ABŞ və Avropa İttifaqı iqtisadi təhlükəsizlik əməkdaşlığını gücləndirir

post-img

ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən Çinin iqtisadi təsirini dəf etmək məqsədilə iqtisadi təhlükəsizlik tədbirləri üzrə əməkdaşlığı gücləndirmək qarşıya prioritet vəzifə kimi qoyulub. 

“Bloomberg” agentliyinin ABŞ–Aİ Ticarət və Texnologiya Şurasının dör­düncü iclası ilə bağlı bəyanat layihə­sində bu məsələ xüsusi qeyd edilib. Sənəddə hər iki tərəfin Çinin xarici hö­kumətlərə təsir göstərmək üçün iqtisadi vasitələrdən istifadə etməsindən irəli gələn narahatlıq önə çəkilib. 

Çinin belə bir yolla xarici ölkələrə, o cümlədən, ABŞ və Aİ-yə üzv döv­lətlərə təsir göstərmək imkanları barə­də bəhs edərkən, bir neçə məqama diqqət yetirmək istərdik. Mütəxəssislə­rin fikrincə, ötən əsrin 70-ci illərindən başlayaraq, Çin iqtisadiyyatın ayrı-ayrı sektorlarında mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar liberallaşmasına keçməklə iqtisadiyyatını dəyişdirib. Bu ölkə, ilk növbədə, kənd təsərrüfatının kollektivləşdirilməsini tədricən azaldıb, qiymətlərə nəzarəti ləğv edib, dövlət müəssisələrinin sərbəstliyini gücləndi­rib, bütün bunlarla yanaşı, bank sek­torunda genişhəcmli islahatlar gerçək­ləşdirməklə sistemin şaxələndirilməsini reallaşdırıb. Bazarlarını birbaşa xarici investisiyalara açmaq üçün isə “yaşıl işıq” yandırıb. Belə bir tendensiya nə­ticəsində Çinin özəl sektorunda eks­ponensial artım özünü qabarıq büruzə verib. 

Mütəxəssislər bildirirlər ki, bu ölkə­də iqtisadiyyatın restrukturizasiyası, yəni, yenidən qurulması nəticəsində 1978-ci ildən başlayaraq, Ümumi Daxili Məhsul (ÜDM) tədricən yüksəlmək­lə təqribən on qat artıb və keçən il 17 trilyon dollara çatıb. Dünya Bankının 2022-ci il üzrə hesabatına əsasən, Çin qlobal ÜDM-in 18,6 faizini təşkil etmək­lə dünyanın ikinci ən böyük iqtisadiyyatı və ən güclü ixracatçısı kimi Ümumdün­ya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul edilib. Bu, əslində, Qərb tərəfindən bö­yük bir uğur kimi qarşılanıb və dünya iqtisadi sistemi üçün dönüş nöqtəsi və Çinin islahatlar yoluna qədəm qoyma­ğa hazır olmasına bir işarə kimi dəyər­ləndirilib. 

Həmin vaxt ABŞ və Qərb Çinin ÜTT-yə daxil olması ilə bu ölkənin bey­nəlxalq liberal iqtisadiyyata tam inteq­rasiya ounacağına inanırdı. Lakin hələ 2018-ci ildə ABŞ-ın ticarət nümayən­dəsi Robert Laythayzer bu fikirlə razı­laşmır və ölkəsinin Çinin ÜTT-yə daxil olmasını dəstəkləməkdə səhv etdiyini bildirirdi. Başqa sözlə, Laythayzer Çi­nin “dövlətə məxsus, merkantilist ti­carət rejimi”nin ÜTT üzvlərinin böyük əksəriyyətinin tətbiq etdiyi bazar əsaslı yanaşma ilə uyğun gəlmədiyini söylə­yirdi. O zaman Barak Obama Administ­rasiyasının iki rəsmisinin– Kurt Kemp­bel və Ely Ratner də liberal beynəlxalq nizamın Çini nəzarətdə saxlaya və cilovlaya bilməyəcəyini vurğulayırdı. Beləliklə, rəsmi Vaşinqton və bir çox Qərb ölkələri tərəfindən Çinin bazarın liberallaşdırılması yoluna qədəm qoy­mayacağı, əksinə, dövlət kapitalizmi formasının tətbiqindən geri dönməyə­cəyi əminliklə diqqətə çatdırılırdı. 

Beləliklə, mütəxəssislərin bildirdik­lərinə görə, Çinin ÜTT-yə üzvlüyü ona beynəlxalq liberal dünya nizamının standartlarını real şəkildə qəbul etmə­dən Amerika, Qərb və digər qlobal iq­tisadiyyatlara çıxışa nail olmaq imkanı yaratdı. Bu isə ölkənin beynəlxalq li­beral normalara sözdə əməl etsə də, fəaliyyətdə boşluqlardan yararlana­raq xarici siyasətdə əyri yol tutduğunu deməyə əsas verdi. 

Göründüyü kimi, Qərb Çinin əhə­miyyətli iqtisadi dirçəlişindən narahat­lıq keçirir. Ekspertlər tərəfindən isə bu, xüsusilə ticarət kəsiri 1990-cı ildəki 10,4 milyard dollardan 2020-ci ildə 355 milyard dollara yüksələn ABŞ üçün həqiqət olması ilə təsdiqlənir. Avropa İttifaqının Çinlə cari ticarət kəsirinin 2011-ci ildəki 129 milyard avrodan 2022-ci ildə 248 milyard avroya qədər yüksəlməsi də narahatlıqla qarşılanır. 

Xatırladaq ki, hazırda Qərbdə bir çox ekspertlər belə bir eksponensial ticarət kəsirini Çinin öz valyutasının məzənnəsini qəsdən aşağı salmaq və Qərb bazarlarını ucuz mallarla doldur­maq üçün yerli istehsalçılara subsidiya­lar vermək kimi ədalətsiz ticarət təcrü­bələri ilə məşğul olduğunun göstəricisi hesab edirlər. Nəticədə, bu, ABŞ və digər Qərb ölkələrindən ixracatı məh­dudlaşdırır, iş yerlərini, əmək haqqını və yaşayış səviyyəsini təhdid edir. 

Mütəxəssislərin fikrincə, Çinin kom­püterlər və avtomobillər kimi yüksək qiymətli malların istehsalına və ixracına keçməsi vəziyyəti daha da gərginləş­dirə və Qərb ölkələrinin iqtisadiyyatını daha da çətin vəziyyətə sala bilər. Bu baxımdan “General Electric” kimi bö­yük ABŞ firmalarının Çin şirkətləri tərə­findən satın alınması hallarının artması və Çinin ABŞ Xəzinədarlığının qiymətli kağızlarında 1,095 trilyon dollar topla­ması ciddi həyəcan doğurur. 

ABŞ Konqresi valyuta siyasəti və digər ədalətsiz ticarət təcrübələrini həll edə bilmədiyi üçün Çinə qarşı sanksi­yalar tətbiq etmək kimi bir çox qanun layihələri təqdim edib. 2030-cu ilə qə­dər Çinin ÜDM-nin ABŞ ÜDM-dən çox olacağı təxmin edilib. 

Beləliklə, Qərb ekspertlərinin gəl­diyi qənaət bundan ibarətdir ki, Çin Qərb üçün, xüsusən də ABŞ üçün ciddi təhdid yaradır. Əsas məsələ ABŞ və Qərbin qlobal miqyasda iqtisadi qey­ri-müəyyənlik yaratmadan bunun qarşı­sını almaq üçün nə edə biləcəyidir.

V.BAYRAMOV, “Xalq qəzeti”

Siyasət