Rəsmi Bakı hələ üç ay bundan əvvəl əmin olduğunu bildirmişdi ki, çətinliklərə baxmayaraq, çoxillik düşmənçilik səhifəsini çevirmək və beynəlxalq hüquq normalarına əsaslanan sülh müqaviləsini bağlamaq mümkündür. Bəli, inam və xoş mərama söykənən dialoq mütləq müsbət nəticə ilə bitməlidir. İndi Vaşinqtona dikilmiş baxışlarda ümid həmişəkindən daha çoxdur...
ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan təkbətək görüşlərdən sonra mətbuata açıqlama verən ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono bildirib ki, sülh danışıqları bir çox məsələləri əhatə etdiyi üçün “çətin prosesdir”.
Dövlət katibinin hər iki ölkənin xarici işlər nazirləri ilə ötən ilin noyabrında, daha sonra Münxen Təhlükəsizlik Konfransında bir araya gəldiyini deyən L.Bono “danışıqlardan sonra tərəflərin sülh prosesinə sadiq olduğunu gördük. Bu məqamı nəzərə alaraq, Birləşmiş Ştatlar Bakı və İrəvana bir neçə gün müzakirə üçün yenidən imkan yaratdı” deyib. Vaşinqtonun Cənubi Qafqazda dinc gələcəyi hədəfləyən danışıqlara yardım etməkdən məmnunluq duyduğunu və “iki ölkə arasında sülhün və əmin-amanlığın bərpası üçün çalışdığını” qeyd edən diplomat son qərarın onların özündən asılı olacağını vurğulayıb.
Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda Blinkenlə təkbətək və birgə görüşlərinin ardınca hər iki ölkənin nümayəndə heyətləri arasında geniş tərkibdə dialoq baş tutub.
Qapalı proses nə ilə bitəcək?
Bağlı qapılar arxasında davam edən ikitərəfli danışıqlarla bağlı Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin “problemin yeganə həll yolu və möhkəm sülhə nail olmağın açarı birbaşa dialoqdur” açıqlamasını onun mətbuat katibinin müavini Vedant Patel də təkrarlayıb. Bəs, Ağ evin təşəbbüsü ilə baş tutan ikitərəfli görüşlərə Moskvanın reaksiyası necədir? Əlbəttə, Cənubi Qafqazda sülh təşəbbüslərinin okeanın o tayına adlamasında İrəvanı əsas təqsirkar sayan Kreml bunun əvəzini hansısa formada çıxmağa çalışacaq və bunu mütləq büruzə verəcək. Amma necə?
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Vaşinqton görüşləri ilə bağlı “Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına kömək etmək alqışlana bilər, ancaq Rusiya ilə birgə imzalanmış üçtərəfli sazişlər əsasında” açıqlamasını birbaşa ABŞ Dövlət Departamentinin təşəbbüsünə təhdid kimi də dəyərləndirmək mümkündür. Kreml rəsmisi açıqlamasında daha irəli gedərək açıq mətnlə söyləyib: “İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birgə imzalanan üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa hüquqi əsaslar yoxdur. Müvafiq olaraq, hələlik üçtərəfli sənədlərin heç bir təsiri yoxdur”. Yəni, cənab Peskovun demək istədiyi budur ki, Vaşinqtonda qəbul ediləcək, yaxud imzalanacaq sənəd Moskva üçün heç bir hüquqi qüvvəyə malik olmayacaq.
Bu barədə fikirlərini qəzetimizlə bölüşən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın açıq şəkildə sülhə qarşı çıxmayacağını bildirir: “Sadəcə olaraq, burada qısqanc yanaşma var. Bu, xarici işlər naziri Lavrovun, onun sözçüsü Zaxarovanın açıqlamalarında olub, indi də Peskovun dilindən eşidirik. Onlar deyirdilər ki, vasitəçi kimi Rusiyanın sülh missiyasına ABŞ, yaxud Avropa İttifaqı sahib çıxmaq istəyir. Biz, eyni zamanda, onu da müşahidə edirik ki, Rusiya İrəvana təzyiqləri kifayət qədər artırıb. Elə Ermənistanın süd məhsullarının, guya sanitariya qaydalarına görə, Rusiya bazarına girməsinə qoyduğu qadağanı misal göstərmək olar. Gürcüstandan Rusiya ərazisinə keçən yol təmirlə bağlı qismən bağlandı və ermənilərə məxsus nəqliyyat vasitələri geri qaytarılır. Nəhayət, Krasnodar diyarında birdən-birə qaz kəmərində təmirə ehtiyac yarandı və Rusiya Ermənistana qazın nəqlini dayandırdı”.
Mövzuya münasibətini bildirən politoloq Yeganə Hacıyeva da Vaşinqton görüşlərinin, eləcə də bölgədə və münaqişə ətrafında baş verənlərin Kremldə qıcıq yaratmasının səbəbkarının elə Rusiyanın özü olduğunu bildirir: “Çünki Kreml status-kvonu saxlamaq, sülhə aparan yolu uzatmaq istəyir. Hazırda sülh, qarşılıqlı dialoqla bağlı ikitərəfli, üçtərəfli danışıqların moderatorluğu Vaşinqtonun əlindədir. Çünki postmüharibə dövründə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyi başladı, daha sonra Avropa Birliyi bu platformaya cəlb olundu. Amma nə Rusiyanın, nə Fransanın timsalında Avropa Birliyinin, nə də yenə Kremlin razılığı ilə İranın bölgədəki yeni reallığa müdaxilələri heç bir nəticə vermədi. Çünki onlar bu məsələlərdə yalnız öz maraqlarını güdürdü. Amma ABŞ-ın mövqeyi ondan ibarət idi ki, tərəflər arasında birbaşa görüş, üz-üzə müzakirələr olmalıdır. Beynəlxalq münasibətlərdə tətbiq edilən təcrübəyə görə, tərəflərin “tet-a-tet” görüşləri daha faydalı olur”.
Əsəblərin kifayət qədər tarıma çəkildiyi indiki məqamda sülh meydanının sahibi ABŞ-dır. Oyunun qaydalarını da o, diktə edir.
“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ABŞ-da keçirilən danışıqlar bir neçə gün davam edəcək”. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib: "Danışıqların əsas mövzusunu sülh sazişi təşkil edir. Hazırda təfərrüatları açıqlaya bilmirik. Görüşlər bir neçə gün davam edəcək".
Ağ ev közərən ümidləri yandıra biləcəkmi?
“Turan” informasiya agentliyi ABŞ-dakı diplomatik mənbələrə istinadən bildirib ki, görüş zamanı tərəflər sülhə aparan "yol xəritəsi”ni müzakirə edirlər. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, Vaşinqton danışıqlarında "yol xəritəsini" hazırlamaq mümkün olsa, “bir neçə həftə ərzində” sülh müqaviləsini imzalamaq üçün Azərbaycan və Ermənistan liderlərinin görüşü Avropada baş tuta bilər. Amma Vaşinqtonun ardınca eyni formatda görüşün Moskvada keçiriləcəyinin anonsunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova vermişdi: “Belə bir görüş haqqında razılıq əldə edilib, konkret tarix daha sonra elan ediləcək”.
Y.Hacıyevanın fikrincə, Ağ ev bu gün sülh niyyətində səmimidir: “Sülh danışıqlarında üçüncü tərəfin iştirakının zərərli tendensiya olduğunu açıq bildirən Vaşinqton həftənin əvvəlindən sülh sazişinin imzalanması yolunda fasiləsiz addımlar atır. Artıq mətnin qaralama versiyası mövcuddur, danışıqlar bunun üzərindən aparılır. Bəli, gərgin və çətin müzakirələr ərazi bütövlüyünün tanınması, beynəlxalq hüququn təmin olunması və regional təhlükəsizliyin digər məsələlərini əhatə edir. Əslində bütün sadalananların hər biri Azərbaycanın maraqlarına uyğundur və bu müzakirələrin sonundan müsbət gözləntilərimiz var”.
“İki ölkə arasında sülh mümkündür”
Belə məlum olur ki, bu minvalla Vaşinqtonda ABŞ Dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və heyətlərin görüşü bir həftə də davam edə bilər. Bu məsələ, həqiqətən də, gərgin iş və uzlaşma nöqtələrinin axtarılıb tapılmasını tələb edir. Sonda isə hansısa sənədin qəbul olunacağı mütləqdir. Əks halda Ağ evin təşəbbüsü fiaskoya uğramaqla yanaşı, supergücün beynəlxalq imicinə, nüfuzuna xeyli ziyan dəymiş olacaq.
“Xoş məqam ondan ibarətdir ki, hər iki ölkənin liderləri də artıq sülhün əldə edilməsində maraqlı olduqlarını bəyan ediblər. ABŞ hər zaman olduğu kimi, Cənubi Qafqazda dinc, demokratik və çiçəklənən gələcəyin qurulması üçün töhfə verməyə daim hazırdır”, - bunu Patel deyib.
İrəvan ABŞ-ın moderatorluğu ilə keçirilən görüşdə göstərməyə çalışır ki, guya, sülh sazişinin imzalanmasında maraqlıdır. Həm onların baş naziri, həm də XİN rəhbəri üzdə bu prosesin davam etməsi, onların məsələnin həllinə təşəbbüs göstərməsi ilə bağlı açıqlamalar verirdilər. Fəqət onların belə riyakar açıqlamalarından bir neçə gün sonra tamamilə əks mövqedən bəyanatla çıxış etdiklərini eşitdik, ardınca sərhəddə təxribatlarını gördük. Haylar onu da yaxşı anlayırlar ki, məsələ xoşluqla həllini tapmasa, Bakı sülhətəhriketmə missiyalı antiterror əməliyyatlarını dövriyyərə buraxa bilər. Bu, son variantdır.
Vaşinqton dialoquna optimist yanaşan politoloq R.Musabəyov bizimlə müəyyən proqnozlarını da bölüşdü: “Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh müqaviləsinin başlanğıcı kimi çərçivə sənədi imzalana bilər. Çərçivə sənədin qəbul olunmasına paralel olaraq, “yol xəritəsi” cızıla bilər. Ardınca, qarşılıqlı əlaqələrin bərpası, kommunikasiyaların açılması və bütün bunların iki ölkənin parlamentləri səviyyəsində paraflanması gözləniləndir. Sülhün əldə olunmasına ümidlər bu imkanı itirmək ehtimalından daha böyükdür”.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”