Laçın–Xankəndi yolunun girişində Azərbaycan tərəfinin sərhəd-buraxılış məntəqəsi yaratması və bununla da öz ərazisinə faktiki nəzarəti təmin etməsi Ermənistandakı separatçı qüvvələrin ciddi narahatlığına səbəb olub. Fəaliyyət azadlıqlarına son qoyulan separatçılar mövcud situasiyanı öz xeyirlərinə dəyişmək, bölgədə anarxiya və xaosa nail olmaq üçün Azərbaycan əleyhinə aksiyaya start veriblər. Belə ki, Ermənistanın “Artsaxda etnik təmizləməyə yox!” hərəkatının üzvləri Laçın–Xankəndi yolunun digər tərəfində çadırlar qurmağa başlayıblar. Məşhur təxribatçı Ruben Vardaryana yaxınlığı ilə diqqət çəkən hərəkat üzvləri “ümumerməni həmrəyliyi”ni sərgiləmək və bu yolla Qarabağdakı ermənilərə “kömək etmək” niyyətlərini bildiriblər. Hərəkat üzvləri qeyd ediblər ki, ətraf ərazilərdəki bütün ermənilər onların aksiyasına dəstək verməli, Laçın-Xankəndi yolunda ermənilərin nəzarətsizliyi bərpa edilməlidir.
“Yol azadlığı”, yoxsa “terror azadlığı”?
“Artsaxda etnik təmizləməyə yox” hərəkatının üzvləri öz aksiyalarını “yol azadlığı” və çarəsiz ermənilərə yardım adı ilə pərdələməyə çalışsa da, əslində, bu aksiyanın sırf təxribatçılıq məqsədi ilə reallaşdığı birmənalıdır. Birincisi ona görə ki, Azərbaycan tərəfi yolu heç vaxt heç bir dinc erməninin üzünə bağlamayıb. Əksinə, Azərbaycan tərəfi yolun girişində sərbəst-buraxılış məntəqəsi yaratmaqla ermənilərin ərazidən daha rahat və təhlükəsiz istifadəsini təmin edib. Sözügedən məsələ ilə bağlı media və sosial şəbəkələrdə yayılan görüntülər də bunu təsdiqləyir. Deməli, ortada gediş-gəlişlə bağlı heç bir problem yoxdur və bundan öncə də olmayıb. Sadəcə, Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması erməniləri separatizm və terror azadlığından məhrum edib. Bugünə qədər bu yoldan mina, müxtəlif silah-sursat və digər qanunsuz yüklərin sərbəst daşınmasını həyata keçirən separatçılar – indi əvvəlki imkandan məhrum olublar. Bu isə onların terror fəaliyyətinə mənfi təsir göstərməkdə, təxribatçılıq planlarının reallaşmasını əngələməkdədir. Bu səbəbdən də erməni separatçıları Laçın–Xankəndi yolunun ermənilərin üzünə bağlanması ilə bağlı yalanlar tirajlamaqla öz aksiyalarına ədalət qiyafəsi geyindirməyə çalışırlar. Halbuki, Laçın–Xankəndi yolunun girişinə yaxın ərazilərdə çadırlar quraşdırmaqla erməni toplumu adından süni etiraz görüntüsü yaratmağa çalışan separatçılar yol deyil, terror azadlığı tələb edirlər. Azərbaycanın buna yol verməyəcəyi isə şəksizdir.
Sərhəd nəzarət-buraxılış məntəqəsi və separatçılar
Azərbaycanın Laçın–Xankəndi yolunun girişində sərhəd məntəqəsi yaratmasına etiraz edən erməni aksiyaçılar bildiriblər ki, məqsədləri Azərbaycanın qurduğu bu məntəqənin ləğvinə nail olmaqdır. Hərəkat üzvləri öz məqsədlərinə çatana qədər aksiyalarını davam etdirəcəklərini vurğulayıblar.
Erməni separatçılarının bu açıqlaması Azərbaycanın Laçın–Xankəndi yolunun girişində yaratdığı sərhəd nəzarət-buraxılış məntəqəsinin separatizmə qarşı mübarizədə həqiqətən də mühüm rol oynadığını göstərir.
Məlumat üçün qeyd edək ki, bu, ermənilərin Laçın–Xankəndi yolu ətrafında təşkil etdikləri ilk aksiya deyil. Belə ki, cari ilin yanvar ayında Ermənistanın “Milli Gündəm” partiyasının üzvü Ayk Paytyanın liderliyi ilə bir qrup erməni Laçın–Xankəndi yolunun yaxınlığında çadırlar qurmuş, azərbaycanlı ekofəalların aksiyasına etirazlarını bildirmişdirlər. Həmin vaxt Laçın–Xankəndi yolu ilə bağlı açıqlama verən Art Partyan çıxışları sırasında əsl məqsədlərini ifşa edən fikirlər səsləndirmişdir. O bildirmişdir ki, aksiyada məqsəd “ümumerməni oyanışı”na nail olmaq, buna start verməkdir.
Bugünlərdə Laçın–Xankəndi yolunun ətrafında çadırlar quran “Artsaxda etnik təmizləməyə yox” hərəkatının üzvləri də eynən Art Partyan kimi Azərbaycana qarşı absurd tələblər səsləndirməkdədirlər. Nə qədər qəribə olsa da, Azərbaycandan öz ərazilərinə nəzarət etməməyi tələb edən aksiyaçılar tarixi torpaqlarımıza qarşı iddialarını gizlətmir, Qarabağı ermənilər üçün “həyat mənbəyi” adlandırırlar.
Hələ də xam xəyallarla yaşayan separatçılar unudurlar ki, “Qarabağ Azərbaycandır!” və ordumuz bu qələbəni 44 günlük Vətən müharibəsindəki parlaq Zəfəri ilə qazanıb. Azərbaycanın isə təxribatlara qarşı hər zaman yalnız bir cavabı var: “Dəmir yumruq”.
Seymur ƏLİYEV

