Dünən Əqli Mülkiyyət Agentliyinin 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans keçirilib.
Agentliyin İdarə Heyətinin sədri K.İmanov erməni siyasətinin əsas dəst-xəttinin mifologiya olduğunu qeyd edərək bu miflərin hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olduğunu bildirib.
Ümummilli liderin uzaqgörənliyi nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf etdiyini vurğulayan K.İmanov dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin yaradılmasının və bu modeli reallaşdıran publik hüquqi şəxs institutun öz töhfələrini verdiyini söyləyib.
O, bunun institusional islahatın effektivliyinin təsdiqi olduğunu qeyd edərək bildirib ki, məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Milli Məclisin üzvü İsa Həbibbəyli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov və başqaları tədbirin əhəmiyyətini vurğulayıblar, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonra erməni saxtakarlığını ifşa edən “Tarixin izi ilə” silsiləsindən “Keçmişin böyük yalanları: Armeniya və Hayastan” televiziya filmi nümayişi etdirilib.
Tədbirdə Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun “Zəngəzurun tarixi demoqrafiyası”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Sünik (Sisakan) adının etimologiyası və onun Üç Ox oğuzları ilə əlaqəsi” mövzusunda məruzələri dinlənilib.
Konfrans çərçivəsində “Erməni uydurmalarını ifşa edən yazılı mənbələr” adlı kitab sərgisi də təşkil edilib. Sərgidə Agentlik tərəfindən nəşr olunan kitablar nümayiş olunub.
Q.QASIMOV, “Xalq qəzeti”

