Ermənistan və Azərbaycanın XİN başçılarının ABŞ-ın Arlinqton şəhərində davam edən sülh danışıqlarında hətta ilkin nəticələr məlum olmasa da, haylar artıq öz parlamentlərində qalmaqal yaratmağı bacarıblar...
Haradan və hansı formada idarə olunduqları şübhə doğurmayan Ermənistanın daxilindəki müxalif daşnak-revanşist qüvvələr Vaşinqtonun, Moskvanın, eləcə də, rəsmi İrəvanın ünvanına elə bəyanatlar, ittihamlar səsləndirirlər ki, onlarda elementar məntiqi görmək və başa düşmək mümkün deyil. Hayların isterik çıxış və bəyanatlarından aydın olan yeganə şey budur ki, Ağ evin təşəbbüsü və dəstəyi ilə tərəflər arasında imzalanacaq sülh sazişi, yaxud, bu xarakterli hər hansı sənəd istənilən variantda “milli mənafeyə zidd”, qəbuledilməz elan olunacaq.
Vaxtsız “banlayanların” gizli məqsədi
Ermənistan Milli Assambleyasındakı müxalifət düşərgəsinə aid fraksiyaların üzvləri Paşinyanın indiki mərhələdə Bakı ilə “gizli sövdələşməyə” getdiyi, dövlətin maraqlarına xəyanət etdiyi, ümumiyyətlə, arxadan iş çevirdiyi, “Dağlıq Qarabağ” kimi “Artsax xalqının” təhlükəsizliyini danışıqların gündəliyindən çıxardığı barədə əməlli-başlı ajiotaj yaradıblar. Belə çıxır ki, sülh, barışıq Ermənistan üçün ən pis nəticədir və bu barədə sənədə imza atmaq vətənə xəyanətə bərabərdir. Bu siyasi demaqogiyanı cəmiyətə üfürənlərin enerjini hansı mənbədən aldıqları məlumdur. Baş nazirin “siyasi meyitlər” adlandırdığı koçaryanlara, sarkisyanlara, badalyanlara və generallara bağlı qüvvələr doğrudanmı Arlinqton dialoqunun yekunu kimi qarşılıqlı razılaşmaya dair tərəflərin imzalayacağı sənədin realizəsinə mane olmaq gücünə malikdirlər?
Bu suala beynəlxalq məsələlər üzrə ekspert Fərid Şəfiyev belə aydınlıq gətirdi: “Sülh sazişinin üzərində gərgin iş gedir və onun imzalanacağına ümid böyükdür. ABŞ buna nail olmaq istəyir. Vaşinqtonun əsas məqsədi Rusiyanın bölgədəki təsirini azaltmaqdır. Eləcə də Azərbaycanın regionda güclü qüvvəyə, söz sahibinə çevrildiyini də yaxşı anlayır. Əlbəttə, möhkəm sülhün əldə olunması üçün tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, bu məsələ birmənalı şəkildə həllini tapmalıdır. Ermənistan daxilində sülh istəməyən, məsələni daha da uzatmaq niyyətində olan qüvvələr də var. Hazırda Vaşinqtonda ciddi iş gedir, amma belə düşünürəm ki, Türkiyədə prezident seçkilərindın əvvəl hər hansı sənəd imzalanmayacaq. Yəni, onlar dediyim seçkilərin nəticələrini gözləyəcəklər”.
Moskva görüşü sual altına düşə bilər
Tanınmış politoloqun şərhinə bircə onu əlavə etmək istərdik ki, münaqişənin həllində siyasi iradəsini ortaya qoyan ABŞ üçün onun beynəlxalq imici, markası çox önəmlidir. Bu mənada Ermənistan və Azərbaycan XİN başçılarının supergücün paytaxtından əliboş yola salınmayacaqlarını gözləmək olar.
İndi Ermənistan Milli Assambleyasında Qarabağ ermənisi eks-prezident Koçaryanın “Ermənistan” bloku və onların kənar kuratorları Ağ evin vasitəçiliyini uzaqdan qısqanclıqla seyr edir, danışıqların növbəti raundunun Moskvada keçiriləcəyi barədə xəbərləri tirajlayırlar. Amma indidən demək olar ki, Vaşinqtondakı dialoq səmərəli və sənədli sonluqla bitdiyi təqdirdə, Kremlin dəvəti ilə iki ölkənin nazirinin Rusiya səfəri qüvvədən düşə bilər. İrəvanda isə separatçılar Azərbaycanın şərti sərhəddə, Laçın yolunun başlanğıcında quraşdırdığı nəzarət-buraxılış məntəqəsində baş verənlər barədə rəvayətlər uydurmaqdadırlar. Belə rəvayətlərdən birində deyilir ki, öz avtomobilində Xankəndidən İrəvana qayıdan erməninin sənədlərini yoxlayan Azərbaycan sərhədçisi Ermənistan vətəndaşı olduğuna görə hayın pasportuna möhür vurmayıb və ona belə deyib: “Sənə yaxşı yol. Get, amma bir də geri qayıtma!”. Reallıqda baş verdiyi şübhə doğuran bu epizodu, az qala, “etnik təmizləmə” səviyyəsinə qaldıran müxalif düşərgəni Paşinyana qarşı “istefa” aksiyalarına başlayacağı da müzakirə mövzusudur.
Fobiyalar onları uçuruma aparır
Ermənistanın daxilində cərəyan edən hadisələr və bunun rəsmi İrəvan üçün ehtimal olunan fəsadları barədə danışan politoloq Fərhad Məmmədov Milli Assambleyadakı müxalifət fraksiyalarının Paşinyana qarşı tənqidlərinin əsasında ölkənin təhlükəsizliyi və Qarabağla bağlı məsələnin dayandığını önə çəkdi: “Ermənistan iqtisadiyyatında pis-yaxşı müəyyən irəliləyiş müşahidə olunmaqdadır. Xarici siyasətdə də bir qədər irəliləyiş əldə edilib. Yəni, bu istiqamətlərdə səslənən tənqidlərin elə də kəsəri yoxdur. Əgər Paşinyan hökuməti dediyimiz iki məsələdə razılaşıb Azərbaycanla sülh müqaviləsini imzalayarsa, bu, o demək olacaq ki, ekslərin parlamentdəki müxalifəti siyasi səhnədən silinib atılıb. Azərbaycanofobiya, Türkiyəfobiya kimi zərərli tendensiyaların şişirdilməsi Ermənistan cəmiyyətində ciddi problemlərə gətririb çıxardı. Düzdür, Paşinyan iqtidarı mövcud fobiyalardan qurtulmaq istədiyini bəyan edir, amma bu yöndə əməli addımlar atmır. Əslində, həmin fobiyaları uyduran psevdomüxalifət kəsimi Ermənistan cəmiyyətində siyasi mövcudluğunun sona çatdığını yaxşı anlayır”.
Arlinqton danışıqları başa çatmayıb, ortada konkret sənəd, yaxud onun layihəsi belə yoxdur, Hayastan cəmiyyəti isə daşnakların, kənardan idarə olunan ekslərin, ura-patriotların hay-küyü ilə nəfəs alır. Sanki çoxdan baş verməli olan hadisənin, qəbul ediləcək qərarın qarşısını almaqdan ötrü bütün güclərini toplayıb müqavimət göstərməyə hazırlaşırlar. Görünür, onlara bir daha sirkənin tündlüyü və hikkənin çoxluğunun fəsadları barədə məşhur zərbi-məsələmizi xatırlamağın yeridir...
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



