Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Ermənistan tərəfindən tamamilə dağıdılan, xarabalığa çevrilən ərazilərimiz minalardan və partlamamış hərbi sursatlardan təmizlənərək, həmin sahələrdə bərpa və yenidənqurma işlərinə başlandı. Vandallığa məruz qalan kənd və şəhərlərin yerində “ağıllı kənd”lərin təməli qoyuldu, genişmiqyaslı infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanıldı.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə 2022-ci il ərzində Qarabağ iqtisadi rayonunda tikinti sektoruna 1 milyard 821,6 milyon manat investisiya yönəldilib. Bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 38,4 faiz və ya 505,7 milyon manat çox olub.
Qeyd edək ki, ötən il adıçəkilən iqtisadi rayonda tikinti sektoruna yönəldilən investisiya nəticəsində 29 min 807 kvadratmetr sahədə inşaat işləri aparılıb. Həmçinin həmin dövrdə tikinti sektoru üzrə Şuşa şəhərinə 671,4 milyon manat, Füzuli rayonuna 542,7 milyon manat, Ağdam rayonuna 323,6 milyon manat, Xocavənd rayonuna 169,3 milyon manat, Tərtər rayonuna 51,3 milyon manat, Xocalı rayonuna isə 147,8 min manat vəsait yönəldilib.
Artıq görülən işlərin ilkin nəticəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı reallaşıb. Nazirlər Kabineti tərəfindən 2022-ci ildə “İşğaldan azad edilmiş ərazilərin ümumi planı” təsdiq edilib, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimləri keçirilib. Bundan başqa görülən işlər nəticəsində Şuşa və Laçın şəhərlərindən, Laçın rayonunun Zabux və Sus kəndlərindən, Tərtər rayonunun Talış kəndindən erməni işğalı nəticəsində didərgin düşən 1400-dən çox ailənin bu il doğma yurdlarına qayıtması üçün şərait yaradılıb.
Xatırladaq ki, 2022-ci il noyabrın 16-da təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının istifadəyə verilməsi bunun bariz ifadəsidir. Avtomobil və dəmir yolu infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin yaradılması istiqamətində də ciddi iş aparılır.
Yeri gəlmişkən, Horadiz–Ağbənd dəmir yolunun, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi üzrə indiyədək böyük həcmdə işlər görülüb. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Bu işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 2-də Ağdama səfər etmələri də bu baxımdan xüsusi əhəmiyyəti ilə diqqət çəkir. Xatırladaq ki, şəhərdə İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Muğam Mərkəzinin, 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlqoyma mərasimlərinin keçirilməsi də bir daha göstərdi ki, işğaldan azad olunan ərazilərdə artıq böyük dirçəliş dövrü yaşanır.
Qeyd edək ki, dövlətimizin başçısının çıxışlarının birində vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa prosesi plan üzrə gedir: “Bu, bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki, mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz–bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir...”.
Prezident İlham Əliyev həmin çıxışında artıq iki yaşayış məntəqəsində–Ağalı və Talış kəndlərində məskunlaşmanın uğurla həyata keçirildiyini qeyd edir. Məhz bu yaşayış sahələrinin timsalında bütövlükdə gələcək Qarabağ və Şərqi Zəngəzurun siması aydın nəzərə çarpır. Hazırda infrastruktur layihələrinin icrası sürətlə gerçəkləşdirilir.
Bu ilin 3 ayında əldə olunan nailiyyətlər büdcəyə əlavələr etməyə imkan verir. Büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacağı gözlənilir. Bunun əsas hissəsinin isə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcəyi planlaşdırılır.
Burada onu da vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirak edən iş adamlarının fəaliyyətlərinin səmərəliliyi məqsədilə onlar üçün hər cür şərait yaradılıb. Belə ki, dövlətimizin başçısı tərəfindən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında fərman imzalanıb. Fərmana əsasən, düşməndən təmizlənən yaşayış sahələrində istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının verilməsi qərara alınıb.
Beləliklə, Azərbaycan erməni faşizminin işğalı altındakı torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Respublikamız qısa müddət ərzində bu mərhələdə Vətən müharibəsindən ötən müddət ərzində düşməndən təmizlənən ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm layihələr gerçəkləşdirib.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı tədbirlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığının təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
V.BAYRAMOV, “Xalq qəzeti”


