Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.
Ümumilikdə, 32 dövlətin baş prokurorunun və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransı açıq elan edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzu edib.
Bekir Şahin Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycanın Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan–Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. Həmçinin ənənəvi olaraq Azərbaycan Baş Prokurorluğu ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında əməkdaşlığın uğurla davam etdirilməsini qeyd edən Baş prokuror, tədbirin dünya prokurorlarının peşəkar əlaqələrinin inkişaf etməsinə və cinayətkarlığın müasir təzahürləri ilə mübarizədə beynəlxalq təcrübənin formalaşmasına xidmət etdiyini bildirib.
Konfransın “Rəqəmsallaşma dövründə iqtisadi cinayətlərlə mübarizə” mövzusuna həsr edilmiş plenar sessiyasına sədrlik edən Kamran Əliyev çıxışında tədbirin keçirilməsinin müasir dövrün tələbləri baxımından zəruriliyini qeyd edib.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

