Çin–Mərkəzi Asiya liderlərinin zirvə görüşü

post-img

Dünən Çinin Sian şəhərində Çin və Mərkəzi Asiya ölkələri döv­lət başçılarının zirvə görüşü baş­layıb. 

Məlumatı “Sinxua” agentliyi yayıb. Xəbərdə deyilir ki, Çin lideri Si Cinpinin sədrlik etdiyi tədbirə Qazaxıstan Prezi­denti Kasım-Jomart Tokayev, Özbəkis­tan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japa­rov, Türkmənistan Prezidenti Sərdar Ber­diməhəmmədov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər. İki gün davam edəcək Sian görüşü Çin-Mərkəzi Asiya formatında dövlət başçılarının ilk zirvə görüşüdür.

Xatırladaq ki, ötən ay Sian şəhərin­də Çin-Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələrinin görüşü olub. Diplo­matlar qeyd ediblər ki, həm Pekin, həm də Orta Asiya dövlətləri qarşılılqı inam və etimad əsasında münasibətlərin güclən­məsində maraqlıdır.

Qeyd edək ki, ötən il Çinin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi əv­vəlki illə müqayisədə 40 faiz artaraq, 70 milyard ABŞ dollarını təşkil edib. Çin ha­zırda Özbəkistan, Qırğız Respublikası və Türkmənistanın ən iri, Qazaxıstanın 2-ci, Tacikistanın isə 3-cü ən iri ticarət tərəf­daşıdır.

Orta Asiya ölkələri zəngin təbii sər­vətlərə malikdir. Onlar xarici bazarlara çıxışlarını şaxələndirmək niyyətində­dir. Bu mənada Çinlə iqtisadi əlaqələrin genişlənməsi bütün tərəfləri qane edir. Çin həm böyük investisiya imkanları olan dövlətdir. Çünki hazırda Orta Asiya ölkələrinin yeni sərmayələrə kəskin ehti­yacı yaranıb. 

Qlobal media bu görüşə kifayət qə­dər böyük diqqət ayırır. Beynəlxalq təh­lilçilər qeyd edirlər ki, son illər Çinin Orta Asiya dövlətlərinə siyasi, iqtisadi təsiri artır. Hətta bəzi politoloqlar Qazaxıstan­da 2022-ci ilin yanvar hadisələri zamanı rəsmi Pekinin Astananı birmənalı olaraq dəstəklədiyini vurğulayırlar. 

Yeri gəlmişkən, rəsmi Moskva və Vaşinqton Siandakı görüşü diqqətlə izlə­yirlər. ABŞ hökuməti Çinin Orta Asiyada artan nüfuzundan narahatdır. Rusiya da uzun onillər boyu öz nüfuz dairəsində saxladığı regiona “yeni oyunçu”nun daxil olmasını qısqanclıqla qarşılayır. Sadəcə, Rusiyanın diqqəti Ukrayna münaqişəsinə yönəlib və hələlik prosesləri kənardan iz­ləyir. 

“Xalq qəzeti”

Siyasət