Müstəqillik şəraitində dövlət–din münasibətləri

post-img

Bu yaxınlarda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri f.e.d., professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabı nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maaliyyə dəstəyi ilə Sabunçu rayonu Pirşağı qəsəbəsindəki “Cümə” məscidi dini icmasının həyata keçirdiyi layihə çərçivəsində çap olunmuşdur. Bu tədqiqat əsəri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr olunmuşdur. 

Monoqrafiya müstəqillik dövrün­də ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət-din si­yasətinin fəlsəfi-sosioloji cəhətdən araş­dırılmasına həsr edilib. Ümumiyyətlə, dünyada elə bir xalq yoxdur ki, onun formalaşmasında dini inancların və adət-ənənələrin payı olmasın. Dini inanc­lar və dinə olan ehtiyac insanla birlikdə yaranır, onun həyatının ayrılmaz bir his­səsinə çevrilir, ictimai davranış və əxlaq qayda-qanunlarının tənzim edilməsində, həmçinin mənəvi dəyərlərin təşəkkülün­də mühüm rol oynayır. 

Ümummilli lider Heydər Əliyevin ifadəsi ilə desək: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyər­lərimizlə və adət-ənənələrimzlə fəxr edi­rik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlə­rimizi yaradıbdır və bunlar bizim xalqımı­zın mənəviyyatını təşkil etməkdədir”. 

Yaşlı nəsil bilir ki, sovet dövründə hakimiyyət dinə və dini inanclara qarşı obyektiv və birmənalı olmamış, dini möv­zuların araşdırılması ateizm düşüncəsi altında həyata keçirilmişdir. Müstəqillik­dən sonra Azərbaycan xalqının milli iden­tikliyinin, maddi və mənəvi irsinin, dilinin, dininin, milli şüurunun, milli mentaliteti­nin, mədəniyyətinin, adət-ənənələrinin, memarlıq abidələrinin qorunması və inki­şaf etdirilməsi dövlət qarşısında prioritet məsələlərindən birinə çevrilmişdir. 

Bu nöqteyi-nəzərdən professor Sakit Hüseynovun yeni ərsəyə gətirdiyi “Hey­dər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı kitabının mövzusu olduqca aktualdır və qloballaşma dövründə dinamik xarak­ter daşıyır. Belə ki, müəllif kitabın əsas mövzusu kimi ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin fəa­liyyəti, fərman və sərəncamları, çıxış və nitqləri, görüş və qəbulları barədə məlu­matları tarixi-xronoloji ardıcıllıqla topla­mış, daha sonra elmi-fəlsəfi istiqamətdə şərhlər etmişdir. 

Kitabda prezident İlham Əliyevin İs­lam həmrəyliyi çağırışının zəruriliyi əsas­landırılmış, XX əsr 90-cı illərin əvvəllə­rində Heydər Əliyevin İslam həmrəyliyi ilə bağlı maraqlı və uzaqgörən ideyaları sosial-fəlsəfi aspektdə şərh edilmişdir. İslam dininin həmişə əmin-amanlıq, qar­daşlıq, sülh və barış dini olduğunu vurğu­layan Heydər Əliyev “İslam həmrəyliyi”­nin həm təriqətlərarası, həm müsəlman aləmində dialoq, həm də bütün dünyada humanist prinsiplərin bərqərar olunması­na müsbət təsir göstərəcəyinin təhlil edil­məsi kitabın ana xəttini təşkil edir. 

Bu baxımdan, təqdim olunmuş ki­tabın mövzusu milli təhlükəsizliyin bir tərkib hissəsi olan dövlət-din münasi­bətlərinin tədqiqi istiqamətində də bö­yük əhəmiyyətə malikdir. Müəllif kitabda xalqımız müstəqillik əldə etdikdən sonra din sahəsində yaranmış boşluqlardan və cəmiyyətimiz üçün yaranmış poten­sial təhlükələr haqqında bəhs etmiş, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəl­məsindən sonra yaranmış boşluqların aradan qaldırılması və milli təhlüksəizlik çərçivəsində dini ekstremizimlə mübarizə istiqamətində aparılmış nəzəri və əməli işlər barəsində ətraflı şəkildə məlumatlar vermişdir.

Kitabın obyektini tarixi, nəzəri və hüquqi baxımdan, Azərbaycanda din-dövlət və din-siyasət münasibətləri təşkil edir. Bununla yanaşı, Azərbaycan­da dövlət-din münasibətlərinin tənzim­lənmə modeli, cəmiyyətdə din sahəsində yaranmış yeniliklər və çağırışların həlli yolları, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin bu sahədə yü­rütdükləri din siyasətinin əsas istiqamət­lərini müəyyənləşdirən tezislər tədqiqatın əsas predmetini təşkil edir.

Kitabda həmçinin, dini – siyasi eks­tremizmin dini-psixoloji və sosial-fəlsəfi cəhətlərinə xüsusi diqqət yetirilmiş və dini- siyasi ekstremizmə qarşı mübarizə yolları araşdırılmışdır. Dini ekstremiz­mə qarşı mübarizənin qanunvericilik əsaslarına diqqət yetirilmişdir. Bununla bağlı “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “Dini etiqad azadlığı haqqın­da” Azərbaycan Respublikasının Qanun­ları haqqında müəllif tərəfindən ətraflı şərhlər verilmişdir.

Professor Sakit Hüseynovun gəldiyi qənaətlərdən biri də budur ki, Azərbay­canda İslam dəyərlərinə özünəməxsus qayıdış, İslam dinindən irəli gələn əxlaqi, humanist dəyərlərin müasir demokra­tik, hüquqi, dünyəvi, mütərəqqi inkişaf meyarları ilə uzlaşması milli-dünyəvi dəyərlərin tərəqqisi, cəmiyyətdə inanc hisslərinin möhkəmlənməsi baxımından müstəsna rol oynayır. Çünki, illər keç­dikcə xüsusi ilə də gənclərimiz öz dəyər­lərilə daha yaxından tanış olur, onlara daha dərindən yiyələnir və mənimsəyir­lər. Gənc nəslin əldə etdikləri bu dəyər­lərin tarixi keçmişi, sonrakı dəyişiklikləri və bugünkü əhəmiyyətini bilmək olduqca vacibdir. Prezident İlham Əliyev İƏT-ə üzv olan ölkələrin turizm nazirlərinin V konfransında (11 sentyabr 2006) belə qeyd etmişdir: “... Bizi birləşdirən İslam dini var, bizim mədəniyyətimiz var, insan­larımız bir-birilə nə qədər çox təmasda olsalar, bizim üçün bir o qədər də yax­şı olacaq, İslam dünyası bir o qədər də möhkəmlənəcək” 

Bu gün Azərbaycandakı mövcud di­ni-etnik dözümlülük, müxtəlif mədəniy­yətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf et­dirmək, ona dəstək vermək, insanların gələcəyi naminə mədəniyyətlərin və din­lərin qarşılıqlı dialoquna nail olmaq döv­lət siyasətinin mühüm tərkib hissəsidir. Milli mədəniyyətin və dini dəyərlərin qo­runması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasət də dövrün reallıqları ilə uyğunlaşır. Azərbaycan to­lerant ölkədir və burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri ara­sında xoş münasibətlər və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə gücləndirilir.

Kitabın elmi redaktoru Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, rəyçiləri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov, tarix elmləri doktoru, dosent Eynulla Mədətli, fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, hüquq elmləri doktoru, BDU-nun professoru Etibar Əliyev və ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov­dur.

Sonda qeyd etmək istərdim ki, prof. S.Hüseynovun yazdığı bu fundamental əsər ağır işin və uzun zaman kəsiyində aparılmış tədqiqatların nəticəsidir. Belə ki, əsər Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra ölkəmizdəki dövlət və din münasibətlərinin tarixindən, hazırki və­ziyyətindən və gələcək perspektivlərin­dən bəhs edir. 

Elnur MUSTAFAYEV, 
AMEA Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə doktoru

Siyasət