Böyük maraqların sülhlə toqquşduğu tarixi an

post-img

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdəliyi ilə həllini tapmış, haqqında keçmiş zamanda danışdığımız Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün vasitəçilik edən ABŞ, Rusiya və Fransa təmsilçiləri dəfələrlə bildiriblər ki, aralarında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları olsa da, Qarabağ münaqişəsinin həllinə dair yanaşmaları üst-üstə düşür. Onların səsləndirdiyi bu fikrin alt qatında dayanan məna isə bundan ibarət idi ki, həmsədr ölkələr Qarabağ məsələsinin, yumşaq desək, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı deyillər. Təsadüfi deyil ki, 2009-cu ildə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermədə Ermənistanla yanaşı, adları çəkilən üç ölkə də əleyhimizə səs vermişdi. Bu, çox mətləblərdən xəbər verirdi.

Hər zaman sülhpərvər siyasət yürü­dən Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi də vasitəçilik səylərinin iflasa uğramasının nəticəsi idi. Vasitəçi­liyin işğal siyasətinin möhkəmlənmə va­sitəsi olduğu üzə çıxdıqdan sonra rəsmi Bakı hərb variantını seçdi. Əlbəttə, bu seçim, eyni zamanda Ermənistanın hü­cumuna cavab idi. Azərbaycan müharibə nəticəsində təkcə əzəli-əbədi torpaqlarını düşmən tapdağından azad etmədi, həm də 30 ilə yaxın dəyişməyən status-kvo­nu dəyişdirdi, bölgədə tamamilə yeni re­allıqlar yaratdı. Qarabağ ölkənin iqtisadi rayonlarından birinə çevrildi, onun adının əvvəlində işlədilən “dağlıq” sözü arxa­ikləşdi, Qarabağ ermənilərinin “status” istəyi ATƏT-in Minsk qrupu kimi tarixin arxivinə gömüldü. Bu gün ölkəmiz təkcə qalib deyil, həm də şərtləri diktə edən tərəfdir. Ancaq Bakının şərtləri də ədalət­lidir, humanistdir və beynəlxalq hüquqa tam uyğundur. Ötən ilin martında Ermə­nistana təqdim edilmiş sülh müqaviləsi ilə bağlı 5 təklifə hətta, rəsmi İrəvanın da prinsipcə razılıq verməsi, onları qəbul et­məsi də bunun göstəricisidir.

***

Müharibədən sonra Azərbaycan üçün məsələnin siyasi yolla tənzimlənməsi mərhələsi başlayıb. Bir neçə gündür ki, Arlinqtonda – Corc Şultz adına Xarici İş­lər üzrə Milli Tədris Mərkəzində Azərbay­can və Ermənistan xarici işlər nazirləri arasında ABŞ Dövlət katibi Antoni Blin­kenin vasitəçiliyi ilə görüş keçirilir. Yeri gəlmişkən, qeyd etdiyimiz kimi, əvvəllər Qarabağ məsələsinin həllinə yanaşmada üç ölkənin maraqları üst-üstə düşürdü. Rusiya–Ukrayna müharibəsinin başlan­masından sonra Vaşinqton və Parisin Moskva ilə Minsk qrupu formatında da bir araya gəlməsi mümkünsüz oldu və MQ faktiki olaraq, dağıldı.

Vaşinqtonda görüş başlar-başlamaz bölgədə maraqlı olan aktorların sədası eşidilməyə, maraqların toqquşması gö­rünməyə başlandı. İlk bəyanat Moskva­dan gəldi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun “Ermənistan və Azərbaycan arasında vəziyyətin nizam­lanmasına kömək etmək alqışlana bilər, ancaq Rusiya ilə birgə imzalanmış üç­tərəfli sazişlər əsasında” fikri Cənubi Qafqazda sülhün əldə olunmasına heç də xoşməramlı münasibətdən xəbər vermir. Bundan öncə isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın təşəbbüsü ilə əldə olunmuş razılaşmaları Qərbin qısqanclıqla qar­şıladığını dəfələrlə bildirib. Qeyd etmək lazımdır ki, Rusiya da Bakı və İrəvanın üçüncü tərəflərin vasitəçiliyi ilə görüşlər keçirməsinə qısqanclıqla yanaşır. Ancaq Moskva regionda davamlı sülhün əldə edilməsində böyük potensialının olması­na baxmayaraq, təəssüf ki, bundan isti­fadə etməyib. Bu mövqe Ceyhun Bayra­mov, Sergey Lavrov və Ararat Mirzoyan arasında gözlənilən Moskva görüşünün baş tutmasını da sual altında qoyur.

***

Bölgədə maraqlı oyunçulardan biri də Fransadır. Parisin açıq ermənipərəst mövqeyi hər kəsə gün kimi aydın oldu­ğundan, bu barədə əlavə nə isə deməyə ehtiyac duymuruq. Fransa Avropa İtti­faqının Ermənistandakı mülki missiyası ilə prosesə müdaxilə etəməyə çalışır. Fransızlar bu missiyanın daha çox hərb­ləşməsində maraqlıdırlar. Buna bax­mayaraq, adıçəkilən ölkə ABŞ-la birgə kollektiv Qərbi təmsil etdiyindən, hələlik, Vaşinqton danışıqlarını səssiz izləməyə üstünlük verir.

Son vaxtlar Ermənistanla münasibət­ləri daha üst səviyyəyə qaldıran və Zən­gəzur dəhlizinin açılmasına qarşı çıxan İran isə bu mövqedədir ki, problemləri bölgə dövlətləri özləri həll etməlidirlər. Tehran bununla bölgədən kənarda apa­rılan danışıqlara qarşı çıxdığını nümayiş etdirir.

Azərbaycanın ən yaxın strateji müt­təfiqi olan Türkiyə proseslərin Bakının maraqları çərçivəsində inkişafında ma­raqlıdır. Vətən müharibəsindən sonra Türkiyə bölgəyə daha aktiv cəlb olunub, qardaş ölkənin hərbçiləri hazırda Rusi­ya–Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərməklə, Qarabağ torpağın­da – Ağdamdadırlar. 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin daha üstün səviyyəyə qalxmasına gətirib çıxarıb.

***

Beləliklə, qardaş Türkiyə istisna ol­maqla, regional aktorların hamısının ma­raqlarının toqquşması müşahidə olun­maqdadır. Hazırda proseslərə daha çox diplomatik yanaşma sərgiləyən ABŞ-ın görüşdə real nəticə və konkret irəliləyişə nail olmaq səyləri açıq görünür. Vaşinq­tonun dalana dirənmiş vəziyyəti aradan qaldırmaq niyyəti də diqqəti cəlb edir. Bəlkə də xarici aktorlar arasında ABŞ hazırda bu istiqamətdə daha səmimi və ardıcıl olmağa çalışan tərəfdir. Vaşinq­tonda Ermənistanla Azərbaycan arasın­da sülhə doğru addım atılacağı təqdirdə, qüvvələr nisbətinin necə dəyişəcəyini isə qarşıdakı günlər göstərəcək.

 

Aydın QULİYEV,
politoloq

– Rusiya, Fransa və İranla müqa­yisə edəndə ABŞ-ın, həqiqətən də, Ermənistan–Azərbaycan münasibət­lərinin normallaşmasında irəliləyişə nail olmaq və prosesləri yerindən tərpətmək niyyətində səmimi oldu­ğu görünür. Ancaq burada müəyyən nüansları nəzərə almaq lazımdır. Çünki hazırda Ermənistan–Azərbay­can münasibətlərinin normallaşma prosesində ABŞ-ın, Fransanın və Rusiyanın, eləcə də İranın müəy­yən mənada mövqeləri arasında ziddiyyət özünü aydın şəkildə göstə­rir. Xüsusilə, ABŞ və Rusiyanın bu məsələyə yanaşmasında geosiyasi rəqabət və bir-birini inkar etmək prin­sipləri aşkar şəkildə ortadadır. Bu da razılaşmaların əldə olunmasına, yaxud əldə olunmuş razılaşmala­rın həyata keçirilməsi imkanlarına xeyli dərəcədə zərbə vurur. Rusiya danışıqlara özünün qısqanc müna­sibətini açıq şəkildə ortaya qoyub. Moskva ABŞ-ın normallaşma prose­sinə təsirini diplomatik etika xatirinə dəstəkləsə də, 10 noyabr üçtərəfli Bəyanatından kənarda hər hansı normallaşma variantını qəbul et­mədiyini də diqqətə çatdırır. Bu isə Ermənistan–Azərbaycan münasibət­lərinin tam sürətlə irəliləməsi prose­sinə maneçilik törədir. Ermənistanın özü də müstəqil dövlət olmadığı üçün prosesə müsbət mənada təsir göstərmək gücündə və imkanında deyil.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət