Avropa Türkiyədən belə şəffaf seçki gözləmirdi

post-img

Türkiyədə prezident və parlament seçkilərini müşahidə edən ATƏT missiyasının üzvü, Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət 14 may seçkiləri ilə bağlı “Xalq qəzeti”nə eksklüziv açıqlama verib: 

– Mayın 9-dan başlayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqla­rı Bürosunun (DTİHP) Seçki Müşahidə Missiyasının üzvü kimi qardaş Türkiyədə ezamiyyətdə idim. Məqsəd həm səsver­mə öncəsi durumla tanış olmaq, həm də mayın 14-də keçiriləcək səsverməni izləməkdi. Missiya çərçivəsində Mersin vilayətinin Erdemli ilçəsində (rayonunda) səsverməni müşahidə etdik. Qaydalara görə, missiya üzvləri təkbaşına müşahi­də apara bilməzlər. Ona görə də burada mənimlə birlikdə Fransadan olan bir xa­nım da vardı.

Ümumi qənaətim bundan ibarətdir ki, qardaş ölkə ən yüksək səviyyədə səy göstərərək vətəndaşların öz iradəsini azad şəkildə ifadə etməsi üçün mümkün şəraiti yaratmışdı. Ona görə də səsvermə günü bizim heyət hər hansı pozuntu, ra­hatsızlıq müşahidə etmədi. Bir məntəqə­nin açılışında, altısının da qapanışında şəxsən iştirak etdim. Ondan başqa gün ərzində 9 məntəqədə səsverməni mü­şahidə etdik. Əminliklə deyə bilərəm ki, seçkinin nəticələrinə və gedişinə təsir edəcək hər hansı pozuntuya yol verilmə­di.

Lakin sonrakı günlərdə ATƏT-in De­mokratik Təsisatlar və İnsan Haqları Bü­rosu ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası ilə birlikdə 23 səhifəlik ilkin hesabat ya­yaraq seçkilərin guya bir çox hallarda po­zuntu ilə müşayiət olunduğunu iddia etdi. Əlbəttə, həm öz müşahidələrim, həm də missiyanın digər üzvlərindən aldığım bil­gilər onu deməyə əsas verir ki, ümumilik­də ölkə üzrə nəticələrə təsir edən pozun­tulara yol verilməyib. Belə bir durumda belə açıq-aşkar qərəzli dəyərləndirmə yaymaq şəxsən məni bir beynəlxalq mü­şahidəçi və jurnalist kimi narahat etməyə bilməzdi.

Durumun belə olmasını nəzərə ala­raq, ATƏT-in ikinci turda da seçkiləri iz­ləmək təklifini rədd etməli oldum. Düşü­nürəm ki, bizim topladığımız bilgiləri bir tərəfə atıb başdan-başa qərəzlə dolu qiy­mətləndirmə yaymaqla yuxarıda adları keçən qurumlar şəxsən mənim də etiba­rımı zədələyir. Ona görə də onların siyasi oyunlarına alət olmamaq qərarı verdim və missiyada fəaliyyətimi dayandırdım.

Təqdim etdi:
M.HACIXANLI, “Xalq qəzeti”



Siyasət