Paşinyanın separatçılığı: Azərbaycanı tanımaq, yoxsa Qarabağı tanıtdırmaq?

post-img

Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilmiş sammitindəki çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən rəsmi İrəvanın ölkəmizin 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanıması kimi qarşılandı. Yəni, bu o deməkdir ki, Qarabağ da ölkəmizin ərazisi olaraq qəbul edildi. Ancaq erməni riyakarlığına köklənmiş Nikolun həmin çıxışda səsləndirdiyi digər məqamlar var. 

Əlbəttə, Paşinyanın 44 günlük mü­haribəni və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini demokratiya üzə­rinə hücum kimi qiymətləndirməsindən, eləcə də onun beynəlxalq ictimaiyyətin bəzi dairələrinin ölkəmizə qeyri-demokratik məmləkət qismində yanaşmaların­dakı qərəzli meyilləri körükləməsindən danışmayacağıq. Hər bir halda sülh gün­dəliyinə sadiqliyini açıqlayan Paşinyanın belə xaric “zəngulələr vurmasının” səmi­miyyətdən uzaq mənzərə formalaşdırdığı aydındır. Söhbətimiz erməni baş nazirin Reykyavikdəki çıxışı müstəvisindəki üç başlıca yanaşma barədədir. 

Birinci yanaşma

Paşinyan İslandiyanın paytaxtında da Laçın dəhlizinin, guya, qanunsuz bağ­landığını və bunun nəticəsində Qarabağ ermənilərinin beş aydır blokadada qaldı­ğını bildirib. O, Qarabağa və Laçın dəhli­zinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini zəruri hesab edib. Qara­bağı Azərbaycan kimi tanımaq isə belə olmur. Başqa dövlətin ərazisinə hansısa beynəlxalq missiyanın göndərilməsindən danışmaq, ən azı tərbiyəsizlikdir. Nikol konkret mövqe tutmalıdır. Tutmur, hə­mişəki kimi nala-mıxa vurur. Amma onun manipulyativliyi təkcə bununla məhdud­laşmır. 

İkinci yanaşma

Paşinyan İslandiyanın paytaxtındakı çıxışında bildirib ki, Qarabağ erməniləri­nin təhlükəsizliyini və hüquqlarını təmin etmək məqsədilə beynəlxalq himayə al­tında Bakı–Xankəndi danışıqlarına baş­lanması həyati zərurət daşıyır və Avro­pa Şurası bu məsələlərin həllinə kömək göstərməklə, Cənubi Qafqazda demokratiya və sabitliyin bərqərar olmasına dəstək verə bilər. 

Erməni baş nazirin bu tezisində onu nisbətən anlayışla qarşılamaq üçün yal­nız bir nüans var. Yəni, Nikol subliminal mesaj verə və deyə bilər ki, Qarabağ mövzusu ölkə daxilində hakimiyyətə qar­şı çox ciddi əks fikirləri, aqressiv ritorikanı doğurub. Mövcud vəziyyət isə hakimiy­yətə qəsb reallığını ortaya qoyur. Başqa sözlə desək, Ermənistanda qurulmasına böyük əmək verilmiş “demokratiya”nın məhv olma perspektivi var. Bu, xaricdən kömək istəməkdir.

Ancaq qeyd etdiyimiz məqamın müəyyən anlayışla qarşılanması hələ o demək deyil ki, Paşinyan ümumi erməni avantürizmini demokratiyanın müdafiəsi alətinə çevirməkdə haqlıdır. Hər halda, Bakı Ermənistanda bəşəri dəyərlərin qorunması üçün öz prinsiplərindən keç­məyəcək və keçməməlidir. Deməli, Niko­lun uca səslə bəyan etdiyi Bakı–Xankən­di dialoqu da qeyri-mümkündür. Yeri gəlmişkən, ölkəmiz Qarabağ ermənilərini dialoqa dəvət edir. Ancaq bu, Paşinyanın baxışındakı proses deyil...

Bəli, 86,6 min kvadratkilometr əra­zidə Azərbaycanın suveren haqlarını tanıdığını deyən Paşinyan siyasi mani­pulyasiyadan da qalmır. Bu məntiqlə biz də 29,8 min kvadratkilometrlik ərazidə tanıdığımız Ermənistanın suveren haq­larını mübahisələndirə bilərik. Məsələn, Zəngəzurun, Göyçənin və İrəvanın tarixi Azərbaycan torpağı olduğunu, bunun sənədlərdə təsdiqləndiyini bildirib, həmin ərazilərə azərbaycanlıların qayıtmaları­nın beynəlxalq mexanizmlərini tələb et­məklə. Əslində, mövcud istiqamətdə işə başlamışıq. Nəinki Nikol, eləcə də digər erməni ambisiozları bunu və real gücü nəzərə alsalar yaxşıdır...

Mətləbdən uzaqlaşmayaraq bildirək ki, hazırda Paşinyandan fərqli olaraq, Qarabağdakı separatçı rejim bölgəyə müstəqillikdən dəm vurur və Nikolu er­məni maraqlarını satmaqda günahlandı­rır. Əlbəttə, ola bilər, bu sayaq deyimləri İrəvanla məsləhətləşib dövriyyəyə bu­raxırlar ki, Paşinyan Qarabağ ermənilə­rinin hansısa əlahiddə imtiyaza malik zümrə kimi rəsmiləşməsini tələb etsin. Daha doğrusu, bunun üçün xüsusi mənə­vi rıçaqa malik olsun. Nəzərə alaq ki, bu təqdimat erməni avantürizmi üçün çox vacibdir. 

Məlumdur ki, hazırda Bakı–Xankəndi dialoqu kimi yaramaz xüsusun bey­nəlxalq müstəviyə daşınması və məsələ­nin konkret sənəddə fiksasiya olunması gələcək separatçı meyillər üçün əsasa çevriləcəkdir. Necə ki, ötən əsrin 20-ci il­lərinin əvvəllərində Azərbaycan daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin for­malaşdırılması, əsrin sonlarındakı ambi­siyalar üçün əsas yaratmışdı. İndi Paşin­yan oxşar “təcrübəni” Avropa Şurasının ogidasına daşımağa çalışır.

Paşinyan və onun kimi özünü ağıllı sayanlar anlamalıdırlar ki, haqqında söz açdıqları ritorika uşaq başı aldatmaq­dan o yana keçmir. Ölkəmizin Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik­ləri ilə bağlı üzərinə götürdüyü öhdəlik Azərbaycanda yaşayan digər xalqlar və etnik qrupların hüquq və təhlükəsizli­yinə dair bəşəri öhdəliklərdən heç nə ilə fərqlənməyəcəkdir. Yəni, ermənilər ya Azərbaycanın tamhüquqlu vətəndaşına çevriləcəklər, ya da rədd olub gedəcək­lər. Avropa Şurası olmur, lap NATO gəl­sin başqa alternativ yoxdur. Həm də ona görə yoxdur ki, beynəlxalq hüquqla tanı­nan Azərbaycan ərazisi var və bu ərazi­ni baş nazirinin şəxsində Ermənistan da tanımaqdadır. 

Üçüncü yanaşma

Hesab edirik ki, bu yanaşma Ermə­nistanın baş nazirinin çıxışındakı digər avantürizm meyillərinin davamı kimi sə­ciyyələndirilə bilər. Hərçənd, mövcud xü­susda üzərində dayanılmalı daha ciddi element var. Diqqət yetirək, Azərbayca­nın ərazi bütövlüyünü tanıdığını deyən N.Paşinyan, bir tərəfdən, bu ərazinin tər­kibində Qarabağın da olması reallığı ilə qəbullanır, digər tərəfdən, təhlükəli ma­hiyyət daşıyan cəfəngiyyata baş vurur. O deyir ki, ölkəsi üçüncü dövlətlər vasitəsilə Qarabağın müstəqilliyinin tanınmasına çalışacaq. Bu deyim sıfır nöqtəsinə qa­yıtmaqdır. 

Yəni belə çıxır ki, Ermənistanın baş nazirinin danışıqlar masasında qəbul etdikləri mənasız şeylərdir. Qarabağın müstəqilliyinin üçüncü dövlətlər tərəfin­dən tanınması nə deməkdir? Absurddur! Bu fikir sonuncu “Brüssel formatı” çərçi­vəsində əldə edilmiş razılaşmaya da zidd təmayüldür. Azərbaycan belə yanaşmanı separatçılığa dəstək kimi qiymətləndir­məkdə haqlıdır. 

Beləliklə, xoruzun quyruğu indi görün­məyə başlayır. Suallar yaranır: müstəqil­liyin tanınmasına dəstəyin gücdən başqa yolu nə dərəcədə praktikdir? Yəni, elə bir xalq varmı ki, öz müstəqilliyinə qan tök­mədən nail olub? Yox! Deməli, Paşinya­nın “üçüncü dövlətlər” məntiqi silah-sur­sat aldığı İran, Hindistan və Fransadır. 

Təsəvvür edin, “Brüssel formatı” çər­çivəsində görüş olub, üstəlik, Paşinyan Reykyavikdə Azərbaycanın müstəqilli­yini tanıyıb, bundan sonra Ermənistana məxsus pilotsuz uçuş aparatları Kəlbə­cər səmasında görünüb. Bu, danışıqların sülh məntiqinə nə dərəcədə uyğundur? Hələ mayın 25-də Moskvada da Azər­baycan və Ermənistan liderlərinin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcək görüşü var. “Brüssel formatı” çərçivəsində planlaşdırılan digər görüşlər də həmçinin. 

Bəli, Paşinyanın Reykyavikdə söy­lədiklərindən hasil olan nəticə budur ki, danışıqlar yalnız və yalnız vaxt udmağa və güclənməyə hesablanıb. Daha dəqiq desək, Azərbaycanı Ermənistanı sülhə məcbur etmədən, yəni haqlı güc təd­biqindən yayındırmağa. Göründüyü kimi, ortada kifayət qədər, mürrəkkəb durum var və heç şübhəsiz, Azərbaycan dövləti də bu mürəkkəbliyi nəzərə alıb qərar qə­bul edəcəkdir. 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət