Dostluq və qardaşlığın çağdaş nümunəsi

post-img

Son 20 ildə Azərbaycan–Türkiyə əməkdaşlığı ən yüksək səviyyəyə çatıb. Əlaqələrin möhkəmlənməsində Azərbaycanın və Türkiyənin ölkə liderlərinin müstəsna rolu olub. İki liderin ortaya qoyduğu güclü iradə, siyasi və iqtisadi münasibətlər əsas olmaqla, bütün sahələrdə öz töhfəsini verib. 

Aparılan düzgün siyasət Azərbay­can və Türkiyənin qlobal səviyyədə siyasi mövqelərini gücləndirib. Təh­lükəsizliyin, sabitliyin bərqərar olması, nəqliyyat-logistika imkanlarının dəyər­ləndirilməsi, birgə layihələrin icrası hər iki ölkənin region üzərində təsir imkan­larının artması üçün əlverişli imkan ya­radıb. Bu, eyni zamanda, başqa ölkələ­rin bölgəyə təsirlərini məhdudlaşdırıb.

Azərbaycan və Türkiyə münasibət­ləri, sadəcə, siyasi sahədə deyil, həm də iqtisadi sektorda özünü göstərib. Ölkələr arasında ticarət həcmi sürət­lə artıb, qoyulan investisiya miqda­rı isə milyardlarla dollar təşkil edib. Azərbaycan–Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlayıb. Bu istiqamətdə ilkin olaraq 1992-ci il no­yabrın 1-də imzalanmış “Azərbaycan–Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” mühüm rol oynayıb. İkitərəfli iqtisadi münasi­bətlərin hərtərəfli inkişafı baxımından 1994-cü ildən sonra həyata keçirilmiş tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlarla xüsusi mərhələnin əsası qoyulub. 

Türkiyə Azərbaycan iqtisadiyya­tına ən çox investisiya yatıran dövlət kimi tanınıb. 1995-2021-ci illər ərzində qardaş ölkədən respublikamıza cəlb edilən birbaşa investisiyaların həcmi 13,3 milyard ABŞ dolları (10,4 milyard ABŞ dolları neft sektoru, 2,9 milyard ABŞ dolları (1-ci yer) qeyri-neft sek­toru) təşkil edib. Türk şirkətlərinin fəa­liyyəti enerji, sənaye, telekommunika­siya, bank, sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil), səhiyyə kimi sahələrdə daha çox diqqət çəkib. Azərbaycan da Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir və son zamanlar bu investisiya­larda mühüm artım müşahidə olunur. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2 minə yaxın şirkət fəaliyyət göstərir. 

Xatırladaq ki, 1995-2021-ci illər ər­zində Azərbaycandan Türkiyəyə yatırı­lan birbaşa investisiyaların həcmi 20,3 milyard ABŞ dollarına (17,1 milyard ABŞ dolları neft-kimya sektoru, 3,2 milyard ABŞ dolları qeyri-neft sekto­ru) çatıb. Sadəcə SOCAR-ın 2018-ci ilin sentyabr ayında 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını ta­mamlayaraq istifadəyə verdiyi “Star” neft emalı zavodu Türkiyəyə birdəfəlik yatırılan ən böyük investisiya kimi qey­də alınıb. Ümumilikdə, Türkiyədə in­vestisiya qoyan azərbaycanlı iş adam­ları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdə qə­rarlaşıb. 

Azərbaycan–Türkiyə münasibətlə­rində regional iqtisadi əməkdaşlıq da xüsusi yerə malikdir. İki dövlətin birgə həyata keçirdiyi fəaliyyətin nəticəsi olaraq, beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr bunun bariz ifadəsi­dir. Bakı–Tbilisi–Ceyhan neft kəmə­ri (BTC), Bakı–Tbilisi–Ərzurum qaz kəməri (BTƏ), Trans–Anadolu təbii qaz boru xətti (TANAP), Trans–Adriatik boru xətti (TAP) və Bakı–Tbilisi–Qars dəmir yolu xətti (BTQ) layihələri bu baxımdan ən ümdə nümunələrdir.

Yeri gəlmişkən, BTC layihəsinin re­allaşması istiqamətində mühüm addım kimi 29 oktyabr 1998-ci il tarixində Azər­baycan, Türkiyə və Gürcüstan prezi­dentləri arasında Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı imzalanmış Ankara Bəyannamə­si, 18 noyabr 1999-cu il tarixində isə ATƏT-in İstanbul Zirvə toplantısında xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edil­məsinə dair imzalanmış sazişin icrası nəticəsində 13 iyul 2006-cı il tarixin­də Türkiyənin Ceyhan limanında Ba­kı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istifadəyə verilib. 

BTC kimi Bakı–Tbilisi–Ərzurum qaz kəməri də iki ölkə arasındakı regi­onal xarakterli ən mühüm layihələrdən biri olaraq daim dəyərləndirilib. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanıb. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilmə­si və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imka­nı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirib. 

Sonda onu da qeyd edək ki, işğal­dan azad edilən torpaqlarımızın rein­teqrasiyası və reabilitasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsi­ni formalaşdırır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların­da infrastruktur layihələrinin, yolların tikintisində türk şirkətləri fəal iştirak edirlər. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sə­nayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektor­ların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhliz­lərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir. 

V.BAYRAMOV, “Xalq qəzeti”

Siyasət