Sudanda keçən həftənin sonlarında başlamış hərbi qarşıdurma hələ də davam etməkdədir. Ölkənin silahlı qüvvələri ilə xüsusi təyinatlı hissə arasında gedən silahlı toqquşmalar ağır nəticələrə gətirib çıxarmaqdadır. Hadisənin ilk günlərində silahlı qüvvələrin komandanlığı xüsusi təyinatlılara qarşı son əməliyyata başladığını, ikinci cəbhədəki döyüşçülərin təslim olaraq əsir düşdüyü barədə məlumat yaysa da, sonradan xəbərlər təsdiqini tapmadı.
Dünən yayılmış məlumatlarda da Silahlı Qüvvələrin komandanı Əbdül Fəttah əl-Burhan xüsusi təyinatlıların silahı yerə qoyaraq təslim olduğu bildirilirdi. Amma xüsusi təyinatlı qüvvələrin lideri Məhəmməd Həmdan Daqalo əzmlə müqavimət göstərdiklərini bəyan edir.
Qeyd edək ki, bu iki qüvvə arasında mübarizə hakimiyyət davasıdır. Bu isə ölkədə islahatların həyata keçirilməsinə, hakimiyyətin hərbçilərdən mülki qüvvələrə verilməsinə mane olur.
Məsələ bundadır ki, bu iki hərbçi 2021-ci ildə əlbir olaraq ölkədə hərbi çevriliş həyata keçirib. Bundan sonra yaradılmış Suveren Keçid Şurasına əl-Burhan rəhbərlik edib. Xüsusi təyinatlıların komandiri Daqalo isə onun müavini olub. Bu yaxınlarda hazırlanmış yeni islahatlar xüsusi təyinatlıların Silahlı Qüvvələrin tərkibinə qatılmasını nəzərdə tutur. Daqalo bunu orduda təsirinin zəifləməsi hesab edir. Eyni zamanda, iki hərbi lider ölkədə prezident seçkilərindən sonra ordunun baş komandanının mülki dövlət başçısı, yoxsa peşəkar hərbçi olması ətrafında razılığa gələ bilməyib.
Ölkə əhalisi isə hər iki hərbçini cinayətkar hesab edir, onları 2019-cu ildə sabiq prezident Ömər əl-Bəşirə qarşı qiyam qaldırmaqda günahlandırır. Ona görə də islahatlardan sonra hər iki hərbçi məsuliyyətə cəlb edilməkdən qorxur. Bə beləcə, silahlar işə düşüb.
Hər iki rəqib həm də ölkənin zəngin təbii ehtiyatlarına sahib olmaq istəyir. Bu məsələdə ölkədə marağı olan xarici qüvvələr də var. Sudan Qana və Cənubi Afrika Respublikasından sonra üçüncü qızıl istehsalçısıdır. Ölkədə zəngin qızıl ehtiyatları mövcuddur. Bunun işlənməsində bir çox ölkələr, o cümlədən, Rusiya maraqlıdır.
2017-ci ildə sabiq prezident əl-Bəşir RF lideri Vladimir Putinlə görüşündə demişdi: “Sudan Rusiyanın Afrikadakı açarı ola bilər”. Bir il sonra ABŞ Maliyyə Nazirliyinin fikrincə, rusiyalı Yevgeni Priqojinə məxsus “M-İnvest” şirkəti Sudan mədənlərində işə başlayıb və bu fəaliyyət indi də davam edir.
Başqa ölkələrin də Sudanda maraqları var. Misir də bu sıradadır və əsasən əl-Burhanın dəmir əlinə güvənir. Daqalonun isə Eritreya və Həbəşistanla, eləcə də qızıl yataqlarının işlənməsi sayəsində Moskva ilə sıx əlaqələri mövcuddur.
Beləliklə, hazırda əl-Burhan və Daqalo üçün əsas məsələ hakimiyyətdə qalmaq və təsir rıçaqlarına malik olmaqdır. Ona görə də döyüşlər davam etdirilir. Amma sudanlılar hələ 2018-ci ildəki kütləvi aksiyalar zamanı demokratiyaya tərəfdar olduqlarını və hərbi idarəçiliyi istəmədiklərini bildiriblər. Bütün bunlarla belə, Qərb siyasi analitikləri Sudanda vətəndaş müharibəsini istisna edirlər. Onların fikrincə, vətəndaş cəmiyyəti bu iki qüvvə arasında səssiz qalsa da, əvvəlki kimi, demokratiya uğrunda mübarizəni davam etdirir və islahatların həyata keçməsinə çalışır.
Son məlumatlara görə, dünən də iki qüvvə arasında döyüşlər davam edib. “Euronews”in məlumatına görə, artıq Sudanın minlərlə dinc sakini və hərbçisi döyüş zonalarını tərk edərək qonşu Çada pənah gətirib. Çad Prezidentinin Hərbi Qərargahının rəisi Bişar İssa Cadalla bildirib ki, “artıq 320 hərbçi və çoxlu mülki şəxs bizim ərazidədir, onları qəbul edirik və lazımınca yerləşdirməyə çalışırıq”.
Bəzi ölkələr, o cümlədən, Almaniya, Niderland və Yaponiya vətəndaşlarını bu ölkədən çıxarmağı planlaşdırır. Dünən BMT, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və başqa təşkilatlar Sudandakı vəziyyəti müzakirə ediblər. BMT-nin İnsan haqları üzrə ali komissarı Folker Türk dərhal hərbi əməliyyatları dayandırmağa şağırıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağır döyüşlər nəticəsində artıq 300 nəfərdən çox insan həlak olub, 3000-dən çoxu yaralanıb. Ancaq ölənlərin sayı hər keçən gün artır, çünki küçələrdəki meyitləri atəşlər altından yığmaq çətin olur.
Bundan əlavə, döyüşlər səbəbindən azı 39 xəstəxana fəaliyyətini dayandırıb. Bu məlumatı isə Sudanın həkimlər komitəsi yayıb. “Toqquşmalar səbəbindən ölkənin paytaxtında və hərbi əməliyyatların getdiyi rayonlarda fəaliyyət göstərən 59 əsas xəstəxanadan 39-u işini dayandırıb”, - deyə məlumatda bildirilir.
Doqquz xəstəxana isə atəşə tutulub, 16 tibb müəssisəsi təxliyə olunub. İşini davam etdirən 20 xəstəxanada yalnız ilk tibbi yardım göstərilir. Həkimlərin sözlərinə görə, həmin xəstəxanalar da tibbi personalın, dərman preparatlarının, su və elektrik enerjisinin çatışmazlığı səbəbindən bağlanma təhlükəsi ilə üz-üzədir.
Tural İSMAYILOV,
politoloq
Sudan Afrikanın ictimai-siyasi sabitlikdən ən uzaq ölkələrindən biridir. Dəfələrlə bu ölkənin daxilində müxtəlif qalmaqallar, qarışıqlıqlar törənib. Siyasi və hərbi qarşıdurmalar zaman-zamman Sudanın daxilində vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Amma bu günə qədər ölkədə gərginliyin azaldılması üçün hökumət tərəfindən heç bir iş görülməyib.
Eyni zamanda, ölkənin təbii sərvətləri və xarici istismarçıların marağına səbəb olan faydalı qazıntı yataqları mövcuddur. Bütün bunlar xarici güc faktorlarının Sudanda vəziyyəti qarışdırmasını şərtləndirir. Ölkədəki qeyri-sabitlikdən, hərbi qarşıdurmalardan istifadə edən beynəlxalq güclər ölkə daxilində agentura bazalarını yaratmağa ciddi cəhdlər edirlər.
Sudanda daha əvvəllər də bu tip toqquşmalar olub. Budəfəki hadisə Sudan ordusu daxilindəki fikir ixtilaflarının nəticəsində törəyən hadisədir. Ölkədə ordunun ən önəmli hissəsini xüsusi təyinatlı qüvvələr təşkil edir. İndi xüsusi təyinatlı qüvvələr təkcə mərkəzi hərbi komandanlığa qarşı etiraz etmir. Əslində, proseslər xüsusi təyinatlıların rəhbərliyi ilə Sudan ordusunun Baş Qərargahı arasında narazılıq fonunda özünü göstərsə də, daha sonra xüsusi təyinatlı qüvvələr birbaşa mərkəzi siyasi hakimiyyəti devirməyə iddialı oldu. Nəticədə çoxlu ölən və yaralanlar var. Amma görünən budur ki, xüsusi təyinatlılar vəziyyətin daha da gərginləşməsinə çalışır.
Hesab edirəm ki, onlar Sudan Silahlı Qüvvələri üzərində qələbələr qazandıqca siyasi hakimiyyətə iddiaları daha da böyüyəcək və Sudan daxilində vətəndaş müharibəsinin qanlı nəticələrə gətirib çıxarmasına səbəb olacaq.
Vəziyyətin düzəlməsi üçün BMT də daxil olmaqla, beynəlxalq sülhyaratma qüvvələri müdaxilə etməlidir. Əks təqdirdə biz yenə də Afrikada növbəti ağır bir fəlakətə şahidlik etməli olacağıq.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”


