Niyə məhz Rəcəb Tayyib Ərdoğan?

post-img

“Qarabağda yaşananlar ölkəmizin qətiyyətli mövqeyinin nə qədər doğru olduğunu göstərdi. Türkiyə eynilə bir əsr bundan əvvəl Nuru paşanın komandanlığında Qafqaz İslam Ordusu kimi tarixin məsuliyyətli bir dövründə azərbaycanlı qardaşlarımızın yanında yer aldı”. Bu gün qardaş Türkiyədə prezident seçkilərinin ikinci turunun keçirildiyi bir məqamda Prezident Rəcəb Tayyib Ərdoğanın ölkə hökumətinin 15 dekabr 2020-ci il tarixli iclasından sonra xalqa müraciətində səsləndirdiyi fikirləri yada saldıq. Ancaq yada salacaqlarımız yalnız bununla kifayətlənmir və xatırlayacaqlarımız heç də o demək deyil ki, seçkilərin ikinci turunda cənab Ərdoğana dəstəyimizi ifadə etməyi düşünürük. Yəni, yalnız bunu düşünmürük. Ona görə ki, ümumən, Ərdoğan şəxsiyyəti bütün dəstəklərin fövqündədir. 

Əvvəla, bütövlükdə, Azərbaycan xalqının Türkiyənin hazırkı liderinə rəğ­bəti danılmaz reallıqdır və bir qəzet materialı heç bir halda mövcud reallığa əlavə çalarlar gətirmək iqtidarında deyil. İkincisi, hesab edirik ki, Ərdoğanla Azər­baycan xalqı arasındakı bağ o qədər bö­yükdür ki, mənəvi baxımdan yanaşsaq, seçki kimi proseslər həmin bağın hörmət və ehtiram anlamına qarşılıq üçün çox kiçikdir. 

Əvvəldə diqqətə çatdırdığımız iqti­basda Ərdoğan, məhz həmin böyüklüyü vurğuladı. Onun Qafqaz İslam Ordusu və Nuru paşa amili üzərində dayanması adi məsələ deyildi. Bəli, 44 günlük müharibə zamanı özünün nəhəng mənəvi dəstəyi ilə cənab Ərdoğan Nuru paşa idi, Tür­kiyənin dövlət aparatı isə Nuru paşanın əsgərləri. Xarici işlər naziri Mövlud Ça­vuşoğlu, Milli müdafiə naziri Hulusi Akar hər gün bu və ya digər açıqlamalar ver­dilər, Azərbaycanın sona qədər yanında olduqlarını bəyan etdilər. Türkiyə Böyük Millət Məclisinin bütün üzvləri və siyasi partiyalar birmənalı şəkildə Azərbayca­nın hər addımını müdafiə etdilər.

Bəli, taleyimiz belə gətirib ki, tariximiz dostluq və qardaşlığın sınaq səhifələri ilə yazılıb və yazılmaqdadır. Yerləşdiyi­miz mürəkkəb coğrafi şərait təlatümlər­siz həyat sürməyimizə imkan verməyib. İndi də imkan tanımır, sadəcə artıq güc­lüyük. Bütün narahatlıqlara qarşı təbii müqavimətimiz, möhkəm immunitetimiz var. Ərdoğan şəxsiyyəti ötən iyirmi ilin Türkiyəsinin immun sisteminin bənzərsiz qüvvə amilidir.

Mövzumuz həm də 44 günlük mü­haribə zamanı Türkiyənin Azərbaycana dəstəyi ilə bağlıdırsa, onu da vurğulama­lıyıq ki, tarix xalqımızın türk qardaşlarına dəstək anlarının müqəddəslik səhnələ­rinə də şahidlik edib. Əlbəttə, məqsədi­miz heç də bunları qabartmaq deyil. Nə də onu söyləmək istəmirik ki, Türkiyə və Azərbaycan xalqlarının bir-birinə dəstəkləri qarşılıqlı xarakter daşıyıb. Nə­hayət, biz bir millət olduğumuzu anladı­ğımızdan, əlimizdən gələni etmişik. Edə bilmədiyimiz məqamlar da olub ki, ya­nıb-yaxılmışıq. Ancaq nə xoş ki, bu gün edə bildiklərimiz ön plandadır və deməli, uca Tanrı bizi bir-birimizdən utandıracaq qismət yazmayıb. 

Bütün bunların fövqündə Rəcəb Tay­yib Ərdoğanın 44 günlük müharibə za­manı tutduğu qətiyyətli mövqeni nə üçün yada salırıq? Yəni, nəyə görə Türkiyə­dəki prezident seçkilərinin ikinci turunun keçirildiyi 28 may 2023-cü il tarixində cə­nab Ərdoğana dəstəyimizi məhz 44 gün­lük müharibə zamanı tutduğu qətiyyətli mövqe səbəbindən ifadə edirik? 

Əvvəla, şübhəsiz, Ərdoğan və onun komandasının timsalında Nuru paşa ənənəsini görürük. Söhbət türkün türkə dəstəyi ənənəsindən gedir. Lakin biz, eyni zamanda, Türkiyənin hazırkı iqtidarının şəxsində bu dəstəyin bütövlükdə, türk dünyasına hamilik ruhunu hiss etməkdə­yik. Nəzərə alaq ki, bu ruh, eyni zamanda, Osmanlı ruhudur. Osmanlının ruhunda isə bəşəri ədalət, məzlumlara kömək, tərəqqi və inkişaf var. Təsadüfi deyil ki, böyük güclərin yer üzündəki ədalət nizamını poz­mağa yönəlmiş fəaliyyəti məhz Osmanlını süquta uğratmaları ilə başlanmışdı. 

Biz Ərdoğan Türkiyəsinin timsa­lında haqqa və ədalətə münasibətin özünəməxsus yanaşmasını görürük. Bu yanaşmada prinsipiallıq və qətiyyət mü­hüm keyfiyyətdir. Bu yanaşmada haqq davası üçün bütövlük var. Bu yanaşma böyük ədalət naminə dirənişi və əzmi rəhbər tutmaqdadır. 44 günlük müharibə zamanı Ərdoğan məhz həmin dirənişi və əzmi nümayiş etdirdi. Türkiyə lideri­nin İkinci Qarabağ müharibəsinə üçüncü tərəflərin qarışmasının yolverilməzliyini açıqlayan bəyanatını xatırlayaq: “Atamı­zın oğlu olsa belə imkan vermərik!” 

Bəli, Ərdoğanın yaratdığı sistemin Qarabağ köklənişi, bütövlükdə, Türkiyə xalqının Azərbaycan davası naminə bir­liyini təmin edən son dərəcə ciddi fak­tora çevrildi. Əlbəttə, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı türk toplumunun Azərbaycan sevdasının məğzini təşkil etməkdədir. Bu, hər zaman belə olub. Fəqət, türkiyəli qardaşlarımız, həmçinin dahi Mustafa Kamal Atatürkün Azərbaycan sevdasından da nəşət alıb­lar. Atatürk üçün Azərbaycan başqa bir dünya idi. Vətən müharibəsi zamanı cə­miyyətimiz Ərdoğanda Atatürk ideyaları­nın Azərbaycan tərənnümünü gördü. Bu görüntü, həqiqətən, başqa bir dünya idi. Qürur və fəxarətin sevinc göz yaşlarını torpağa axıdaraq böyüklük toxumlarını cücərtdiyi dünya. 

Hesab edirik ki, Ərdoğan iqtidarı ölkəmizin Qarabağ davasına müstəsna mənəvi dəstəyi ilə ümumən türk coğra­fiyasının rifahı naminə çalışdı. Nəzərə alaq ki, Qarabağ düyünü türk dünyası­nın qarşısındakı əngəl idi. Əngəl aradan qalxdı və bu gün böyük ölçüdə yolumuz açıqdır. Biz Zəngəzur dəhlizindən danışı­rıq. Diqqət yetirək, bu gün Türkiyədə ha­kimiyyətə iddialı qüvvələrin Azərbaycanı iri layihələrdən kənarda qoymaq istəklə­rinin şahidləriyik. Bu məram həmin qüv­vələrin yalnız ölkəmizə münasibəti deyil. Onlar, bütövlükdə, türk birliyi və həmrəy­liyini əngəlləmək istəyənlərin oyunlarının tərkib hissəsidir. Bu oyunlar, mayın 28-də Azərbaycanın Respublika Günündə pozulacaqdır. Həm də ona görə pozu­lacaqdır ki, Ərdoğan iqtidarının ötən 20 ildəki fəaliyyəti dünyanın oyunlarından kənar, öz mövqeyi və xəttini əsas götürən möhkəm, müstəqil müasir dövlətçiliyinin formalaşması tarixidir. Bu tarixin, ən azı, qarşımızdakı növbəti beş ildə yazılması mütləqdir. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət