Müasir Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir

post-img

Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ümummilli liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğunun təsdiqidir. 

Adı daim milli dövlətçiliyimizlə qoşa çəkilən, fenomen şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü döv­lətə, xalqa xidmət nümunəsidir. 1969–1982-ci illərdə ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atdı. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki ölkə özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xid­mət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə yaradıl­mışdır. O illərdə əsas diqqət respublika­da yeni müəssisələrin, zavod və fabrik­lərin yaradılmasına, yeni yolların, dəmir yollarının çəkilməsinə yönəldilmişdir. Si­yasi hazırlığı və idarəşilik qabiliyyəti ilə diqqəti cəlb edən Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, MK Siyasi Bürosunun üzvü kimi çalışdığı dövrdə də Azərbaycanla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. 

Ümummilli liderin fəaliyyətinin hansı dövrünə diqqət yetirsək, Vətən, torpaq, xalq sevgisinin onda nə qədər böyük ol­duğunu görərik. Azərbaycançılıq məfkurə­sinin ən parlaq səhifələri də məhz haki­miyyətinin birinci dövründə yazılmışdır. Ulu öndər o dövrdə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol vermə­miş, əksinə, onu yüksəltmək yolunda bü­tün imkanlardan maksimum dərəcədə is­tifadə etməyi bacarmışdı. Bu baxımdan, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr milli özünüdər­kin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Dahi şəxsiyyət Azərbaycanın müstəqil gələcəyini düşünərək, mühüm addımlar atmışdır. Azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblə­rinə göndərilməsi, hərbi kadrların hazır­lanması üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycan di­linin inkişafına diqqətin yönəldilməsi və sair kimi mühüm məqamlar bu günümüzə hesablanmış addımlar idi. Məhz ümum­milli liderin səyi və gərgin nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Dövr baxımından qəhrəmanlığa bərabər olan belə bir addım məhz müstəqil Azərbay­canın gələcəyi naminə atılmışdır. Azər­baycan dilinin idarəçilikdə geniş tətbiqi, böyük klassiklərin İttifaq miqyasında yubi­leylərinin keçirilməsi və sair kimi mühüm tədbirlər Heydər Əliyevin milli dövlətçiliyi­mizin ideya təməlində dayanan siyasəti­nin əməli nəticələridir. 

Naxçıvanda işlədiyi müddətdə də Azərbaycan naminə önəmli addımlar atan müdrik siyasətçi müstəqilliyimizin əbədiliyini təsdiqləyən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, gerbinin, himninin bərpası ilə uzaqgörənliyini təs­diqlədi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmə­di. Muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarıldı. Ölkəmizin icti­mai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyası kimi nüfuz qazanan, yarandığı gündən ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiya­sının yaradılması da Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindəndir. 

Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycanın xi­lası dövrü kimi xarakterizə edilir. 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilli­yini yenidən bərpa edən Azərbaycan ilk illərdə ölkəyə idarəçilikdən xəbərsiz, öz şəxsi ambisiyalarını dövlət maraqların­dan üstün tutan ünsürlərin rəhbərliyi uc­batından müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın sabaha ümid­ləri itmişdi. Belə bir çətin dövrdə xalq xilaskarını – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etima­dını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müd­dət ərzində Azərbaycanda sabitliyə, inki­şafa gətirib çıxarmışdır. Baxmayaraq ki, hələ 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir və o cəhdlərin də qarşısını Azərbaycan xalqı aldı”. Məhz ümummilli liderin dü­şünülmüş və məqsədyönlü siyasəti nəti­cəsində ölkəmizdə sabitlik təmin edildi, inkişaf, tərəqqi dövrü başlandı. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü, dövlətçiliyin əsasları qoyul­du, azərbaycançılıq fəlsəfəsi ideoloji si­yasətimizin əsas amili kimi təfəkkürlərdə formalaşdı.

Azərbaycanın dövlətçilik tarixində 1993–2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu öndər çoxşaxəli fəaliyyəti ilə təsdiqlədi ki, hər bir ölkənin həyatın­da lider amili əsasdır. Dövlətinin, xalqının gələcəyini düşünən Heydər Əliyev ölkə­sini daim irəli aparır. Azərbaycanın quru­cusu olduğunu əməlləri ilə təsdiqləyən, xalqın milli məfkurə və təfəkkürünü inki­şaf etdirməklə ən böyük azərbaycanlı ol­duğunu sübuta yetirən, dünyanın müxtə­lif ölkələrində yaşayan soydaşlarımızı təşkilatlandıran, xalqı cəmiyyətin siyasi sistemində aparıcı qüvvə, möhtəşəm vahid siyasi güc mərkəzi kimi birləşdirən ulu öndər bir daha təsdiqlədi ki, mənalı həyatını xalqına həsr etmiş tarixi şəxsiy­yətdir. Sağlığında əfsanəyə çevrilən ulu öndərin fəaliyyətinin hər bir istiqaməti tə­dqiqat mövzusudur. İllər ötdükcə xidmət­lərin miqyası daha aydın görünür. 100 ilin zirvəsindən baxdıqda yaradılan möhkəm təməlin üzərində daha böyük addımlarla irəliyə inamla baxan, yeniliyə, təkmilləş­məyə maraq göstərən Azərbaycanı möh­təşəm uğurlar gözlədiyini əminliklə qeyd edirik. Məhz möhkəm təməl Azərbayca­na qalibiyyət sevincini yaşatdı. 2003-cü ildən başlanan böyük yol Azərbaycana bir-birindən önəmli uğurlar qazandırdı. 

Ümummilli liderin ən böyük xidmətlə­rindən biri xalqa 2003-cü ildə tarixi müra­ciəti ilə Azərbaycanın bugünkü və gələcək inkişafı üçün inamın növbəti ünvanını göstərməsi oldu. Dahi şəxsiyyət cənab İlham Əliyevə özü qədər inandığını bil­dirdi. Həmçinin belə bir əminliyi ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın və Yeni Azər­baycan Partiyasının dəstəyi ilə axıra çat­dıracaq. 

Azərbaycanın Günəş kimi dünyaya doğması ulu öndərin ən böyük arzuları sırasında idi. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbayca­nın dünyaya Günəş kimi doğmasını təmin etdi, Prezident İlham Əliyev bu möhkəm təmələ söykənərək, ölkəmizi daha da gücləndirdi və torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirir. Dövlət başçı­sı mayın 10-da ümummilli liderin anadan olmasının 100 illik yubileyi münasibətilə Şuşadan müraciətində xoşbəxtliyini bir daha bu fikirlərlə ifadə etmişdir. “Qaraba­ğı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik” söyləyən ölkə Prezidenti bildirmişdi ki, 2020-ci il 8 no­yabr tarixdə əbədi qalacaq: “O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yeti­rildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşı­sında baş əydim, ürəyimdə dedim ki, qa­nınız yerdə qalmadı”.

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Tarixi sahibinə qovuşan torpaqla­rımız özünün sevincli anlarını, bərpa-qu­ruculuq dövrünü yaşayır. Hər bir şəhər, kənd və qəsəbə müasir tələblər səviyyə­sində yenidən qurulur, soydaşlarımızın gələcəkdə daha yaxşı, təhlükəsiz yaşayışı üçün bütün zəruri addımlar atılır. Tezlik­lə Böyük Qayıdış proqramı uğurla başa çatacaq. Bu torplarımız sakinlərinə qovu­şaraq həyatının tamamilə yeni dövrünü yaşayacaq. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Dövlət başçısı İlham Əliyev “Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcə­yik. Necə ki, ulu öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qal­dırdıq, ərazi bütövlüyümüzü tam bərpa et­dik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə ye­rinə yetirəcəyik” fikirləri ilə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Dünyaya səs salan bütün uğurlarımız, Azərbaycanın mükəmməl inkişaf modeli Heydər Əliyev siyasətinin təntənəsidir. 

 

Meydanəli YOLÇUYEV,
YAP Daşkəsən rayon təşkilatının sədri

Siyasət