Rəsmi Bakının sülh müqaviləsi üzrə təkliflərinə 45 gündür cavab verməyən Ermənistan rəhbərliyi, bu, azmış kimi, məntiqsiz və arqumentsiz açıqlamaları ilə danışıqlar prosesinə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquqa zidd müddəalar daxil etməyə cəhdlər göstərir və müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır.
Sülh sazişinə aparan yolda qərarsızlığını və qətiyyətsizliyini nümayiş etdirən Hayastanın başbilənlərinin sülhdən və hərbdən başqa seçim variantının qalmadığını anlamaları üçün Bakı daha hansı siyasi ritorikadan istifadə etməlidir? Axı, bu günə qədər də Azərbaycan dövlət başçısının İrəvanın diqqətinə çatdırdığı sözü aydın, təklifi konkret, təşəbbüsləri isə xoşməramlı olub. Və onu da xüsusi olaraq vurğulayaq ki, bu təşəbbüsləri müharibədən qalib çıxmış ölkənin məğlub duruma düşmüş qarşı tərəfə jesti kimi dəyərləndirmək lazımdır. Onların əlində bundan nəticə çıxarmaq üçün kifayət qədər vaxtları vardı. Artıq vaxt tükənib, səbir kasası da dolub.
* * *
Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 18-də AzTV-yə verdiyi müsahibəsində həm İrəvana, həm Qarabağın erməni icmasına, həm də orada məskən salmış separatçı tör-töküntülərə ciddi ismarıclar göndərdi. Bundan əndişələnən Ermənistan XİN tələsik bəyanatla çıxış edib. Cənab Prezidentin bölgədəki mövcud reallığa söykənən sərt siyasi tezislərini, həmişə olduğu kimi, özünəməxsus şəkildə interpretasiya etməyə çalışan İrəvan özünü sülhpərvər tərəf kimi göstərməklə yenə də siyasi riyakarlıq nümunəsi sərgiləyib. Azərbaycan XİN Ermənistan XİN-in təhriflə dolu növbəti bəyanatına verdiyi şərhində İrəvanın diplomatik yöndən sərsəm açıqlamasını qətiyyətlə rədd etdiyini bildirib. Azərbaycanda ermənifobiya təzahürlərinin müşahidə edildiyindən dəm vuran İrəvanın psevdodiplomatlarına XİN-in cavabı arqumentli və birmənalı olub: “Azərbaycana qarşı nifrət zəminində irqi ədavətin təşviqini davam etdirən, nifrət zəminində hərəkət edən şəxslərin və etnik-milliyyətçi qrupların fəaliyyətini alqışlayan və belə hərəkətlərə görə cəza verməyən, Azərbaycan əsirlərinə qarşı vəhşiliklər, kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanın nifrət zəminində hərəkətlər etdiyi iddiasının heç bir əsası yoxdur”.
Ermənistan XİN-in bəyanatında yer alan Qarabağın erməni sakinlərinin “beynəlxalq hüquqları” kimi cəfəng iddiaya qarşı “Azərbaycan ərazisində Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən hər bir şəxsin hüquq və azadlıqlarının təmin olunmasına zəmanət verildiyi” bildirilən Azərbaycan diplomatiya idarəsinin şərhində həm də rəsmi Bakının bu məsələdə dəyişməz mövqe tutduğu hayların diqqətinə bir daha çatdırılır.
* * *
Əli hər tərəfdən üzülən İrəvanın son vaxtlar yersiz və səbatsız şəkildə beynəlxalq hüququn prinsiplərinə öz arşını ilə yanaşması, tövsif etməsi, bu müstəvidə Bakıya nələrisə “sübut eləməyə” girişməsi adət halını almaqdadır. Bəs, dünyanın canlı seyr etdiyi idman yarışının açılışında Azərbaycan Bayrağı yandırılanda, dumanlı havada təsadüfən sərhədin o üzünə keçən və əsir götürülən əsgərimiz haylar tərəfindən vəhşicəsinə döyüləndə niyə beynəlxalq hüququn insan haqlarına, əsirlərlə davranış qaydalarına aid konvensiyalar yada düşmürdü? Belə məlum olur ki, beynəlxalq hüququn elementar prinsip və qaydalarından, guya, xəbərsiz kimi davranan İrəvan sülhpərvər çağırışlara gözlənilən əməli addımlarla deyil, budəfəki kimi, saxta, təhrifçi mesajlarla reaksiya bildirmək, həm də dünya ictimaiyyətinə dezinformasiya ötürmək yolunu tutub.
Artıq sizin kim olduğunuzu təkcə regionda deyil, aldatmağa çalışdığınız həmin dünyanın hər tərəfində yaxşı bilirlər. İki il beş ay əvvəlki müharibədə biabırcasına uduzduğunu hələ də qəbul edə bilməyən Hayastanın daşnak-revanşist qüvvələrinin təhriki ilə Qarabağ iqtisadi rayonumuzda, şərti sərhəddə hərbi və siyasi təxribatlarını bundan sonra da davam etdirəcəksə, İrəvan iqtidarı indidən öz fatihəsini oxusun. Çünki sərlövhəyə çıxardığımız sual tezliklə dəqiq cavabını almasa, aqibətlərinin proqnozunu haylar özləri verməli olacaqlar. Amma bu dəfə pis yerdə axşamladıqlarını və hənanın da tamamilə başqa cür olduğunu unutmasınlar.
Fərid ŞƏFİYEV,
siyasi şərhçi
Bəli, Azərbaycan Xarici İşlər Nazirliyinin martin əvvəllərində İrəvana təqdim etdiyi yeni sülh paketinə hələlik heç bir cavab verilməyib. Yaxın zamanlarda təkliflərimizə hər hansı reaksiyanın olacağı gözlənilmir. Çox güman ki, rəsmi İrəvan gələn ay Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin nəticələrini gözləyir. Ümumiyyətlə, Paşinyanın yürütdüyü taktika bu məsələləri təxirə salmaqdır. Düzdür, özünün sonuncu açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü, eləcə də Qarabağ üzərində suverenliyini tanıyacağından bəhs edib. Amma bu heç də o demək deyil ki, sabah İrəvan dediyinə əməl edəcək. Dəfələrlə müşahidə etmişik ki, əvvəlcə bir bəyanat verirlər, az sonra ondan geri çəkilirlər. İndiki məqamda da, ola bilsin ki, biz eyni mənzərə ilə rastlaşacağıq.
Ermənistanın əsir götürdüyü bizim iki hərbçimizlə bağlı məsələyə gəldikdə isə, bildiyiniz kimi, onlara qarşı ittiham irəli sürülüb, cinayət işi qaldırılıb. Aydın məsələdir ki, İrəvanın əsgərlərimizin boynuna qondarma cinayət əməlini qoymaqda məqsədi onları Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarla, diversantlarla dəyişdirməkdir. Bu isə beynəlxalq hüquqa, eləcə də BMT-nin müvafiq konvensiyalarının tələbləri ilə bir araya sığmayan hərəkətdir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


