir qətiyyətlə gerçəkləşdir­məyə başladı: “Doğma Vətən torpa­ğına yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respub­likanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəl­mişəm. Məni bir azərbaycanlı kimi heç kəs bu hüququmdan məhrum edə bilməz”. Bu məramla Moskva­dan Bakıya dönüb ölkə rəhbərliyinin biganəliyini və xəyanətkarlığını görən ümummilli lider doğulduğu diyara – blokada şəraitində və ciddi işğal təhlükəsi altında yaşayan Naxçıvana getməli, müqəddəs mübarizəsinə ən çətin nöqtədən başlamalı oldu.

Doğma yurda dönüş 

O dövrün siyasi xronikasına diqqət edəndə də görünür ki, siyasət nəhəngi, amal və əməl dahisi Heydər Əliyevin 1990-cı ilin yayında Naxçı­vana dönüşü, mərkəzi meydanda on minlərlə adamın bitib-tükənməyən sevgi-sayğısı ilə qarşılanması bö­yük siyasətçinin dalana dirənmiş ictimai-siyasi fəaliyyətinin yeni döv­rünün başlanmasının müjdəsi oldu. Heydər Əliyevin həmin ilin 22 iyulun­da Azərbaycana – Naxçıvana qayı­dışı tarixi bir zərurət idi. Ölkə medi­asının, xüsusən də hakimiyyətə bağlı olan mətbuat orqanlarının bu tarixi hadisəyə soyuq və susqun münasi­bətinin səbəbləri o dövrdəki hakimiy­yətin qadağaları ilə əlaqədar idi. 

Lakin tarixi həqiqətləri inkar et­mək və gerçək tələbatı gizlətmək də mümkün olmamışdı. Bir ilk ola­raq, bütün qadağalara baxmayaraq Naxçıvanda nəşr edilən qeyri-for­mal “Varlıq” qəzeti iyulun 25-də xalq hərəkatı fəalı Əli Şamilin, ondan bir gün sonra isə muxtar respublikanın rəsmi mətbu orqanı “Şərq qapısı” qəzeti Möhsün Möhsünovun Heydər Əliyevlə müsahibələrini ictimaiyyətə təqdim etmişdi. Bunlar Heydər Əliye­vin Azərbaycana – Naxçıvana tarixi dönüşündən sonra mətbuatın dərc etdiyi ilk müsahibələr idi. 

Yeri gəlmişkən, qeyd edək ki, hə­min dövrdə ulu öndər Heydər Əliye­vin Vətənə dönüşünü alqışlayan və dəstəkləyən (mətbuat tədqiqatçıları tərəfindən bu gün yetərincə öyrə­nilməyən) “Varlıq” nəşri 20 Yanvar hadisələrindən sonra Heydər Əliye­vin Moskvada Azərbaycanın daimi nümayəndəliyindəki tarixi çıxısının tam mətnini ilk dəfə çap edən qəzet olmuşdur. “Varlığ”ın 1-ci sayında işıq üzü görmüş bu çıxışın mətni Naxçı­vanda gizli yolla 20 min tirajla çap olunub bütün Azərbaycana yayılmış­dı. 

Naxçıvana dönüş Heydər Əliye­vin siyasi fəaliyyətə yenidən qayıdışı olduğu kimi, həm də Azərbaycanın xilas yolunun başlanğıcına çevrildi. Başqa sözlə desək, böyük siyasət­çiyə xalqın azadlıq mübarizəsinə qoşulmaqda iradə və güc verən Nax­çıvan bununla özünü də yox olmaq təhlükəsindən xilas etdi. Tədqiqatçı­ların da yazdığı kimi: “Tənəzzülə uğ­rayan iqtisadiyyat, sürətlə artan infl­yasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi”. Azər­baycana rəhbərliyinin birinci dövrün­də Vətəninin hərtərəfli inkişafında mi­silsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bugünümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliye­vin siyasi bioqrafiyasına 1990–1993-cü illər həyat və fəaliyyətinin Naxçı­van dövrü kimi daxil oldu. 

Heydər Əliyevin özü də bu illə­rin mahiyyətini ayrıca vurğulayaraq muxtar respublika sakinləri ilə görüş­lərinin birində demişdi: “Naxçıvan­da doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim za­man Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mə­nim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizin­lə bir yerdə yaşamağım, işləməyim olubdur”.

Xalqın lider sevgisi...

Dövrün rəsmi nəşrlərində – “Kom­munist”, “Bakinski raboçiy”, “Sovet kəndi”, “Vışka”, “Azərbaycan gənclə­ri”, “Molodyoj Azerbaydjana” və digər qəzetlərdə Heydər Əliyevin Naxçıva­na dönüşünün motivləri böhtan dolu çalarlarla əksini tapsa da, yeni gizli nəşrlər məsələdə obyektiv mövqe­də dayandılar. “Varlıq”, “Aydınlıq”, “Azadlıq”, “İki sahil”, “Ədalət”, “Yurd­daş”, “Səs”, “Mədəniyyət”, “Respub­lika”, “Vətən səsi”,“Naxçıvan” kimi qəzetlərin səhifələrində Naxçıvanla bağlı dərc edilən xəbər və material­larda xalqın azadlıq səsi eşidilmək­də, böyük siyasətçiyə məhəbbət və sevgilər duyulmaqda idi. 

Həmin dövrdə Naxçıvanla bağlı xəbərlərə qoyulan qadağalar qorxu və təpki hissləri aşılsa da, bu qəzet­lərin məsul işçiləri, eyni zamanda, o zaman Azərbaycan jurnalistikasının fədakar nümayəndələri olan Mirzə Əsgərov (“Azərinform”un müxbiri), Əhməd İsayev (“Respublika” qəzeti­nin baş redaktoru), Əmir Mustafayev (“Respublika” qəzetinin baş redak­tor müavini, sonralar “Azərbaycan” qəzetinin baş redaktoru), Vüqar Rə­himzadə (“İki sahil” qəzetinin baş redaktoru), Əli Şamil (“Şərq qapısı” və “Varlıq” qəzetlərinin əməkdaşı), Şahmar Əkbərzadə (“Mədəniyyət” qəzetinin baş redaktoru), Teymur Əhmədov (“Vətən səsi” qəzetinin baş redaktoru, sonralar “Respublika” qəzetinin baş redaktoru), Möhsün Möhsünov (“Şərq qapısı” qəzetinin əməkdaşı), Mais Səfərli (“Yurddaş” qəzetinin baş redaktoru), Xeyrəddin Qoca (“Açıq söz” qəzetinin redak­tor müavini) və başqaları Naxçıvan həqiqətlərinə və Heydər Əliyevin fəa­liyyəti ilə bağlı xəbərlərə müntəzəm yer ayırmalarını özlərinin vətəndaşlıq işi və jurnalist borcu bilmişdilər. 

Maraqlıdır ki, keçmiş ittifaqın mərkəzi mətbuatında da Azərbay­can xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətə qayıdışını əks etdirən media vasitələri olmuş­dur. “Pravda”, “İzvestiya”, “Trud” kimi mərkəzi mətbuat orqanlarının Naxçıvan reallıqlarına səhifələrində yer ayırması həm də Heydər Əliyev dühasının qüdrətindən irəli gəlirdi. Xatırladaq ki, Heydər Əliyevin hələ Naxçıvana dönüşündən xeyli əvvəl “Teatralnaya jizn” jurnalı üçün Andrey Karaulovla müsahibəsində ulu öndə­rin o zamankı gerçəklərə münasibəti müəyyən qədər ifadəsini tapmışdı.

Heydər Əliyevin 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azər­baycanın Moskvadakı Daimi Nü­mayəndəliyinə gələrək ictimaiyyət qarşısında cəsarətli və özünəməxsus çıxışı, faciəyə verdiyi tarixi qiymət, onun günahkarlarının cəzalandırıl­ması tələbi xalqda gələcəyə nikbin­lik, ədalətə inam aşılamaqla yanaşı, ulu öndərin həyatına ciddi təhlükə yaratmışdı. Sov.İKP MK-nın baş təb­liğat maşını olan “Pravda” qəzetində dərc olunmuş “Əliyevçilik, yaxud xoş əyyamların xiffəti” məqaləsi, əslində, Heydər Əliyevə qarşı siyasi təqiblərin başlanmasından xəbər verirdi. Bun­dan az sonra “Kommunist” qəzetində “Bu da tayfa oyunudur?” məqaləsinin yer almasının məqsədi də Heydər Əliyevin Azərbaycana gələn yolları­nın bağlanması idi.

Nə qədər fitnə-fəsad və təcavüz cəhdləri törədilsə belə, ulu öndərin haqq yolunu bağlamaq mümkün ol­madı. Onun Bakıda yaşamasına im­kan verilməsə də, doğma Naxçıvan öz xilaskarını qəbul etməklə, Heydər Əliyevi yenidən siyasət meydanında yüksəltdi. Onda Naxçıvan son dərə­cə çətin və olduqca ağır dövrünü ya­şayırdı. İqtisadiyyat tamamilə dağı­dılmış, əhalinin maddi durumu aşağı düşmüş, ərzaq qıtlığı yaranmışdı. 

Ermənilərin hücumlarının bölgə­dəki ağır situasiyanı daha da gər­ginləşdirdiyi bir zamanda, Azərbay­can rəhbərliyinin Naxçıvana ögey münasibəti də muxtar respublikanı son dərəcə acınacaqlı bir durumla üzləşdirmişdi. Mətbuatın da yazdığı kimi, belə bir vaxtda xalqımızın bö­yük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmiş, hamı onun timsalında böyük xilaska­rını tapmışdı.

Beləliklə, Heydər Əliyevin Naxçı­vana qayıdışı həm də Azərbaycanın tarixində yeni bir eranın başlanğıcı olmuşdu. Naxçıvan Muxtar Res­publikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə qeyd edildiyi kimi, Moskvadan Naxçıvana dönüş, o dövrün bəzi qəzetlərinin yazdığı kimi, əyalətə yox, Vətənə gəliş idi. Bu, həm də böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.

Bu qayıdış sonralar da siyasi dairələrin və siyasətçilərin, eləcə də mətbuatın ən çox bəhs etdiyi mövzu­lardan oldu: Heydər Əliyev meydana – xalqın görüşünə gəldi. Bu böyük şəxsiyyətlə görüşə gələnlərin, onu uzaqdan müşahidə edənlərin şad­lığını təsvir etmək çətindir. Heydər Əliyevin sevinc dolu alqışlar altın­da etdiyi qısa çıxış xalqına sonsuz məhəbbətlə dolu böyük ürəyin səsi idi. Bəzi mənbələrdə bu görüşdə 20, 30 min insanın iştirak etdiyi vurğu­lanır. Tarixi qayıdaşa şahidlik edən “Varlıq” qəzeti yazırdı: “Naxçıvanda Azadlıq meydanına gələrkən Heydər Əliyev başı üzərində ucaldılan üç­rəngli, ay-ulduzlu bayrağı görüb onu öpmüşdür. Görüşdə 50 min nəfərə yaxın kişi, qadın, məktəbli və hətta kiçik yaşlı uşaqlar iştirak etmişdir”.

“Heydər Əliyev qadağası”nın iflası

Göründüyü kimi, ümummilli li­derin Naxçıvanda siyasi fəaliyyətə başlaması, bundan sonra baş verən ciddi hadisələr ölkədə və xaricdə mətbuatın daimi mövzusuna çevrildi. “Ulduz” jurnalının (6-cı say), ardın­ca “Respublika” (Azər Abdulla “Mən adamlara inanmışam”) və Tbilisidə çıxan “Sovet Gürcüstanı” qəzetlə­rinin ulu öndərdən müsahibə alıb dərc etmələri yaxın-uzaq medianın Heydər Əliyev fenomeninə ayırdığı diqqətin, verdiyi dəyərin ifadəsi idi. 

“Xalq qəzeti”nin müxbiri mərhum Əlipənah Bayramovun görkəmli alim Tələt Qayıbovla müsahibəsində də bu diqqət əksini tapmışdı: “1920-ci il aprel çevrilişindən sonra mən Azərbaycanın tarixində iki böyük şəxsiyyət tanıyıram: Sovet İttifaqının möhkəmləndiyi dövrdə hakimiyyətə gələn Mircəfər Bağırov və bu dövlətin süqutu ərəfəsində hakimiyyətdə olan Heydər Əliyev. Yenə də siyasi mədə­niyyətimiz çatmadığı üçün özümüz tarixi şəxsiyyətlərimizi məhv edirik”. 

Bu dövrdə Azərbaycanın siyasi hakimiyyətinin qadağalarına baxma­yaraq, bir sıra rayonlarda dərc edilən yerli qəzetlərin müxbirlərinin Heydər Əliyevlə görüşə və ondan müsahi­bələr almağa can atmaları da xalqın ona məhəbbətindən doğurdu. Həmin dövrdə rəsmi mətbuatda Heydər Əli­yev haqqında yazmaq, onun fikirləri­ni xalqa çatdırmaq yasaq edilmişdi. Azərbaycanın o zamankı korafəhm və vassal düşüncəli rəhbərliyi xalqın ümummilli liderini informasiya bloka­dasına almaqla, təkcə ona düşmən münasibət bəsləyən Moskvanın tap­şırığını yerinə yetirmir, həm də öz­lərinin müstəqil olmayan, xalqazidd siyasətləri ilə sonu yaxınlaşan haki­miyyətlərini qorumağa cəhd edirdilər. Bununla belə, vətənsevər, cəsarətli Azərbaycan jurnalistləri görkəmli si­yasətçinin fikirlərini xalqa çatdırmaq üçün əllərindən gələni əsirgəmir, qo­yulmuş qadağalara boyun əymir, hər cür məhrumiyyətlərə dözürdülər. 

Belələrindən biri də həmin vaxt­lar Saatlıda çıxan “Dönüş” qəzetinin şöbə müdiri olmuş Fəxrəddin Ağa­mirzəyevdir. Peşəkar jurnalist və qeyrətli qələm sahibi olan Fəxrəddin Ağamirzəyevin Naxçıvanda Heydər Əliyevlə görüşməsi və 1990-cı ilin avqust ayında “Dönüş” qəzetinin 3 sayında ulu öndərlə aktual və əhatə­li müsahibəsini dərc etdirməsi ziyalı fədakarlığı nümunəsi olmuşdu. Bu tarixi müsahibədə Fəxrəddin Ağamir­zəyevin “Respublikaya qayıdandan sonra jurnalistlərlə çoxmu görüşünüz olub? Daha çox hansı jurnalistləri maraqlandırmısınız?” sualına ulu öndər belə cavab vermişdir: “Naxçı­vana qayıdandan daha çox, əsasən Naxçıvan Muxtar Respublikasının jurnalistləri ilə goruşum olub. Təəs­suf ki, Bakıdan olan jurnalistlərin hec birisi mənim yanıma gəlməyib. Bakıdan bir-iki azad qəzetlərin jur­nalistləri gəlib mənimlə görüşüblər. Ancaq rəsmi mətbuat orqanlarının jurnalistləri mənim yanıma gəlmirlər. Mərkəzi televiziyanın “Vremya” (“Za­man”) xəbərlər redaksiyasının Azər­baycan Respublikası üzrə müxbiri Mais Məmmədov mənə zəng etdi və çatdırdı ki, Moskvadan ona göstəriş var ki, mənimlə gorüşsün, mərkəzi televiziyaya material hazırlasın. Mən də razılığımı verdim ki, gəlsin. O dedi ki, onda sabah mən gəlirəm Naxçıva­na, sizinlə görüşməyə. Ancaq ondan sonra o gəlmədi. Mənə belə gəlir ki, burada nəsə bir səbəb var. Çünki, bu onun özünün təşəbbüsü deyildi. Bu, mərkəzi televiziyanın təşəbbüsü idi. Gəlmədi gəlməsin, eybi yoxdur. Bun­dan başqa, Litvadan, Estoniyadan mənim yanımda jurnalistlər olmuş­lar. Sonra Moskvadan bir-iki jurnalist telefon vasitəsilə məndən müsahibə almışdır”. 

Müəllif o zaman Heydər Əliyev­lə görüşün çətinliklərindən söhbət açaraq yazırdı: “Heydər Əliyevlə görüşüb müsahibə götürmək fikrinə düşəndə tam aydınlığı ilə dərk edir­dim ki, bundan sonra məni nələr gözləyir. Ən azı, bunu həmin dövrdə mərhum Əjdər Xanbabayevin başı­na gətirilənlərdən bilirdim. Həm də müsahibə alıb dərc etdirmək fikrim yaranandan uca bir zirvəyə doğru yön aldığımı dərk edirdim”. Fəxrəd­din Ağamirzəyev böyük naşir Əjdər Xanbabayevin taleyini yaşamasa da, “Dönüş” qəzetnin 1990-cı il 100, 101 və 102-ci saylarında “Heydər Əliyev­lə müsahibə”ni çap etdirəndən dər­hal sonra ciddi təqibə məruz qaldı, ən yaxşı halda, “öz ərizəsilə” işdən azad edildi. Bundan sonra jurnalistin özünə və ailə üzvlərinə qarşı təhdid­lər başlandı, fəaliyyətdən uzaqlaşdı­rıldı, işsiz qaldı.

Uzun illərdən sonra bu müsahibə “Dönüşdәn Qurtuluşa” adlı kitabda yenidən çap olundu. Nəşrin ön sö­zündə, kitabın redaktoru, Əməkdar jurnalist Tahir Aydınoğlu müxbirin fəaliyyətini belə qiymətləndirir: “Hey­dәr Әliyev şәxsiyyәtinәhәmişәson­suz sevgi bәslәyәn Ağamirzәyevlәr ailәsinin “Dönüş” qәzetindәşöbәmüdiri işlәyәn 30 yaşlı oğlu, jurnalist Fәxrәddin Ağamirzәyev Heydәr Әli­yevәqarşı yönәlmiş şiddәtli böhtan kampanyasına dözmәyәrәk, qarşıda onu nәlәr gözlәdiyinin fәrqinәvar­mayaraq çox çәtinliklәblokadada olan Naxçıvana getmiş, ikiqat bloka­dada yaşayan әfsanәvi soydaşımız Heydәr Әliyevlәşәxsәn görüşmüş, onunla müsahibәaparmışdı. Jurna­list aldığı geniş müsahibәdәHeydәr Әliyevlәbağlı hәqiqәtlәri ortaya qoy­muş, o günlәrin әn vacib, bu gün dәaktuallığını itirmәmiş suallarına tarixi cavablar almışdı“.

Azadlıq savaşının başlanğıcı

Naxçıvana gəlişindən az bir müd­dət sonra Heydər Əliyev siyasi fəa­liyyətə başladı, o, özü siyasətdən tam uzaq olmaq arzusunu dəfələrlə bəyan etsə belə, şəxsi dincliyini bir kənara qoyub xalqın milli iradəsinə tabe oldu – çətin dövrdə xalqın dər­dinə şərik çıxdı, vətəndaşlıq borcunu yerinə yetirdi, azadlıq uğrunda mü­barizəyə qoşuldu. Ulu öndər Heydər Əliyevin Naxçıvana dönüşü muxtar vilayətin siyasi həyatına ciddi bir canlanma gətirdi. Naxçıvanın diqqət mərkəzində olması ilə Heydər Əliye­vin fəaliyyəti də informasiya məka­nında, çətinliklə olsa da, özünə yer tapmağa başladı.

Naxçıvana qayıdışdan iki ay sonra – 30 sentyabr 1990-cı ildə ke­çirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçı­van MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əli­yevin sədrliyi ilə fəaliyyətə başladı. Bu sessiyada təkcə Naxçıvan deyil, bütün Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyük­lü qərarlar qəbul olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası­nın adından “Sovet Sosialist” sözləri­nin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respub­likasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bay­rağın Naxçıvan Muxtar Respublikası­nın dövlət bayrağı kimi qəbul edilmə­si haqqında tarixi qərarların qəbulu cəmiyyət üçün sevindirici olsa da, respublika və ittifaq rəhbərliyi üçün gözlənilməz idi. 

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi muxtar respublikada mürəkkəb vəziyyətin nəzarətə alınıb idarə olunmasını tə­min etdi. Ermənistanın işğal hədəfin­də olan qədim diyarın bu təhlükədən xilasının ən başlıca səbəbi Heydər Əliyevin Naxçıvan Muxtar Respubli­kası Ali Məclisinin Sədri kimi xalqı öz ətrafında birləşdirməsi, region döv­lətləri ilə əlaqələri möhkəmləndirərək böyük güclərin təcavüz planlarını məharətlə pozması, düşmən qəsd­lərinə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik etməsi idi.

Namiq ƏHMƏDOV, “Xalq qəzeti”

Siyasət