(əvvəli https://xalqqazeti.az/siyaset/129036-muselman-serqinin-ilk-cumhuriyyeti)
Gəncədə Qafqaz İslam Ordusu komandanlığı ilə yaranmış ixtilaflar nəticəsində öz işini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. 1918-ci il noyabrın 19-da Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. Dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki AMEA-nın Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentin sədri özü iştirak etmədən bu vəzifəyə seçilmiş, heç bir zaman iclaslara sədrlik etməmiş görkəmli hüquqşünas, diplomat Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. 11 fraksiyanın fəaliyyət göstərdiyi parlamentdə yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk–müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2.
Azərbaycanın müstəqilliyini qəbul etməyən ermənilər və başqaları parlamentin işində iştirakdan boyun qaçırdılar. Buna baxmayaraq, fəaliyyət göstərən parlamentin 155 iclası keçirildi. Müzakirəyə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edildi. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də bolşevik işğalı ərəfəsində keçirildi.
Qısa müddətdə tarixi əhəmiyyətli tədbirlər həyata keçirildi. Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə tədrisin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Türkiyədən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar açıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.
Qadınlara səsvermə hüququnu tanımaqla Azərbaycan dövləti dünya demokratiyasına mühüm töhfə verərək Qərb ölkələrinə nümunə oldu.
Xarici siyasəti necə qurmalı?
Azərbaycan dövlətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti tanıtmaq və qorumaq idi. Ona görə də fəal xarici siyasət yürüdülməyə başlandı. Cümhuriyyətin qurulması elan olunan kimi Avropanın bir sıra ölkələrinə yeni dövlətin yaradılması barədə məlumat göndərildi.
Xarici siyasət sahəsində ilk addımlardan biri Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Nümayəndə heyətinin İstanbuldan Parisə getməsinə ABŞ hökuməti yardım göstərdi. Ə. Topçubaşovun rəhbərlik etdiyi və zəruri materiallarla təmin olunmuş heyət Parisdə bir sıra vacib görüşlər keçirdi. 1920-ci il yanvarında Azərbaycanın dövlət müstəqilliyi Antanta Ali Şurası tərəfindən de-fakto tanındı. Bu, Cümhuriyyətin elanından sonra üçüncü böyük hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi.
Antanta ölkələri Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul etdilər. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı. Bir neçə xarici ölkədə nümayəndəliklər açıldı. Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Lakin bu sahədə çoxlu problemlər mövcud idi. Ən ağrılı məsələ Daşnak Ermənistanının Azərbaycana qarşı hərbi təcavüzü və Qarabağa əsassız iddiaları idi. Düşmən üzərində qələbə qazanıldı və ermənilər Azərbaycan hakimiyyətini qəbul etdilər.
İran tərəfinin dövlətin Azərbaycan adlandırılmasına, müstəqilliyinə etirazları, İran tərkibində muxtariyyət verilməsi təklifi rədd edildi. Nəticədə bu ölkə Paris sülh konfransında iştirak etməyə buraxılmadıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımağa və sənədlər imzalamağa məcbur oldu. Bolşevik Rusiyası isə Cümhuriyyəti tanımaqdan imtina edirdi.
Nədən süqut?
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının təcavüzünə məruz qalaraq süqut etdi. Milli hökumət devrildi və Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Doğrudur, ağır şərait ucbatından ölkədə dövlət quruculuğu problemlərsiz, aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş gəlmə xalqlar dövlət müstəqilliyini tanımırdılar. Ermənistanın təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun və ərazilərin işğalının dayandırılması başlıca problemlərdən idi. Aşırı demokratiya idarəçilikdə, xüsusən parlamentin fəaliyyətində çətinliklər yaradırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı müstəqil dövlətinin yanında idi. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən süqut etdi.
Yaranmış beynəlxalq şərait müstəqil dövlətin qorunması üçün əlverişli deyildi. Antanta ölkələrinin Rusiyada bolşevizmi “beşiyində boğmaq” və türk mülklərinə sahib olmaq uğrunda apardıqları müharibə hər iki dövləti yaxınlaşdıraraq Yaxın, Orta Şərqdəki və Qafqazdakı şəraitin dəyişməsinə təsir göstərdi.
Əvvəlcə Azərbaycan, sonra isə bütün Cənubi Qafqaz bolşevik Rusiyası tərəfindən işğal edildi, müstəqil dövlətlərin varlığına son qoyuldu və sovetləşdirildi. İşğalda Bakı nefti amili başlıca rollardan birini oynadı. Bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirən Rusiya həmin mövqeyi bərpa etmək üçün Azərbaycanı yenidən işğal etməklə dünya dövləti olmaqdan ötrü ilk addımlarını atmağa başladı.
Cümhuriyyətin süqutunun ibrət dərsləri
Cümhuriyyətin qurulması və milli hökumətin fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan hüdudları ilə məhdudlaşmır, coğrafi-siyasi sərhədləri aşaraq daha geniş anlam daşıyırdı. İlk növbədə, Cümhuriyyət bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Müsəlman dünyasına respublika məfhumunu, məfkurəsini, idarə üsulunu gətirən Azərbaycan xalqı onlara zülmətdən xilas olmağın yolunu göstərdi, ürəklərində ümid çırağı yandırdı. Heç əbəs deyildir ki, Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Cümhuriyyətin elanından sonra vətəndaş olmaq üçün İrkutskdakı Azərbaycan Konsulluğuna müraciət etmişdilər. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiri və Azərbaycan xalqının tarixi xidmətlərindən biridir.
Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə zaman azlığı, imkanlar, beynəlxalq şərait və digər amilləri nəzərdən qaçırmadan buraxılan boşluqları dərindən bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Hər şeydən əvvəl, Cümhuriyyətin tarixi təcrübəsi göstərdi ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək mümkündür, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Aşırı demokratiya anarxiyaya gətirdiyindən dövlət hakimiyyəti əleyhinə çıxan istənilən şəxs qanunlar qarşısında ədalət mühakiməsində cavab verməli, dövlətə qarşı silah işlədənlər isə anladıqları dildə dərhal məhv edilməlidirlər. Dövlət hakimiyyəti qüdrətli olmalıdır. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, onu qorumalı, maraqlarını hər şeydən üstün tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır. Azərbaycan xalqının tərəqqisinin və qarşıya qoyduğu başlıca məqsədlərə nail olmasının təməlində müstəqil güclü dövlət amili dayanır. Qüdrətli dövlət qələbələrin rəmzidir. Zəif dövlət hakimiyyəti zamanında Azərbaycan xalqı daim geri gedib.
Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın mənafelərini qorumalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Vətənin, Azərbaycan dövlətinin yanında olduqda böyük, güclü və qüdrətli görünürlər.
Tarixi keçmişimizə olduğu kimi sistem və ideologiyadan asılı olmayaraq hörmətlə, varislikdə və sistemli yanaşılmalıdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı Azərbaycan SSR də qurulmazdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi məhz Azərbaycan SSR-in coğrafi-siyasi sərhədləri daxilində bərpa edildi. Azərbaycan xalqının nicatı ən böyük nemət olan müstəqillikdədir. Cümhuriyyət süquta uğramasaydı Azərbaycan milləti və dövləti fərqli bir inkişaf yolu keçərdi.
Ənənələrin dirçəldilməsi
Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Onlar dərc etdikləri qəzet və jurnallarla istiqlal ideyalarını məhv olmağa qoymadılar. Bir qismi isə erməni və bolşevik terroruna qurban getdi. 20–30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.
70–80-ci illərdə ziyalılar Azərbaycan rəhbəri Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqilliyin təməllərini təşkil edən obyektiv amillər formalaşdı.
SSRİ-nin, kommunist ideologiyasının və sovet sisteminin mövcud olmasına baxmayaraq, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin ağsaqqal deputat olaraq Ulu öndər Heydər Əliyevin sədrlik etdiyi ilk sessiya iclasında respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı. Cümhuriyyət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi və Azərbaycan parlamentinə bu barədə müraciət olundu. SSRİ-nin saxlanılmasına dair referendum qədim diyarımız Naxçıvanda keçirilmədi. Beləliklə, Naxçıvan müasir müstəqil Azərbaycan Respublikası dövlətinin təməlinin rəsmi atıldığı yer oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası quruldu.
Cümhuriyyətin məfkurə irsi
Sovet dövründə Cümhuriyyət tarixinin öyrənilməsi müstəqillik düşüncələri formalaşdıra biləcəyindən qadağan edilmişdi. 1918–1920-ci illərdə baş verənlər vətəndaş müharibəsi, sinfi mübarizə nöqteyi-nəzərindən araşdırılırdı. 80-ci illərin sonlarından etibarən bu sahədə ilk addımlar atılmağa başlandı. Lakin sistemli işlərin görülməsinə ehtiyac var idi. Bu baxımdan 1998-ci ildə Cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə Prezident Heydər Əliyevin imzaladığı sərəncam müstəsna rol oynadı. Cümhuriyyət dövrü tarixinin sistemli, kompleks araşdırılmasına başlandı. Xarici siyasət sənədləri, parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı. Amma məlumdur ki, elm bir yerdə dayanıb qalmır, görüləsi işlər hələ də çoxdur. Xüsusən xarici ölkələrin arxivlərindəki yeni sənədlərinin elmi dövriyyəyə gətirilməsinə ehtiyac vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Adlarına qəsəbə, küçə və prospektlər vardır. Cümhuriyyətin 105 illiyi ilə bağlı müxtəlif səviyyələrdə tədbirlər həyata keçirilir.
Arzuların qüdrətli dövləti
Cümhuriyyət xadimləri Azərbaycanın müstəqil və güclü dövlət olmasını arzulayırdılar. Lakin onlar bu arzuları görmədən dünyadan köçdülər. Bu gün həmin istək və arzular həyata keçirilib. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da onu həyata keçirmək mümkün olmamışdı. Genuya konfransı zamanı mətbuata müsahibə verən Ə.Topçubaşov demişdi ki, Azərbaycanı işğal edərək müstəqilliyinə son qoyan bir ölkə ilə konsorsium yaratmaq olmaz, Azərbaycan gələcəkdə müstəqillik qazananda beynəlxalq konsorsium qurmaq olar. Təbii sərvət olan nefti ilk dəfə milli sərvətə çevirən Heydər Əliyev beynəlxalq konsorsium yaratdı. Cümhuriyyət xadimləri Bakı–Culfa dəmiryolunun tikintisini başa çatdırmaq məsələsini parlamentdə müzakirə edərək vəsait də ayırmışdılar. Hesab edirdilər ki, bu yolla Fars körfəzinə və Türkiyəyə çıxıb ticarət etmək olar. Lakin bolşevik işğalı onu reallaşdırmağa imkan vermədi. Bakı–Tbilisi–Qars dəmiryolu, Şimal–Cənub dəhlizi layihələrini reallaşdıran, Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olan Azərbaycan dövləti dünyanın vacib nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin yaradılması gündəlikdədir.
Ən başlıcası, Cümhuriyyət xadimlərinin arzusu olan güclü Azərbaycan dövləti qurulub. Dövlət bayrağımız işğaldan azad edilən Şuşada və digər torpaqlarımızda dalğalanır.
Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ərazisinin bir sıra ölkələrdən böyük olmamasına, əhalisinin isə çox olmamasına baxmayaraq, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib və birləşdirici gücdür. Dövlətimizin və millətimizin gözəl gələcəyi vardır. Gələcəyimizin başlıca formulunu Prezident İlham Əliyev aşağıdakı kimi müəyyənləşdirib:
“Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.
Cümhuriyyətin 105-ci ildönümü məhz bu əhvali-ruhiyyə ilə qeyd edilir.
Musa QASIMLI,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor