Ukraynada vəziyyət kifayət qədər gərgindir. Bir tərəfdən, ölkə açıq döyüşlər aparır, digər yandan, son günlərdə hücum üçün bütün hazırlıqları başa çatdıraraq, hər dəqiqə hərəkətə keçə biləcəyini bəyan edir. Bu barədə şəxsən Prezident Volodimir Zelenski bildirib. O deyib ki, tezliklə böyük döyüşlər olacaq, ölkə torpağını və xalqını rus əsarətindən azad etməlidir. Məlumatı UNİAN verib.
Zelenski Baxmut, Avdeyevka, Marinka və Donbasın digər şəhər və kəndlərini ən şiddətli döyüşlərdə müdafiə etdiyinə görə hərbçilərə təşəkkür edərək bildirb: “Tezliklə əsas döyüş olacaq. Biz öz torpağımızı, xalqımızı rus əsarətindən azad etməliyik. Dövlət sərhədimizin bütün xəttini - həm quruda, həm də dənizdə bərpa etməliyik. Əminəm ki, sərhəd qoşunlarımızın qəhrəmanlığı, etibarlılığı, möhkəmliliyi bu mühüm tarixi yolda Ukraynaya güclü kömək edəcək”.
Sözügedən istiqamətlərdə rus ordusunun müəyyən uğurlar əldə etməsinə baxmayaraq, sonradan Ukrayna hərbçilərinin onları geri oturtduğunu müdafiə nazirinin müavini Anna Malyar da təsdiq edib.
Ukrayna hərbçiləri dünən bir sıra cəbhələrdə, o cümlədən, Liman istiqamətində düşmənin bütün hücumlarını dəf edib. Bəzi məlumatlara görə, 10 rus döyüşçü girov götürülüb.
Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski isə bildirib ki, ordu Baxmutda da əks-hücuma keçərək rəqibi bəzi mövqeləri tərk etməyə məcbur edib: “İrəli getmək üçün düşmən maksimum səy göstərir. Əhəmiyyətli itkilərə baxmayaraq, “Vaqner”in yeni hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri daim döyüşə atılır, lakin Baxmutu ala bilmirlər. Buna baxmayaraq, vəziyyət kifayət qədər mürəkkəbdir”.
Rusiya Müdafiə Nazirliyi də bəzi uğurları haqqında məlumat yayıb. Bildirilib ki, Kramatorsk rayonunda Ukrayna ordusu üçün sursat daşıyan qatar vurulub, nəticədə 200 ton sursat məhv edilib. Bəzi başqa istiqamətlərdə də Ukrayna ordusuna zərbələr vurulduğu qeyd edilir.
Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı da Rusiya hərbçilərinin ölkə ərazisini raket atəşinə tutduğunu qeyd edib. Onun sözlərinə görə, mayın 1-nə keçən gecə ərzində Ukraynaya 18 qanadlı raket atılıb. Ukraynanın hava hücumundan müdafiə qüvvələri onlardan 15-ni məhv edib: “Rusiya qüvvələri Oleneqorsk vilayətindən (Murmansk) 9 Tu-95 və Xəzər dənizi regionundan 2 Tu-160 strateji bombardmançı təyyarələri ilə Ukraynaya hücum ediblər”. O, Ukraynaya X-101/X-555 qanadlı raketlərinin atıldığını da bildirib.
Ukrayna Silahlı Qüvvələri Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin nümayəndəsi Natalya Qumenyuk isə ölkə ordusunun Krıma hücumu haqqında danışıb. Onun dediyinə görə, aprelin 29-da Krımdakı neft bazasına hücum Silahlı Qüvvələrin əks-hücuma hazırlğının bir hissəsi olub: “Bu, hamının gözlədiyi geniş tammiqyaslı hücuma hazırlığın bir nümunəsidir”.
Amma tərəfləri müharibəni dayandırmağa və danışıqlar masası arxasına oturmağa çağıranlar da var. Şübhə yoxdur ki, dünyada qarşıdakı hərbi gərginliklə bağlı narahatlıqlar da çoxdur. Dünən Roma papası Fransisk də müharibənin şiddətlənəcəyindən narahatlığını ifadə edib. O, Ukrayna və Rusiyanı hücum əməliyyatlarından əl çəkməyə çağırıb və danışıqların təşkili üçün öz nümayəndələrini Moskvaya və Kiyevə göndərməyə hazır olduğunu bildirib.
Dünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov bununla bağlı bəyanatında qeyd edib ki, papa Fransisk Ukrayna münaqişəsinin tərəflərini hücum cəhdlərindən əl çəkməyə və danışıqlar masası arxasına oturmağa çağırıb: “Onlar istəklərinə ancaq danışıqlar masası arxasında nail olacaq, döyüş meydanında isə bu, mümkün deyil. Danışıqlar hər iki tərəf üçün irəliləyişə səbəb olacaq. Əgər müharibə tərəfləri istəsə, papa danışıqlar prosesinin başlanmasına kömək edəcək. Roma papası danışıqlar üçün nümayəndələrini istənilən vaxt Kiyevə və Moskvaya göndərməyə hazırdır”.
Tural İSMAYILOV, 
politoloq
Artıq uzun müddətdir ki, Ukraynanın əks-hücum əməliyyatına başlayacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Nəzərə almaq lazımdır ki, bu məlumat ilk dəfə Qərbin kəşfiyyat mənbələrində yayılmışdı. Daha sonra Britaniya kəşfiyyatı bu məsələdə gücləndirilmiş mövqe ifadə etdi və əldə olunan kəşfiyyat məlumatlarına görə, yaz aylarında Ukraynanın əks-hücuma keçəcəyini açıqladı. Artıq mart-aprel ayları arxada qalıb və hesab edirəm ki, may ayının ortalarından etibarən biz Ukraynanın Rusiyaya qarşı əks-hücum və əks-həmlə əməliyyatlarına şahidlik edə biləcəyik.
Baxmut ətrafında baş verən hadisələr də göstərdi ki, artıq Rusiya ordusunda həm mənəvi-psixoloji durum kifayət qədər aşağı vəziyyətdədir, həm də beynəlxalq təcrübədə təsdiqini tapmış faktdır ki, işğalçı heç zaman sona qədər uğura nail ola bilmir. Bundan əlavə, Ukraynaya edilən beynəlxalq hərbi və siyasi yardımların həcmi də kifayət qədər artıb.
Önəmli məsələlərdən biri də budur ki, əks-hücumla bağlı söhbətlər təkcə kəşfiyyat məlumatları və media proqnozları deyil. Artıq Ukraynanın hərbi-siyasi rəhbərliyi də birmənalı şəkildə etiraf edir ki, Rusiyaya qarşı əks-hücum əməliyyatlarına hazırlıqlar başa çatıb. Bu hazırlıq uzun müddətdir ki, davam edir. Burda NATO komandanlarının, alyansın yüksək biliklərə malik zabitlərinin Ukrayna ordusunun təlim proseslərində və əks-hücum əməliyyatlarına hazırlanmasında fəal iştirak etdiyini də nəzərdən qaçıra bilmərik.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”


                                