Bir yandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülh missiyasını öz ərazisində yerləşdirməyə hazır olduğunu bildirən Hayastanın baş naziri, digər tərəfdən, ABŞ Dövlət Departamentinin baş müşaviri ilə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə edir.
ABŞ – Fransa cütlüyü və Rusiyanın timsalında iki od arasında vurnuxan Ermənistanın baş naziri Nikol Paşinyanın bir gündə neçə stul dəyişməsi sualı daxili gündəmin əsas mövzusuna çevrilib. Söhbət ondan gedir ki, Paşinyan əvvəlcə yerli jurnalistlərlə söhbətində Ermənistanın KTMT-nın sülhməramlı missiyasını öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib. Baş nazir bu zaman açıqlamasını siyasi bəlağətlə süsləməyi də unutmayıb: “Bu işə təkcə Rusiya deyil, Ermənistan da tam hazırdır”.
Moskva ilə özlərinin narahatlıq dairəsini müəyyən etdiklərini xüsusi vurğulayan Paşinyan bu məsələdə əsas istəklərinin KTMT missiyasının “yüksək effektivliyə” mailk olması ilə bağlı olduğunu söyləyib. Amma pozitiv diplomatik bəyanatın ardınca hayların baş naziri haqqında danışılan məsələ ətrafında müzakirələrin davam etdiyini söyləməyi də unutmayıb.
* * *
Oxucuların nəzərinə çatdıraq ki, aprelin 5-də Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə məsələ ilə bağlı maraqlı açıqlama vermişdi: “Kreml KTMT missiyasının Ermənistana daxil olmasının regionda sabitliyə xidmət edəcəyinə inanır və süllməramlıların mümkün yerləşdirmə müddəti birbaşa İrəvandan asılıdır. İndi top Ermənistan tərəfindədir”.
Əgər Zaxarovanın nəzərdə tutduğu top yalnız Ermənistanın siyasi meydançasında olsaydı, problemdən danışmağa lüzum qalmazdı. Amma, təəssüf ki, heç cür sərbəst oyunçu olmağı bacarmayan baş nazir Nikol Paşinyan son iki ildə artıq neçənci dəfədir özünü eyni vaxtda iki stulda əyləşmək zərurəti ilə iz-üzə qoyur. Axı Qərbin böyük gücləri də ehtiyat skamyada gözləmək fikrində deyillər və onlar Paşinyanın altına öz stullarını sürüşdürmək cəhdlərindən əl çəkənə oxşamırlar.
Hayastan baş nazirinin KTMT missiyası barədə Moskvaya “şad xəbəri” çatdırandan bir neçə saat sonra İrəvanda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono ilə görüşməsi ikinci stul versiyasının nə qədər real olduğunu bir daha təsdiqləyir. Bəs, görəsən, Paşinyan cənab Bono ilə görüşündə nədən danışıb? Erməni mediasının yazdığına görə, bu görüşdə müzakirə edilən əsas mövzu Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması, regional nəqliyyat infrastrukturunun bloksızlaşdırılması kimi məsələlər olub.
Moskvaya ötürdüyü ismarıcla nümayiş etdirdiyi mövqeyə daban-dabana zidd platformada müzakirələr aparan Paşinyan Kremllə müharibə vəziyyətində olan ABŞ Administrasiyasının regionda sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində səylərinin vacibliyini vurğulamağı da unutmayıb. Üstəlik, yüksək çinli qonağa mövcud problemlərin nizamlanmasına dair erməni tərəfinin yanaşma variantlarını da təqdim edib. Yəni, erməni bicliyi Nikola ikinci stulu əldən buraxmasına imkan vermir.
Onu yeri görünməyən üçüncü stula isə özününkülər - daşnaklar, lobbiçilər əyləşdirməyə çalışırlar. Hayların öz tarixindən məlumdur ki, üçüncü stulun yiyələri hər dəfə çıxılmaz vəziyyətə düşəndə ipə-sapa yatmayan etnik hədəflərini diplomatik dillə deyil, bir qayda olaraq, terrorun, sui-qəsdlərin vasitəsilə “başa salmağa” üstünlük veriblər. Son vaxtlar erməni cəmiyyətinin siyasi gündəmində dartışılan bu arzuolunmaz ehtimal - versiyanın özünü doğrultmasını qətiyyən arzulamırıq.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

