“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb. Bu, Baxmut istiqamətində Rusiyanın hücum əməliyyatlarının zəifləməsi və Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma keçməsi ilə bir vaxta təsadüf edir. Ola bilsin ki, Müdafiə Qüvvələrinin əks-hücum əməliyyatlarına başlaması ilə “Vaqner” mövqelərinin Baxmutdakı rus bölmələrinə planlı şəkildə ötürülməsi çətinləşsin. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda, həmçinin qeyd olunur ki, Ukrayna qüvvələri Orexovo-Vasilyevka (Baxmutdan 11 kilometr şimal-qərb) və Kleşievka (Baxmutdan 7 kilometr cənub-qərb) ərazilərində uğurlu əks-hücumlar həyata keçiriblər. Məlumatı döyüş bölgəsində olan rusiyalı hərbi müxbirlər də təsdiqləyirlər. Məsələn, Rusiya Federasiyasının hərbi müxbirlərindən biri iddia edir ki, Ukraynanın Orexovo-Vasilyevka bölgəsindəki əks-hücumları rus bölmələrini ərazidəki mövqelərindən bir kilometr geri çəkilməyə məcbur edib.
Bundan başqa, Rusiyanın digər hərbi müxbirləri iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri Orexovo-Vasilyevka yaxınlığındakı E40 (Baxmut - Slavyansk) magistral yolu boyunca yüksəklikləri ələ keçiriblər.
Ukrayna hərbçilərinin Kleşievka istiqamətində irəliləyərək Severski Donetsk kanalını keçdiyinə dair sübutlar var. Analitiklər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələri bu qəsəbəni mühasirəyə almaqla rus qoşunlarını geri çəkilməyə məcbur etmək niyyətindədirlər. Bununla belə, mayın 24-ü və 25-də yayımlanan geolokasiya görüntüləri göstərir ki, Rusiya qüvvələri çox güman ki, Kleşievkanın qərbindəki mövqelərini bərpa edib.
İstənilən halda, Ukraynanın uğurlu məhdud və lokal əks-hücumları Rusiya qüvvələrinin Baxmutda “Vaqneri” əvəz etməsini çətinləşdirəcək.
Beləliklə, Rusiyanın Baxmut bölgəsindəki hücum əməliyyatlarının ləngiməsi və Ukrayna bölmələrinə qurudan yardım əməliyyatının həyata keşirilməsi çox güman ki, bölgədəki Ukrayna qüvvələrinə Baxmut ətrafında əməliyyatların yeni mərhələsinə başlamaq şansını da artıracaq. Bunun üçün də Ukrayna bölmələrinə havadan dəstək göstərilməlidir. Artıq Ukrayna Müdafiə Nazirliyi açıq şəkildə Qərb müttəfiqlərindən 48 ədəd dördüncü nəsil F-16 qırıcılarını ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verməsini tələb edib. Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, dörd “Döyüşən şahinlər”in eskadrilyası hava hüçumlarını yerinə yetirmək üçün kifayət edəcək.
Qərb iddia edir ki, Amerika qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbul edilib, yalnız vaxtı dəqiqləşdirmək qalır. Almaniya Kansleri Olaf Şoltsun fikrincə, bu, kifayət qədər tez baş verəcək – bəlkə də payızda. Bununla belə, ABŞ rəsmiləri avadanlığın daha əvvəl çatdırılmasının mümkün olacağını bildirirlər. Amma problem də var. Birincisi, F-16 təyyarələrini idarə edəcək peşəkar pilotlar çatışmır, onların təlim keçməsi üçün vaxt lazımdır. İkincisi, xüsusi əməliyyatın bütün dövrü ərzində Rusiya hərbçiləri Ukrayna aerodromlarını tamamilə məhv ediblər. Yaxşı vəziyyətdə praktiki olaraq heç bir uçuş-enmə zolağı qalmayıb. Bundan əlavə, uyğun infrastruktur və Qərb texnologiyasının saxlanması tələb olunur. Deməli, yaxın vaxtlarda Ukraynanın F-16 qırıcılarından istifadə edəcəyi real görünmür. Yəni, əks-hücum əməliyyatının ilkin mərhələsi F-16 qırıcıları olmadan həyata keçiriləcək.
Ukrayna tərəfinin əks-hücumunun uğurlu olması üçün tələb etdiyi silahlardan biri də uzaqmənzilli "Taurus" raketləridir. Bu barədə Almaniyanın "Spiegel" qəzeti yazıb. Nəşr yazır ki, raketlər 500 kilometrdən çox uçmağa qadirdir, yəni, onlar “Moskvaya çata” bilirlər. “Taurus” raketi təyyarə düşmənin hava hücumundan müdafiə sisteminin (havadan müdafiə) əhatə dairəsinə daxil olmadan böyük məsafədə yer hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Bu cür raketləri F-16 qırıcıları daşıya bilər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın əvvəlində Berlinə səfəri zamanı Almaniyadan bu raketləri ölkəsinə ötürməsini istəyib. Kanslerin nümayəndəsi məlumatı şərh etməyib, lakin Müdafiə Nazirliyi sorğunun alındığını təsdiqləyib. Hələlik, real nəticə yoxdur. Bunlar əks-hücumun effektli olması üçün çox vacibdir. Təhlilçilər bildirir ki, uğurlu əks-hücum əməliyyatı üçün bu iki silahın Ukraynaya verilməsi çox önəmlidir.
Bu arada Rusiyanın itkiləri açıqlanıb. Son üç gündə Rusiya Ukraynada 480 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb. Beləliklə, Rusiyanın müharibə başlayandan bəri itkilərinin sayı 206 minə çatıb.
Bundan başqa, rusların indiyədək 3 799 ədəd tankı, 7 442 ədəd zirehli döyüş maşını, 3 406 ədəd artilleriya sistemi, 572 ədəd raket sistemi, 329 hava hücumundan müdafiə sistemi, 310 ədəd hərbi təyyarəsi, 296 ədəd helikopteri, 6 172 ədəd nəqliyyat vasitəsi və yanacaq çəni, 18 ədəd gəmi-kateri, 2 941 ədəd operativ-taktiki PUA və 449 ədəd xüsusi texnikası məhv edilib.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”