Tələbə musiqiçilərin yubiley töhfəsi

post-img

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və kollecin 125 illiyinə həsr edilmiş maraqlı konsert proqramı təqdim olunub. 

Konsert proqramı Elm və Təhsil Na­zirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Azərbaycan Milli konservato­riyası nəzdində Musiqi Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx təqdim olunub. Ardınca Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndərin dövlətçilik tariximizdəki mi­silsiz rolundan danışıb. Vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə siyasi sabitlik bərqərar oldu, vətəndaşlarımızın güzəranı xeyli yaxşı­laşdı: “Respublikamız vətəndaş müha­ribəsinin astanasında idi. Məhz Heydər Əliyev ölkəmizi parçalanma təhlükəsin­dən xilas edərək dünya azərbaycanlıları­nın həmrəyliyini təmin etdi”.

Musiqi Kollecinin direktoru Nazim Kazımov çıxışında ulu öndərin mədəniy­yət xadimlərinə, incəsənət adamlarına göstərdiyi xüsusi qayğıdan bəhs edib. Bildirib ki, Heydər Əliyevin mükəmməl bi­lik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz izlər qoyub. Danılmaz həqiqətdir ki, onun hakimiyyəti illərində mədəniyyətimiz sürətlə inkişaf edib, milli ruhumuz özümüzə qayıdıb.

Daha sonra Yeni Azərbaycan Partiya­sında fəal iştirakına görə kollecin müəllim və tələbələrinə mükafatlar təqdim edildi.

Konsert proqramı Musiqi kollecinin istedadlı tələbələrinin ifasında mahnı və musiqi kompozisiyaları ilə davam etdi. Kollecin xalq çalğı alətləri və nağara­çalanlar ansamblları, xor kollektivi, nəfəs və zərb alətləri orkestri və digər solistlərin ifasında yerli və xarici bəstəkarların mah­nıları təqdim olundu. 

Bakı Musiqi Kollecinin tələbəsi Amin Əsgərli və ümummilli lider Heydər Əliye­vin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş Respublika müsabiqəsində fərqlənmiş İradə Məmmədovanın ifasın­da Ramiz Duyğunun “Karvan gedir öz yoluyla” və “Yurdum” şeirləri alqışlarla qarşılanıb.

 

Fidan HÜQUQQIZI,

Rizvan FİKRƏTOĞLU,

Elşən AĞALAROV (foto),

“Xalq qəzeti”



Sosial həyat