BMT-nin baş katibi Antonio Quterreş bu il mayın 1-də Qətərin paytaxtı Dohada müxtəlif ölkələrin Əfqanıstan üzrə xüsusi nümayəndələri ilə görüş keçirəcək. Bu barədə ABŞ-ın Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad özünün “Twitter” səhifəsində yazıb.
Z.Xəlilzad həmçinin Taliban hərəkatının formalaşdırdığı Əfqanıstanın müvəqqəti hökumətinin nümayəndələri ilə birlikdə görüləcək işlərin yol xəritəsinin hazırlanmasına çağırış edib.
Xatırladaq ki, 2021-ci ilin yazında ABŞ öz ordu birləşmələrini Əfqanıstandan çıxarmaq qərarını elan etdikdən sonra radikal Taliban qüvvələri ölkəyə nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb və həmin ilin 15 avqust tarixində döyüşsüz Kabilə daxil olub.
Bundan sonra isə 7 sentyabrda legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətinin tərkibini açıqlayıb.
Bu arada BMT Baş katibin sözçüsü Stefan Dujarrik BMT missiyasının Əfqanıstandan gələn ay çıxarılması ilə bağlı məlumatları təkzib edib və bildirib ki, Əfqanıstan xalqına kömək etmək üçün BMT mümkün olan hər şeyi etmək niyyətindədir.
“Düşünürəm ki, bizim dediklərimiz yanlış qəbul edilib və anlaşılmazlıq baş verib. Biz Əfqanıstanda qalırıq. Biz Əfqanıstan xalqına kömək etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - deyə Dujarrik qeyd edib.
“Xalq qəzeti”

