Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda Bakıda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Öncə Milli Oftalmologiya Mərkəzində başlanan elmi hissədə yerli və beynəlxalq mütəxəssislər görmə orqanının xəstəliklərinə, oftalmologiyanın aktual problemlərinə dair təqdimatlarla çıxış edib, mövzular ətrafında müzakirələr aparıblar. Elmi hissənin davamı Heydər Əliyev Mərkəzində keçirilib.
Öncə Səhiyyə Nazirliyinin rəhbərliyi və konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil və tər çiçəklər qoyulub. Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və dövlət orqanların rəhbər şəxsləri, Milli Məclisin deputatları və tanınmış ictimaiyət nümayəndələri, həmçinin Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan və Özbəkistandan gəlmiş görkəmli oftalmoloqlar iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. O, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında rolundan, əldə etdiyi uğurlardan söz açıb: “Oftalmologiya elminin fədaisi olan Zərifə xanım Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, elmi araşdırmaları üçün praktik əhəmiyyət daşıyan aktual mövzular seçib. Azərbaycan səhiyyəsinin inkişafında akademik Zərifə Əliyevanın bir xidməti də onun pedaqoji fəaliyyəti, həkimlərin peşəkar bacarıqlarının artırılması, yüksək ixtisaslı həkim kadrlarının formalaşması üzrə gördüyü işlərdir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ olduğunu diqqətə çatdırıb.
Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Zərifə xanımın oftalmologiya sahəsində yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verdiyindən danışıb və həmin peşəkar kadrların bugünkü uğurlu fəaliyyətini vurğulayıb. O, Zərifə Əliyevanın traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən söz açıb. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsinin Zərifə Əliyevanın adı ilə bağlı olduğunu qeyd edib və oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatlarının alimə böyük şöhrət gətirməsindən və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmasından bəhs edib.
Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin (TCOD) təsisçisi və sədri Sunay Duman çıxışında tibb elminin yeni istiqamətlərinin işlənib hazırlanmasında Zərifə xanımın xidmətlərini xatırladıb. Zərifə xanımla uzun illər çalışmış həmkarları – Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Alevtina Brovkina və Larisa Maşetova alim haqqında xatirələrini bölüşüblər.
Rusiyanın Diplomdan Sonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, Rusiya Federasiyasının Əməkdar həkimi, akademik Larisa Moşetova Zərifə Əliyeva ilə ilk görüşündən bəhs edib. O, deyib: “Onunla gənc oftalmoloq olduğum zaman tanış olmuşam, həmin vaxt yenicə namizədlik dissertasiyası müdafiə etmişdim. Biz birlikdə – Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrası və Bakı Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrası oftalmoloqlarının birgə kadr hazırlığını aparırdıq. İki dost kafedra, onların bir-biri ilə ünsiyyətdə olan və birlikdə dissertasiya hazırlayan iki rəhbəri – professor Nina Şulpina və Zərifə xanım”.
Zərifə xanımın həmkarı onun elmi tədqiqatlarından söz açaraq bildirib ki, o, həqiqətən, istedadlı alim idi. Bunu onun yaratdığı laboratoriya və traxoma ilə bağlı tədqiqatları əsasında söyləmək olar. Zərifə xanım Azərbaycanda bu problemi kökündən həll etdi və namizədlik dissertasiyası müdafiə edərək son nöqtəni qoydu.
L. Moşetova qeyd edib ki, Zərifə Əliyeva pasiyentlərə böyük sevgi və hörmətlə yanaşırdı: “Mən Zərifə xanımın bütün danışıqlarına məmnunluqla qulaq asır, onun ağır xəstəliyi pasiyentə çatdırmaq bacarığını, xəstələrə münasibətini görürdüm. O, mənim üçün çox şey edib. Mənim yetkin elmə gəlişim onun sayəsində olub. “Oftalmologiyanın nə olduğu”, “bu işlə necə məşğul olmaq və onu sevmək” məfhumlarını ondan öyrəndim... Zərifə xanım hələ çox işlər görə bilərdi. Lakin o, elə bir bünövrə qoyub gedib ki, ondan hələ bir çox gələcək nəsillər istifadə edəcəklər. Zərifə xanım bir çoxlarına həyata vəsiqə verən insandır və özündən sonra işıqlı xatirə qoyub”.
Konfransın gedişində Zərifə xanım Əliyevanın həyatına və elmi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib. İki gün davam edən konfransda “Xorioid melanomalarının diaqnostik və proqnostik markerləri”, “Qlaukomanın müalicəsində kannabisin tətbiqinə dair”, “Dünyanın aparıcı ölkələrində oftalmoloji təhsilin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi və onun Azərbaycan modeli”, “Müasir neft sənayesində çalışan işçilər arasında oftalmopatologiyaların öyrənilməsi və onların yaranma riskinin qiymətləndirilməsi”, “Refraktiv cərrahiyyədən əvvəl retinanın qiymətləndirilməsinin əhəmiyyəti”, “Kapsul kisəsi olmadıqda İOL implantasiyası” və digər mövzularda məruzələr dinlənilib.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”


