“Nikol Paşinyan İrəvanın da Azərbaycan ərazisi olduğunu etiraf etdi”

post-img

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələri Ermənistanda böyük əks-səda doğurub. Həmin görüşdə Paşinyan ölkəmizin 86,6 min kvadratkilometrlik ərazisini rəsmən tanıdığını bildirib. Buraya Qarabağ da daxildir. Baş nazirin bu etirafından sonra Xankəndidə separatçılar arasında ciddi təşviş yaranıb. Separatçılar təcili olaraq qondarma “parlamenti” toplayıb və Paşinyanın əleyhinə bəyanat qəbul ediblər. Hətta Ermənistan mətbuatında Nikol Paşinyanın Brüsseldə üzərinə müəyyən öhdəliklər görtürməsi barədə məqalələr də dərc olunub.

Bu fikirləri redaksiyamıza Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Ermənistan mətbutaında dərc olunan məqaləyə istinadən deyib ki, hazırda  İrəvanda da ciddi narahatlıq var. Yerli mətbuatın yazdığına görə, Paşinyan Brüsseldə  üzərinə müəyyən öhdəliklər götürüb: “Qarabağın Azərbaycanın tərkibində olmasını rəsmən tanınması. Azərbaycanla Naxçıvan arasında dəhlizin verilməsinə söz verib, amma “dəhliz” sözünün istifadə edilməməsini istəyib. KTMT-dən çıxmaqla bağlı prosedura başqlamaq, İctimaiyyəti Rusiyanın bölgədən çıxmasına hazırlamaq. Paşinyan cəmiyyəti hazırlamaq üçün vaxt istəyib”.

Ç.Qənizadə bildirib ki, əslində, Paşinyan əsl həqiqəti etiraf edib. Çünki ayrı yolu da yoxdur. Ermənistanın baş naziri əvvəllər bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etsə də, Qarabağın Azərbaycan ərazisi olduğunu Brüsseldəki son görüşdə olduğu kimi, açıq şəkildə etiraf etməkdən yayınırdı. Bu dəfə isə həqiqəti etiraf etmək məcburiyyətində qaldı. Çünki artıq əksər dövlətlər də bu reallığı qəbul edib və işğalçı ölkə ilə əməkdaşlıqdan yan keçir. 

Komitə sədri deyib ki, Ermənistan baş nazirinin mayın 24-də parlamentdə çıxışı zamanı İrəvanın da Azərbaycan ərazisi olduğunu dolayısı ilə diqqətə çatdırıb. Paşinyan deyib ki, istəsələr bizə deyə bilərlər: yığışın və burdan rədd olun. Biz elə bir yerdə yaşayırıq ki, bu torpaq üçün kadastr şəhadətnaməmiz yoxdur. Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistan belə kadastr sənədini əldə edə biləcək. Erməni dövləti də özünün çoxminillik tarixində heç vaxt kadastr sertifikatına malik olmayıb. Əgər biz istədiyimizi edə bilsək, tariximizdə ilk dəfə olaraq, kadastr sertifikatı əldə edəcəyik və torpağımızın təkcə “de facto” yox, həm də “de jure” sahibi olacağıq”.

Ç.Qənizadə deyib ki, Paşinyanın bu sözləri, əslində, İrəvanın da Azərbaycan ərazisi olduğuna işarədir. Tarixi faktlar da təsdiqləyir ki, ermənilər Azərbaycan ərazilərinə gəlmədir. Haylar zaman-zaman bizim torpaqlarda məskunlaşıblar. Bunu Nikol Paşinyan da etiraf etdi. 

Anar ƏLİ, 

“Xalq qəzeti”

Siyasət