İrəvanın rəğbət ünvanı tez-tez dəyişir

post-img

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan–Rusiya münasibətlərində soyuqluq yarandığı heç kimə sirr deyil. Bu soyuqluq 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra özünü daha aydın hiss etdirməyə başlayıb.

Rusiyanın İrəvandakı səfirliyinin sifarişi ilə bu yaxınlarda Ermənistanda keçirilən ic­timai rəy sorğusunun nəticələri iki ölkənin münasibətlərində problemlərin azalmadığını, əksinə, artan xətt üzrə yüksəldiyini göstərir. Belə bir sorğunun keçirilməsi haqda “Hrapa­rak” qəzeti öz mənbələrinə istinadən məlu­mat yayıb. Qəzet yazır ki, sosioloji sorğunun nəticələri Rusiya Federasiyasına münasibət baxımından, yumşaq desək, biabırçı olub: “Əgər 2018-ci ilin məxməri inqilabından əvvəl Ermənistan vətəndaşlarının 70 faizdən çoxu strateji tərəfdaşa müsbət münasibət bəs­ləyirdisə, hazırda bu rəqəm az qala iki dəfə azalıb və 40 faiz təşkil edir”.

Qeyd edilib ki, bu fakt Kremldə ciddi narahatlığa səbəb olub. Lakin hələlik orada nə edəcəklərini bilmirlər və kəskin tədbirlər görməyə tələsmirlər. Çünki sorğu nəticəsində Ermənistan vətəndaşlarının Qərbə münasi­bəti də məlum olub. Qərbə münasibətdə də kəskin artımın olmadığı qeydə alınıb. Sorğu­nun nəticələrinə görə, bununla yanaşı, Ermə­nistan vətəndaşları arasında İrana etimadın səviyyəsi artıb.

Rəy sorğusu bir sıra mətləbləri üzə çıxarmaq baxımından da maraq doğurur. Məlumdur ki, ruslar ermənilərə hər zaman böyük yaxşılıqlar ediblər. İstər çar Rusiyası, istər RSFSR, istərsə də Rusiya Federasiya­sının etdiyi bu yaxşılıqlar ölçüyəgəlməzdir. Əgər ikinci Rusiya-İran müharibəsindən sonra İrandan 35560, Türkiyədən isə 21666 erməninin bu bölgəyə köçürülməsi, ardınca Azərbaycan torpaqlarında onlara erməni vi­layətinin yaradılması çar Rusiyasının xidmə­tidirsə, Zəngəzurun 1920-ci ildə Ermənistana peşkəş edilməsi Sovet Rusiyasının əməlidir. Müasir Rusiya Federasiyası da Ermənista­na və ermənilərə çox təmənnasız yaxşılıqlar edib. Atalar “iştah diş altındadır” – deyib. İştah o qədər böyüdü ki, haylar 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın on­ların əvəzindən döyüşməsi xülyasına düş­dülər. Bunu Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102 saylı hərbi bazasının, yaxud Moskva ilə birgə təmsil olunduqları Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının etməsini istədilər. Onların Rusiyadan hazırkı narazılığının kökündə də məhz bu dayanır. Haylar hazırda 102 saylı bazanın ölkədən çıxarılması mövzusunda diskussiya aparırlar. Bu gün Ermənistanda daha çox hakimiyyət tərəfindən razılıq, təsdiq almış partiyalar, siyasi ekspertlər, politoloqlar, hərbi mütəxəs­sislər Rusiya əleyhinə öz fikirlərini rahatlıqla söyləyirlər. Ancaq 2018-ci ildən öncə – Sar­kisyan-Koçaryan dövründə biz bunu müşahi­də edə bilməzdik.

Zənnimizcə, Ermənistanda Rusiyaya münasibət yaxın gələcəkdə daha da pisləşə­cək. Atılan müəyyən addımlar, Qərb mode­ratorluğunda Azərbaycanla münasibətlərin normallaşmasına dair cəhdlər və digər hallar, eləcə də üçtərəfli Bəyanatın tələblərinin ye­rinə yetirilməməsi birbaşa olaraq Ermənistan ictimai fikrinə də təsir göstərir. Bu baxımdan gələcəkdə burada Rusiyaya münasibətin kəs­kinləşəcəyi gözləniləndir.

Buna paralel olaraq ermənilərin İrana münasibətinin yaxşılaşması da səbəbsiz de­yil. Əfsuslar olsun ki, yaxın qonşumuz İran son vaxtlar Ermənistanla münasibətləri ge­nişləndirmək yolunu tutub. Ötən ilin oktyab­rında Qafan şəhərində tələm-tələsik İranın baş konsulluğunun açılması da bunun göstə­ricisi sayıla bilər. İran Ermənistanın ərazi bü­tövlüyünün qorunmasını özü üçün “qırmızı xətt” elan edib. Eyni zamanda, İran–Azər­baycan münasibətlərində son vaxtlar müşahi­də olunan gərginlik də emənilərin İranla bağlı etimad indeksinin yüksəlməsinə səbəb olub. Haylar necə deyərlər, “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edirlər. Bu gün İranla Ermənistan arasında çox sıx iq­tisadi-siyasi münasibətlər var, mədəni-huma­nitar əlaqələr inkişaf etdirilir. Tehranla İrəva­nın qardaşlaşması da buna bir nümunədir.

İlyas HÜSEYNOV,
politoloq

– Ermənistanda mütəmadi olaraq, bu tipli sorğular keçirilir. Əsas məsələ sorğu­nun kimlər tərəfindən sifariş olunmasıdır. Adətən, Ermənistanda bu cür sorğuları ABŞ-ın ictimai rəyin öyrənilməsi üzrə “Gallup International” institutu keçirir. Ermənistanın dostları və düşmənləri ilə bağlı mən də müxtəlif təhlillər aparmı­şam. Dövri şəkildə bu cür dəyərləndir­mələr olur. Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra atdığı addımlar, irəli sürdüyü fikirlər daha çox Rusiyaya qarşı demarş xarakteri daşıyır. Eyni zamanda, Qərblə yaxınlaşmanı da nəzərdən keçi­rir. Lakin Vətən müharibəsindən sonra Ermənistan ictimai rəyində Rusiyaya etimad tam aşağı düşüb. Biz bunu sorğu keçirilmədən, erməni respondentlərə sual ünvanlamadan ekspertlərin fikirlərində, sosial şəbəkə seqmentində, teleqram ka­nallarında izləyə bilirik.

Maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda sorğuya cəlb olunanlar həm də Qərbə etimadın yüksəlmədiyini ifadə ediblər. Bu isə onu deməyə əsas verir ki, Rusiya–Ukrayna müharibəsinin gedişa­tı, eləcə də hərbi əməliyyatlar teatrında baş verənlər Ermənistan vətəndaşlarında müəyyən suallar doğurur. Onlar hələlik qəti şəkildə Rusiyadan imtina edib Qərbə doğru meyillənmək kursu götürməyiblər. Bu gün Qərb texnologiyalarının Rusiya­ya ötürülməsində əsas vasitəçi dövlət də elə Ermənistanın özüdür. Bunu bədnam qonşumuzun iqtisadi göstəricilərinə nəzər salanda da görürük. İqtisadi dövriyyə, ti­carət dövriyyəsi ilə bağlı hazırkı mənzərə bunu deməyə əsas verir.

İrana gəldikdə isə qeyd edə bilərəm ki, “Ermənistanın təhlükəsizliyi Tehranın təhlükəsizliyidir” kimi çox açıq bəya­natlar haylar arasında İrana münasibəti müsbətə doğru müəyyən qədər dəyişib. Eyni zamanda, “Shahed” PUA-larının hərbi əməliyyatlar teatrında göstərdiyi performans və Zəngəzur dəhlizi ilə bağ­lı Tehranın qəti mövqeyi daha çox İranla həmsərhəd bölgələrdə ruh yüksəkliyinə gətirib çıxarıb. Odur ki, İranın bu gün atdığı addımlar, Azərbaycanla zaman-za­man düşmənçilik həddinə qalxan ritorika, ilk növbədə, Ermənistanda respondentlə­rin fikirlərinə, ictimai rəyə müsbət təsir göstərən bir məqamdır. Şübhəsiz ki, bu da sorğunun nəticələrində özünü göstərib.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət