Ermənipərəst konqresmenlərin saxta ittihamları

post-img

Dünən Vaşinqtonda ABŞ Konqresinin erməni məsələsi üzrə qrupu qondarma erməni genosidinin 108-ci ildönümünə həsr olunan iclas keçirib. Qrupun sədr müavini Adam Şiff Azərbaycan hökumətinin əleyhinə növbəti dəfə böhtan və iftiralar yağdırıb. 

“Armenpress”in verdiyi məlumata görə, A.Şiff ABŞ hökumətini Azərbaycan hakimiy­yətini dəstəkləməkdən imtina etməyə çağırıb. Onun sözlərinə görə, iki il əvvəl Konqresin və Prezident Baydenin erməni soyqırımını tanıması “insan haqları və ədalətin qələbəsi­dir”. 

A.Şiff sonra hazırda erməni xalqının guya əzablar çəkdiyini vurğulayaraq bildi­rib ki, onlar, yəni konqresmenlər ermənilərə (oxu--erməni millətindən olan milyonerlərə --müəllif) vəd verməkdən daha çox iş görmə­li, heç vaxt bu “dəhşətli soyqırımı hadisələ­ri”ni yaddan çıxarmamalıdırlar. Elə etməli­dirlər ki, bu qəbildən olan olaylar tarixdə bir daha təkrar olunmasın. 

Konqresmenin sözlərinə görə, Cənubi Qafqazda ermənilərə qarşı təhdidlər hələ də bitməyib, əksinə guya son aylar ərzində Azər­baycanın Ermənistana və “Artsax”a düşmən­çiliyi özünün ən yüksək səviyyəsinə çatıb. “Emosional” hisslərə qapılan konqresmen sonra deyib ki, o, heç vaxt erməni xalqının ta­leyi üçün indiki qədər narahat olmayıb. Onun fikrincə, Azərbaycan Ermənistana və “Art­sax”a qarşı genişmiqyaslı hücuma keçə bilər.

Erməni sevdalısı olan konqresmen sonra iddia edib ki, guya Azərbaycan hazırda Er­mənistan ilə sərhəddə çox sayda silahlı qüv­vələr toplayıb. “Artsax”ın isə çıxış yolu kimi seçim imkanı yoxdur. Mövcud vəziyyətdə er­məni əhalisi ya ərazidən qaçmalı, ya da orada həyatları üçün təhlükəli şəraitdə qalaraq ya­şamalıdır.

A.Şiff bütün bu hədyanları səsləndir­dikdən sonra ABŞ hökumətini Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etməyə və La­çın yolunu təcili olaraq açmağa çağırıb. Bu məqamda cənab A.Şiffdən soruşmaq lazımdır ki, Ermənistan silahlı qüvvələri qonşu, suve­ren Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlayanda, yerli azərbaycanlı əhaliyə qarşı dəhşətli qətliamlar törədəndə, niyə o, səsini çıxarmırdı? Bəlkə, amerikalı siyasətçi erməni vandallarının Qarabağ əra­zisində törətdiyi, bütün dünyanı dəhşətə gə­tirən vəhşiliklər barədə də eşitməyib? 

Konqresin həmin erməni qrupu üzrə həm­sədri Frenk Pallone isə bildirib ki, onun fik­rincə, Laçın yolunun bağlanması ermənilərə qarşı 1915-ci ildə baş verən “genosid”in da­vamıdır. “Artsax”dakı əhalinin “halına acı­yan” konqresmen onların ərzaq və dərman qıtlığı ilə üzləşdiklərindən “narahatdır”. 

Əlbəttə, bunlar hamısı yalan və iftira­dır. Azərbaycanlı ekofəallar Laçın-Xankən­di yolunda humanitar yüklü avtomobillərin hərəkətinə heç bir maneəçilik törətmir. Onlar tam haqlı olaraq faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı əleyhinə çıxış edirlər və öz məqsədlərinə çatana qədər etiraz səslə­rini ucaldacaqlar. 

Yeri gəlmişkən, Frenk Pallone ölkəmizə qarşı ittihamlarında hətta həmkarı Adam Şiffdən də uzağa gedib. O, iddia edir ki, Azər­baycan Ordusu təkcə “Artsax”a qarşı deyil, yeni ərazilər tutmaq niyyəti ilə Ermənistan ərazisinə də hücumlar təşkil edir. 

Bu da açıq-aşkar böhtandır. Həqiqət budur ki, xalqımızın igid əsgər və zabitləri 2020-ci ilin payızında əks-hücuma keçərək öz doğma torpaqlarını istilaçılardan azad edib. Azərbaycan dövləti və xalqı açıq dö­yüşdə öz ərazi bütövlüyünü bərpa edib. Bu, müstəqil Azərbaycanın müstəsna hüququdur.

Konqresin erməni məsələsi üzrə qru­punun üzvləri ABŞ Dövlət Departamentinə müraciət edərək Laçın yolunun bloklanma­sının “yolverilməz” olduğunu bildiriblər və Birləşmiş Ştatlar hökumətini bu istiqamətdə qətiyyətli addımlar atmağa çağırıblar. 

Qəribədir, Frenk Pallonenin yadına har­dansa ABŞ-ın da üzvü olduğu, bir vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə ya­radılan ATƏT-in “Minsk qrupu” düşüb. Bil­dirib ki, Vaşinqtonla bərabər həmin “Minsk qrupu”nun digər həmsədrləri, yəni Fransa və Rusiya da Azərbaycana qarşı təzyiqləri artır­malıdır. 

Onun sözlərinə görə, kifayət qədər təzyiq göstərilərəsə, guya “Artsax”la Ermənistanı birləşdirən Laçın yolu açıla bilər və bu “er­məni anklavı” son nəticədə Ermənistan tor­pağı kimi tanına bilər. Yox, cənab Pallone! Səhv edirsiniz! “Artsax” adlı qondarma res­publika çoxdan mövcud deyil. Azərbaycan dövləti və xalqı öz əzəli və əbədi torpağının bir qarışını da heç bir ölkəyə güzəştə getmək fikrində deyil. 

Atamoğlan MƏMMƏDLİ,
Bakı Dövlət Universitetinin professoru 

ABŞ Konqresində fəaliyyət göstərən erməni qrupunun üzvlərinin xalqımızın və dövlətimizin ünvanına atdıqları ağır böh­tanlar hamı kimi məni də çox hiddətləndi­rib. Hesab edirəm ki, belə məsuliyyətsiz çıxışlar böyük bir dövlətin bölgədə apar­dığı siyasətə zərbə vurur. 

Bir tarixçi alim kimi, tam məsuliyyət­lə deyə bilərəm ki, tarixdə “erməni soyqı­rımı” adlı hadisələr olmayıb. Ermənilər hələ Birinci Dünya müharibəsi başlayan zaman vətəndaşları olduqları Türkiyəyə xəyanət edilər. 

Belə ki, səfərbərliyin elan olunması ilə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin böyük bir qismi Çar Rusiya­sının, bir qismi isə İngiltərə və Fransanın tərəfinə keçdilər. 

Danılmaz faktlar sübut edir ki, er­mənilər həmin gərgin zamanda Osmanlı dövlətinin siyasi və hərbi durumu barədə casusluq edib, Osmanlı ordusuna səfərbər olanlar isə fərarilik edərək əldə silah rus ordusuna qoşulublar. 

Odur ki, Osmanlı ordusuna qarşı vu­ruşan yeni bir cəbhə - "erməni cəbhəsi" yaranmışdı. Osmanlı hökuməti ermənilə­rin bu xəyanətini görüb onları döyüşlər getdiyi ərazilərdən çıxarıb ölkənin şərqin­dəki ərazilərə köçürməyə qərar verdi. Yol­da ola bilər ki, ermənilər kiçik bir hissəsi təbii səbəb və xəstəliklərdən həlak olub­dur. 

O vaxt Türkiyə ərazisində 600 minə yaxın erməni əhalisi yaşayırdı. Erməni tarixçiləri isə heç bir real fakta əsaslan­madan milyon yarım erməninin öldürül­düyünü iddia edirlər. Əlbəttə, bunlar ağ yalandır!

M. HACIXANLI, “Xalq qəzeti”

Siyasət